İbrahim Rəisi kimdir?

Ona görə də aşağıdan yuxarı təcrübəli olan yeni rəhbər hansı “dəzgah”dan necə istifadə etməyi yaxşı bilir.

Foto:: Meydan TV


İranın yeni prezidenti daha çox daxili sıxacaq

İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin bioqrafiyası artıq sosial medianın Azərbaycan seqmentində də dolaşmaqdadır. Güney Azərbaycandan olan siyasi faəl mühacirlərdən tutmuş, İran rejiminin siyasi mahiyyətinə etiraz edib Qərbə yol alan fars mültəcilərə kimi hər kəs bu siyasi xadimin qəddar keçmişini əzbər danışır. Açığını deyim ki, İran siyasi həyatını az-çox izləyən biri kimi yeni seçilmiş rəhbərin “bayrağın ucuna” qaldırılmasının səbəbi mənə aydındır. Amma bu aydınlıq hamı üçün yetərlidirmi? Sözsüz ki, yox. Güman edirəm ki, İbrahim Rəisi dönəmi yenidən İran-BMT, İran-Türkiyə, İran-AB münasibətlərində gərginlik yaradacaq. Təkcə Çinlə xoş keçinmək İranın yeni liderinin siyasi gələcəyində özünü göstərəcək.


Sanksiya almış prezident

İranın daha əvvəlki prezidenti Mahmud Əhmədnejad BMT-nin toplantılarına qatıla bilmirdi. Çünki ABŞ ona öz ərazisinə daxil olmaq üçün viza vermirdi. Sonradan bu məsələ həllini tapdı. Baxmayaraq ki, mühafizəkar qanadın lideri idi, amma Əhmədnejad sadə həyat sürən, korrupsiyada adı hallanmayan, prezidentlikdən əvvəl də, sonra da ictimai nəqliyyatla dərs deməyə gedib-gələn müəllim idi. Onun İranı təmsil etdiyi dairələrdə ölkənin ümumi mövqeyi ilə barışmayanlar belə, bu sadə müəllimin həyat tərzinə rəğbət duyurdu. Sonradan Əhmədnejadın dini cameə ilə problemləri də məhz bu məsələlərin üstündə yaranmışdı. İbrahim Rəisi isə hələ kürsüsünə əyləşmədən məlum olur ki, onun üzərində insan haqlarını pozmaqdan və korrupsiyadan dolayı sanksiyalar var. İranın belə bir rəhbərlə nə etmək istədiyi artıq ciddi sualdır. Heç kimdə şübhə doğurmur ki, İran Ali Dini Şurasının razılıq vermədiyi şəxs prezidentliyə namizəd ola bilməz. Bu zaman Rəisini rəhbər seçdirmək çox da çətin olmamalıdır. Ona əsaslı rəqib olanların hamısını qıraqda saxlamaqla dindar camiənin səsinə arxayın olan Rəsini asanlıqla prezident təyin etmək mümkündür. İranda da elə bunu etdilər. Niyə? Axı onun dünya ilə ciddi problemləri var. Məhz bu səbəbdən ki, İran dünyaya lazım olduğundan çox açılıb və bu rejimin mahiyyətini sarsmaqdadır. İnsanların azadlığa meyillənməsi və liberal tendensiyanın güclənməsi klerikal sistemi təhlükə altına qoyur. Deməli, işin başına elə adam gətirilməlidir ki, onun dünya ilə həm də şəxsi düşmənçiliyi olsun. Qalan keyfiyyətlər isə Rəsinin bioqrafiyasında “gəl-gəl” deyir. Siyasi ittihamlar, edamlar, təqiblər – bütün bunların hamısını İbrahim Rəisi artıq icra edib bitirib. Ona görə də aşağıdan yuxarı təcrübəli olan yeni rəhbər hansı “dəzgah”dan necə istifadə etməyi yaxşı bilir.


Mühafizəkar, amma kimə?

Rəisi mühafizəkardır. Bu, İran siyasətində özünü göstərəcək. Məsələn, müsəlman azərbaycanlıları daha da sıxmaq üçünmü, yoxsa, xristian ermənilərlə məsafə saxlamaq üçünmü? Türkiyə ilə yaxınlaşmaq anlamında, yoxsa, Rusiya ilə daha da qucaqlaşmaq anlamında? Məsələn, mühafizəkar İran prezidenti müsəlman uyğurlara qan udduran Çin hökuməti ilə əvvəlki prezident Ruhaninin imzaladığı 400 milyardlıq sazişi ləğv edəcək, yoxsa necə olacaq? Bir sözlə, İbrahim Rəisi haqqında işlədilən “mühafizəkar” ifadəsi özündə nəyi ehtiva edir? Bunu xarici islam rəqiblərindən daha çox, daxildə hüquq və azadlıqları sıxmaq kimi başa düşmək olar. Gerisini isə zaman göstərəcək.

Ana səhifəXəbərlərİbrahim Rəisi kimdir?