İcmal: Dağlıq Qarabağ eskalasiyası dünya üçün riskdir

Moskva səssizliyini sürdürərkən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bir daha Türkiyənin Dağlıq Qarabağdakı erməni işğalına son qoyma səylərini dəstəkləyəcəyini qeyd edib.

Source: “File:Agdam-nagorno-karabakh-3.jpg” by Joaoleitao is licensed with CC BY-SA 3.0. To view a copy of this license, visit https://creativecommons.org/licenses/by-sa/3.0


“Fransa son bir neçə saatdır Türkiyənin təşviqedici şərhlərindən narahatdır”

Cənubi Qafqazda Dağlıq Qarabağ uğrunda gedən savaş beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub. Dünya mediası bunu əsas iki amillə, dünya bazarlarına neft və qaz daşıyan boru kəmərləri dəhlizində sabitliyin pozulması və regional güclər olan Rusiya və Türkiyənin müharibəyə cəlb olunma ehtimalı ilə əlaqələndirir.

“Avropa İttifaqına qaz ötürməsinə həftələr qalmış Azərbaycanın qonşusu Ermənistanla illərdir davam edən münaqişəsi yenidən alovlanır. Bu münaqişə nəzəri olaraq Xəzər dənizi bölgəsinin ikinci ən böyük xam enerji istehsalçısı Azərbaycandan gələn neft və qaz axınlarını pozmaq potensialına malikdir”,- “Bloomberg” bazar ertəsi yayınlanmış məqaləsində qeyd edib.

Məqalədə vurğulanır ki, indiyə qədər neft və qaz bazarlarını hələ də Qarabağ qarşıdurması sarsıtmayıb. Səbəb olaraq qlobal enerji tələbatının COVİD-19 pandemiyası ilə kəskin şəkildə azalması göstərilir.

“Ən pis ssenari, boru kəmərinin bombalanması və bunun ardınca baş verən ekoloji fəlakət ortaya çıxana qədər dünya istehsalçıları ehtiyat gücünə sahibdirlər. İstənilən halda maddi kəsilmə (qaz kəmərinə birbaşa zərbə) ehtimal ki, enerji qiymətlərini artıracaqdır”, – “Bloomberg” Qarabağ müharibəsinin qlobal enerji tədarükünə təsirini təsvir edərkən qeyd edir.

Azərbaycan xam neftinin böyük əksəriyyətini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Aralıq dənizi sahilindəki ixrac terminalına nəql edir. Ehtiyatın digər qismi Gürcüstanın Supsa Qara dəniz limanına göndərilir. Təbii qaz ixracatı Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə axır və bu ilin sonunda Avropa bazarlarına çatmalıdır. Hər üç kəmər də paralel olaraq Azərbaycandan keçir və Xəzərin şərq sahilindəki Qazaxıstan və Türkmənistandan kiçik həcmli xam neft ehtiyatı da Avropaya BTC boru kəməri ilə nəql olunur.

Azərbaycan həm də ixrac boru kəməri ilə qaz nəql edir. 2019-cu ildə ölkə Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə 9,2 milyard kubmetr qaz göndərib. Bu xətt ABŞ-ın dəstəklədiyi Cənubi Qaz Dəhlizinin bir hissəsidir.

“Boru kəmərlərinin sərhədə yaxınlığı onları potensial risk altında qoysa da, Ermənistan 30 ilə yaxındır ki, iki ölkə arasındakı qarşıdurmalarda xətlərə hücum etməyib”,- “Bloomberg” vurğulayır və əlavə edir ki, Ermənistanın bu addımı atmamasının əsas səbəbi kəmərlərə çatımlılığın aşağı olmasıdır.

“Boru kəmərləri yerdən iki metrə qədər dərində yerləşdirilib və bu, hədəfləri asanlaşdırmır”,- “Bloomberg” qeyd edir və əlavə edir ki, Ermənistan pozuntu nəticəsində ətraf mühitə dəyən ziyana görə məsuliyyət daşıyacağından xəbərdardır.

Görünən odur ki, Azərbaycanın xam neftini göndərmək üçün alternativləri az, qaz nəqlinə görə isə alternativləri ümumiyyətlə yoxdur. Dünya neft bazarı xam neftin qiymətinin dəyişmədiyi və aşağı olduğu halda Azərbaycan neftinin ixracatında baş verə biləcək hər hansı bir pozuntudan narahat deyil.

