İçməli su və kanalizasiya xidmətlərinin qiyməti artdı (yenilənib)

“Hətta çox insafsız şəkildə minimum istehlak normaları tətbiq olunan mimimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub istehlakı nəzərdə tutulur”

Foto: arxv


17.52

.

"Gözlənildiyi kimi suyun qiyməti artırıldı. Artım bu dəfə 100% oldu, yəni suyun qiyməti 2 dəfə bahalaşdı. Bundan sonra suyun hər kubmetri üçün kanalizasiya ilə birlikdə “Azərsu”ya 1 manat ödəyəcəyik. Ailə üzvlərinin sayı 5 nəfər olan, ancaq sayğacı olmayan abunəçilər isə ayda hökumətə 25 manat ödəməli olacaqlar. Şübhəsiz ki, yanacağın ardınca içməli suyun bahalaşması əhalinin xərclərini daha da artıracaq. Onların onsuz da son aylar azalmış gəlirləri isə real inflyasiyanın (hökumətin elan etdiyi yox) yeminə çevriləcək. Proses zəncirvari olduğundan qiymət artımı təkcə gündəlik istehlak mallarını yox, həmçinin qiymətləri dövlət tərəfindən tənzimlənən digər mal və xidmətlərin bahalaşmasını da şərtləndirəcək. Bu artımın ardınca elektrik enerjisinin, qazın qiymətinin bahalaşması artıq zaman məsələsidir", – bunu isə iqtisadçı Samir Əliyev yazıb.


O bildirib ki, Tarif Şurasının əsaslandırması qüsurludur: "Tarif Şurasına gəldikdə yanacaqda olduğu kimi bu dəfə də əsaslandırma qüsurludur. Məsələn, Şura qeyd edir ki, artımın səbəblərindən biri də elektrik enerjisi xərclərinin artmasıdır. Məlumat üçün deyim ki, “Azərsu” ASC-nin son qiymət artımından sonra elektrik enerjisi xərcləri 40% artıb. Bu müddətdə Səhmdar Cəmiyyət üzrə əmək haqqı fondunun artımı 30% olub. Belə olan halda suyun qiyməti niyə 100% artırılır? Deməli, səbəb bu deyil. Əsl səbəb isə bu cümlədə əksini tapıb: “Tarif dəyişikliyi nəticəsində “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığı azalacaq…” Bu vaxtadək tənzimlənən qiymətlərin artırılması dövlət büdcəsindən asılılığın azaldılması ilə izah edilib. Ancaq bunu hələ də görmürük. Büdcədən milyardlarla vəsait kommunal sektora yönəldilir, asılılıq isə bitmir. Ona görə bitmir ki, kommunal xidmət göstərən şirkətlər şəffaf işləmir, ictimaiyyət üçün qapalıdır, idarəetmə səmərəsizdir. Qiymətin 2 dəfə artırılması da asılılığı azaltmayacaq. Yenə də 2-3 ildən sonra bugünkü əsaslandırmanı göstərməklə qiymət artımına gedəcəklər".


İqtisadçı deyir ki, Şuranın sonuncu əsaslandırması abonentlərin sayı 200 mindən çox artması, “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlməsi ilə bağlıdır: "Əvvəla, əhatə dairəsinin artımı birmənalı olaraq dövlət vəsaitləri hesabına baş verib. “Azərsu” abunə pulu ilə infrastruktur yaratmayıb. Digər tərəfdən abunəçilərin sayının artması “miqyas effekti” yaradır. Yəni abunəçi sayı artdıqca suyun maya dəyəri də azalır. Nəzərə alaq ki, “Azərsu” kəndlərə, xüsusən də ucqar kəndlərə xidmət göstərmir, ancaq rayon mərkəzlərini su ilə təmin edir. Sonda bir məsələni qeyd etmək istəyirəm. Kommunal xidmətlərdə bu vaxta qədər baş vermiş artımlar 2015-ci ildə baş vermiş devalvasiyanın fəsadlarıdır və proses başa çatmayıb. Əgər növbəti devalvasiya baş verərsə, kommunal xidmətləri bahalaşması yenidən baş verəcək".

***


İqtisadçı: “Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir”

Tarif (qiymət) Şurası yanvarın 31-də keçirilən iclasında içməli suyun və kanalizasiya xidmətlərinin qiymətini artırıb.

Qərar fevralın 1-dən qüvvəyə minir.

Tarif Şurası “Azərsu” ASC-nin təklifi əsasında

qərar

qəbul etdiyini bildirib:

““Azərsu” ASC Şuraya müraciətində bildirir ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artıb, həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır. Bu xərclərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır”.

Tarif Şurası bildirib ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

“Su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə sonuncu qiymət tənzimlənməsi 2016-cı ilin mayında aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb, “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlib”,-deyə Tarif Şurası qeyd edib.

Eyni zamanda, şura dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin yeni qiymətini də təsdiq edib.

İqtisadçı Rövşən Ağayev Tarif Şurasının bugünkü qərarını “Facebook” səhifəsində belə şərh edib:

rovsen.jpg
Rövşən Ağayev

“Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir. Müstəqil araşdırmaları qoyuram kənara, özünüzün az-çox qalmış peşəkar məmurlarınızdan soruşun ki, niyə bu ölkədə az qala 5 ildir ailə büdcələrinin qənaəti mənfi zolağa keçib. Bu göstəricinin hansı real vəziyyətin nəticəsi olduğunu onlar sizə deyəcək. Hökumətin suyun qiymətini 2 dəfə artırdı. Əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manat hesablayın. Çünki hökumət mənzildə nə qədər su istehlak eləsəniz, onu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır – bütün istehlakı içməli su və kanlizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır. Məsələn, sizin ailə ayda 10 kub su işlədib, onun 1 kubu şəxsi istehlaka, mənzilinizdəki güllərinizi suvarmağa getsə də, həmin 1 kuba da kanalizasiya xidmətinin tarifi əsasında hesablanacaq”.

Rövşən Ağayev bildirib ki, Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir:

“Hətta çox insafsız şəkildə minimum istehlak normaları tətbiq olunan mimimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub istehlakı nəzərdə tutulur. 4 nəfərlik ailə üçün minimum 30 kub işlənir – hətta israfçılıq olmadan belə. Bu, 30 manat edəcək. Kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində olmasa idi, adi bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsə idi, şəffaflıq hesabatlılıq və qiymət əmələgəlmə sistemi olsa idi, xidmətlər keyfiyyətli olsa idi, qiymətlərin hətta bahalığı belə insanları indiki qədər narazı qalmazdı”

Ana səhifəSosialİçməli su və kanalizasiya xidmətlərinin qiyməti artdı (yenilənib)