“Əli və Nino” filminin çəkilişinə görə avtomobillərin qalaya daxil olması yasaqlanıb
“Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçərişəhərdə avtomobillərin hərəkəti martın 2-dən 14-dək müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Məlumata görə, martın 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.
Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəlindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.
Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatlığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.
Martın 1-dən başlayaraq İçərişəhərdə “Əli və Nino” filminin çəkilişləri başlayıb.