Digər bir amil isə NATO müttəfiqi Türkiyənin Soyuq Müharibə tərəfinin davamçısı Rusiya ilə Cənubi Qafqazda üz-üzə gəlməsi və bu səbəbdən Qərb ölkələrinin Avropa sərhədlərindən kənarda baş vermiş münaqişə səbəbindən söz savaşına girməsidir.

Artıq iki gündür Ermənistan onun döyüş təyyarələrinin Türkiyəyə aid jetlərlə vurulduğunu bəyan edir və dünya ictimaiyyətini Türkiyənin bölgəyə qarışmasının qarşısını almağa çağırır. “Türkiyə və Azərbaycan bu iddianı təkzib edib, əks halda bölgədə yeni eskalasiyaya yol açıla bilər”,- “Reuters” bildirib.

“Bölgədə Türkiyənin cəlb olunması müzakirə edilərkən Azərbaycan və Ermənistan liderləri çərşənbə axşamı Rusiya mediasına müsahibəsində Rusiya ilə birgə danışıqlardan imtinda ediblər”, – “Moscow Times” deyir.

“Hərbi əməliyyatların getdiyi bir vaxtda Ermənistan, Azərbaycan və Rusiya arasında keçiriləcək zirvə görüşündən danışmaq o qədər də uyğun deyil”, – Pashinyan RTR-lə müsahibəsində qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev də çərşənbə axşamı danışıqları rədd edib.

“Erməni Baş nazir açıq şəkildə Qarabağın Ermənistan olduğunu elan edir. Bu vəziyyətdə hansı danışıqlar prosesindən danışmaq olar?” – Əliyev Rusiya televiziyasında müsahibə zamanı bildirib.

Moskva səssizliyini sürdürərkən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bir daha Türkiyənin Dağlıq Qarabağdakı erməni işğalına son qoyma səylərini dəstəkləyəcəyini qeyd edib.

“Dedik ki, əgər Azərbaycan erməni işğalı problemini sahədə həll etmək istəyirsə, biz Azərbaycanın yanında olacağıq”, – Çavuşoğlu “Anadolu” Agentliyinə verdiyi müsahibəsində deyib. O, Azərbaycanın işğal altında torpaqları özü azad etmək qabiliyyətinə sahib olduğunu deyib və bununla Ankaranın birbaşa Qarabağ savaşında iştirakını bir daha təkzib edib.

Buna baxmayaraq, Fransa Prezidenti Emmanuel Makron səfər etdiyi Latviyada çıxışı zamanı Qarabağ münaqişəsinə toxunaraq Türkiyəni “düşüncəsizlik”də qınayıb və qeyd edib ki, Ankaranın addımları Azərbaycanı davam etməkdə olan münaqişədə cəsarətləndirir, – “France24” bildirib.

“Fransa son bir neçə saatdır Türkiyənin təşviqedici şərhlərindən narahatdır. Bu, Azərbaycanın önlənməsinə maneədir və Qarabağın yenidən fəthinə səbəb ola bilər. Biz bunu qəbul etməyəcəyik”,- Makron deyib.

“Fransanın Minsk Qrupunun üzvü olaraq canfəşanlığına baxmayaraq, Avropa Birliyinin bölgədə heç vaxt rolu olmayıb”, – Tomas de Vaal “Politico”ya yazdığı məqaləsində qeyd edib.

O, diqqəti daha çox ABŞ-a və onun alovlanmış münaqişəyə biganə qalmasına çəkir.

“Bazar günü qarşıdurma başladıqdan sonra Vaşinqton açıqlama verən son beynəlxalq aktyor oldu. Bu, şübhəsiz ki, Bakıda heç vaxt tamamlanmamış “Trump Tower”-ın sponsoru olan Prezident Donald Trampın Ermənistana və Azərbaycana yalnız işgüzar baxış ilə baxmasının bir əlamətidir”,- de Vaal vurğulayıb.

“Buna baxmayaraq, adının belə tələffüzü çətin olan Qafqaz dağlarındakı bu uzaq münaqişə ən sonda avropalıları və amerikalıları onunla ciddi məşğul olmağa təşviq edəcək”, – de Vaal deyir.

“Əks halda Türkiyənin iştirakı, İranın yaxınlığı, Rusiyanın müəmmalı rolu, iri neft və qaz boru kəmərlərinin keçdiyi bu bölgə yenidən alovlanmasıyla sürətlə beynəlxalq baş ağrısına çevrilə bilər”.

Ana səhifəSiyasətİcmal: Dağlıq Qarabağ eskalasiyası dünya üçün riskdir