Azərbaycanda 20 ilə yaxındır tətbiq edilməsi gözlənən icbari tibbi sığorta bu il yanvarın 1-dən işə düşməli idi.
Noyabrın 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Milli Məclisə sığortanın mərhələli şəkildə tətbiqi ilə bağlı təklif verdi.
Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq. Proses yanvar-mart aylarını əhatə edəcək. Bura Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstərilməlidir.
İkinci mərhələdə – aprel-iyun aylarında 17 yer – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulmalıdır.
İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda – Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında icbari tibbi sığorta tətbiq olunmalıdır.
Dördüncü mərhələdə – oktyabr-dekabr aylarında – Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə etməyə başlamalıdır.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, icbari tibbi sığortaya görə ödənişlər də 4 kateqoriyaya bölünür. Dövlət və neft sektorunda işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz tutulacaq. 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
“Məsələn, dövlət və neft sektorunda işləyən 500 manat əmək haqqı alırsa, icbari tibbi sığortaya görə 20 manat ödəyəcək. Onun 10 manatı işçinin maaşından, 10 manatı isə işəgötürənin hesabından çıxılacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz tutulacaq. 8000 manatdan yuxarı olan hissəsindən isə 0.5 faiz tutulması müəyyən edilib. Qeyri-dövlət və qeyri-neft sektorunda işləyən 500 manat əmək haqqı alırsa, icbari tibbi sığortaya görə 10 manat ödəyəcək. Bunun da 5 manatı işçinin maaşından, 5 manatı isə işəgötürənin hesabından çıxılacaq”.
Üçüncü yerdə Sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxslər gəlir. İqtisadçı deyir ki, onların mövcud qanunvericiliyə əsasən, icbari tibbi sığorta ayırmalarının məbləği minimum aylıq əməkhaqqının 4 faizini təşkil edir. Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manat olduğuna görə sığorta ayırmalarının aylıq məbləği 10 manat olacaq:
“Mülki hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslərin tibbi sığorta fonduna aylıq ödənişi onların imzaladığı mülki hüquqi müqavilələr əsasında gördüyü işlər (xidmətlər) dövriyyəsinin 2 faizinə bərabər olacaq. Belə ki, müqavilə dəyəri 1000 manat olduğu halda, aylıq ödəniş 20 manat, 1500 manat olduğu halda 30 manat olacaq”.
Azərbaycanda “İcbari tibbi sığorta haqqında” Qanun 20 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.
Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. İlham Əliyev bir də bundan 9 il sonra – 2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.
2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir. Həmin ilin sonlarında, 2018-ci ilin büdcəsi müzakirə edilərkən vurğulanmışdı ki, bütün ölkədə 2019-cu ildə icbari sığorta sisteminə keçiləcəyi gözlənir. Prezident İlham Əliyev isə bu ilin əvvəlində 2020-ci ildən icbari tibbi sığortanın tətbiq ediləcəyinin anonsunu vermişdi.