Şirkət əməkdaşı: “Mən ona deməmişəm ki, gözünü yum, bura qol çək”
“Əvvəlcə mənə sənəd imzaladıb, icarəyə maşın verdilər. İlkin olaraq da min manat pulumu aldılar. Üzərindən altı gün keçəndən sonra GPS nəzarəti sistemini söndürdülər, sonra da gəlib, avtomobili əlimdən aldılar. Min manatımı da qaytarmadılar”.
Bunu Meydan TV-yə şikayətçi Pünhan İsmayılov deyir.
Vətəndaşın dediyinə görə, aprelin əvvəllərində Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən “Rent a car” avtosalonundan “Chevrolet Cruze” avtomobilini 36 aylıq icarəyə götürüb.
Bildirir ki, avtomobilin nəğd satış qiyməti 12 min manat olub. 36 aya icarəyə götürdüyü avtomobilin yekun qiyməti 29 min manat olacaqmış:
“Şirkətə gündəlik 25 manat, həftəlik isə 175 manat ödəməli idim. Üzərindən altı gün keçəndən sonra avtomobili məndən geri aldılar. Onlardan ilkin depozit olaraq ödədiyim min manatı tələb edəndə isə vermədilər. Həmin puldan mənə əlli manat qaytardılar”.
Pünhan İsmayılovun iddasına görə, ofis əməkdaşı ilə aralarında bağlanan müqavilənin sürəti ona təqdim edilməyib.
“Avtomobili məndın alanda, dedim ki, 300 manatını istəmirəm, 700 manatımı qaytarın. Onlar mənə cavabında dedilər ki, xeyr, bu, mümkün deyil. Get, hara şikayət edirsən, et. Bu işə hətta polis də baxmayacaq. Orada başqa adamlar da vardı ki, başlarına bu hadisə gəlmişdi. Tam qanunsuz olaraq fəaliyyət göstərirlər. Boş sənəd var ki, onu imzaladırlar. Deyirlər ki, uzun məsələdir, bunu sonra dolduracağıq”.
Meydan TV əməkdaşı haqqında şikayət edilən avtomobil icarəsi şirkətinə zəng edib.
Ofisin əməkdaşı özünü təqdim etməkdən imtia etsə də, sualları cavablandırıb.
Əməkdaş bildirib ki, Pünhan İsmayılovun götürdüyü avtomobilin ilkin ödənişi 1000 deyil, 2500 manat olub:
“Vətəndaş da bizə bildirdi ki, üzərində yalnız min manat var, 1500 manat əskikdir. Biz ona razılıq vermişik, demişik ki, ilkin ödənişi on gün ərzində tamamlasın. Özü də bizə bildirib ki, əgər on gün ərzində tamamlaya bilməsəm, maşını geri qaytaracağam. Heç kim onun əlindən məcburi maşın almayıb. On günün tamamında ona xəbərdarlıq olunub ki, gəl, ödənişi et, ya da maşını qaytar”.
Əməkdaş əlavə edib ki, imzalanan müqavilədə vətəndaşa maşını doqquz aydan tez qaytardığı təqdirdə ödənilən pulların geri qaytarılmamasına dair qeyd də var:
“O, da maşını on gün ərzində qaytarıb. Sürdüyü on gün ərzində də gündəlik ödəniş etməyib. On gün ərzində maşının “peredok” sistemində də nasazlıq olub. Üstəlik, gündəlikləri hesablayanda verdiyi min manatla başabaş çıxıb. Yerdə 50 manat qalıb, onu da özünə qaytarmışıq”.
“Vətəndaşın bizimlə bağladığı müqavilədə öz əlyazma ərizəsi də var. O, müqavilə ilə tanış edilib, sonda da qol çəkib. Mən ona deməmişəm ki, gözünü yum, bura qol çək. Müqaviləni təqdim edib, demişəm ki, tanış ol, sonra qol çək. Şərtləri mən ona şifahi deyəndən sonra, başıma belə bir hadisə gəlməsin deyə, şifahi dediyim əlyazma şəklində də yazdırmışam”.
Şirkət əməkdaşından iddiaçı ilə aralarında bağlanan müqaviləni Meydan TV-yə göstərilməsini xahiş etdikdə, işçi “buna ixtiyarım yoxdur”, – deyib.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Meydan TV-yə deyir ki, burada əsas müqavilədir:
“Razılaşma icarə müqaviləsi əsasında olubsa, problem də müqavilə çərçivəsində həll olunmalıdır. Müqavilədə nə əks olunubsa, əsas odur. Arada müqavilə yoxdursa, məsələnin tənzimlənməsi çox problemlidir. Vətəndaş düşünürsə ki, onu aldadıblar. Bununla bağlı məhkəmədə iddia qaldıra bilər”.