Vəkil Rauf Mirqədirovun həbsindən və ittihamlar irəli sürüldükdən sonra dindirmə olmadığını, faktiki olaraq, istintaq aparılmadığını deyir
Mayın 12-də “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirov vəkilləri Fuad Ağayev və Elmar Süleymanovla görüşüb.
Vəkil Fuad Ağayev “Turan İA”-a bildirib ki, jurnalist özünü yaxşı hiss edir, səhhəti ilə bağlı şikayəti yoxdur:
“Lakin ona əvvəlki kimi müstəqil və müxalif mətbuatı vermirlər. Bundan başqa, ona indiyədək qohumları və yaxınları ilə ünsiyyət imkanı yaratmaqdan imtina edirlər”.
İmtinanın nə ilə əlaqədar olması barədə suala vəkil cavab verib ki, müstəntiq İbrahim Ləmbəranski öz sərəncamı ilə bu əlaqələri qadağan edib:
“Qanuna əsasən Rauf Mirqədirovun yaxınları ilə müntəzəm ünsiyyət, telefon danışıqları və mətbuat almaq hüququ var. Buna görə bu qadağalar tamamilə əsassızdır”.
Fuad Ağayev təsdiq edib ki, Rauf Mirqədirov əvvəlki kimi ifadə verməkdən imtina edir, baxmayaraq ki, həbsindən və ittihamlar irəli sürüldükdən sonra dindirmə olmayıb və faktiki olaraq, istintaq aparılmır. Vəkil bu vəziyyətin nə qədər davam edəcəyini bilmir.
Jurnalist Rauf Mirqədirov 2008-2009-cu illərdə Ermənistan vətəndaş cəmiyyəti fəalı Laura Baqdasaryan vasitəsilə ermənilərə məxfi məlumatlar ötürməkdə ittiham olunur. Bu sirlərin nədən ibarət olduğu bildirilmir. İstintaqın iddiasına görə, bütün bu “kriminal” Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun Laura Baqdasaryanın QHT-si ilə birgə həyata keçirdiyi layihələr çərçivəsində baş verib.