Huşsuz dekan

Hakimiyyətin müstəsna xidmətləri

Source:

Bizim hakimiyyət gecə-gündüz xalqın qeydinə qalır, vətəndaşlarımızın şənini yüksəldir. Di gəl, xalq bunu aydın dərk etmir, hətta naşükürlük edib donquldanır, mız qoyur. Özünüz fikrləşin, hakimiyyət nəyə getmir ki, azərbaycanlıları dünyada tanıtdırsın!

Uzağa getməyək, götürək Xədicə İsmayılı. Dünyada kim idi onu tanıyan? Heç kim. Onu yalnız Azərbaycanda məhdud sayda müxalifətçilər və jurnalistlər tanıyırdı. Hakimiyyətin məqsədyönlü daxili və xarici siyasəti sayəsində indi Xədicə İsmayılı bütün dünya tanıyır.

Hakimiyyət əvvəl daxildən başladı. Xədicə İsmayılın yataq səhnələrini İnternetə qoydu. Nəzərə alsaq ki, belə şeylərin həvəskarlarının sayı müxalifətçilərdən və jurnalistlərdən dəfələrlə çoxdur, belə nəticəyə gəlmək olar ki, hakimiyyət cəmi üçcə dəqiqəlik video ilə Xədicə İsmayılın şöhrətini cəmi-Azərbaycana yaydı.

Sonra keçdi hüquqi müstəviyə. Bu müstəvidə, hamıya bəllidir ki, hakimiyyətimizin tayı-bərabəri yoxdur. Bir neçə maddəlik iş quraşdırıb Xədicə İsmayılı daxili səhnədən qaldırdı xarici səhnəyə. Dünyada şivən qopdu: ay aman, qoymayın, Xədicə İsmayılı həbs etdilər! Nabələd adamlar başladı soruşmağa ki, o kimdir? Bilənlər bilməyənlərə izah etdilər ki, bu Xədicə İsmayıl Azərbaycan prezidentinin ailə biznesindən yazı yazıb.

Xarici vətəndaşlar dübarə soruşdular ki, bu Azərbaycan haradadır? Onun prezidenti kimdir? Bilənlər məcbur oldular izah etsinlər ki, Azərbaycan xəritədə Rusiyanın altında yerləşir, orada nöyüt çıxır, beş-on qəpik pul var və onun üstündə külli-millət bir-birini qırır. Həmin bu Xədicə İsmayıl yazıb ki, prezident nöyüt pulunun çox hissəsini özünə və ailəsinə, az hissəsini xalqa verir.

Beləliklə də dünənə qədər Xədicə İsmayıl və nöyüt pullarının bölgüsünü bilməyənlər hər şeydən hali oldular. İş o yerə çatdı ki, məşhur amerikan kino ulduzu Corc Kluninin vəkil xanımı elan etdi ki, Xədicə İsmayılı məhkəmədə müdafiə edəcək. Dünyanın on ən nüfuzlu beynəlxalq təşkilatları Xədicə İsmayıla ən mötəbər mükafatlarını verib yolüstü onun maliyyə müşküllərini də həll etdilər.

Heç istisna deyil ki, azadlığa çıxandan sonra Xədicə İsmayılı Corc Kluni ilə birgə hansısa Hollivud filmində çəkilməyə də dəvət etsinlər. Xədicə İsmayıl kimi dünya şöhrətli adamın çəkildiyi filmin yüz milyonlarla dollar qazanc gətirəcəyinə heç kəs şübhə etmir.

İndi görürsünüzmü ki, Azərbaycan hakimiyyəti azərbaycanlıları dünyada tanıtdırmaq üçün nələr edir!

Yaxud götürək bu İntiqam Əliyevi. Adi hüquqşünas. Yalnız Azərbaycanda, dar bir dairədə tanınırdı. Hakimiyyət qərara aldı ki, daha bir Azərbaycan vətəndaşını məşhuri-cahan etsin. Həmin andaca sınaqdan keçmiş fəndlər işə salındı, İntiqam Əliyevi şərlədilər və zindana atıb onun üzərində əbləhanə bir məhkəmə tamaşası qurdular, bir dənə axmaq qərar çıxarıb onu dünya hüquqşünaslarının gözündə vicdan məhbusu və qəhrəman bir mübarizə çevirdilər.

Nəticədə nə oldu? Dünyanın ən mötəbər beynəlxalq təşkilatları İntiqam Əliyevi ən əyilməz və sınmaz əqidə sahibi elan etdilər, onun başına ən yüksək mükafatları yağdırdılar və Azərbaycan hakimiyyətinə olmazın tənə və təhqirləri çox görmədilər. Bax beləcə, Azərbaycan hakimiyyəti dövlətin başını yerə soxmaq hesabına İntiqam Əliyevi böyük şöhrət sahibi etdi.

Niyə uzağa gedirik, lap elə bu Yunusları götürək. Azərbaycan hakimiyyətinin atalıq qayğısı nəticəsində Leyla Yunus gələn ilin Nobel sülh mükafatına ən ciddi namizəddir. Şərti məhbusluq onun qələbə şanslarını artırır.

Nobeldən söz düşmüş, bu mükafatın ədəbiyyat sahəsində qalibi adına ən ciddi namizədlərdən biri bizim Əkrəm Əylislidir. Bu yaxınlara qədər onu yalnız Azərbaycanda və Moskvanın ədəbi yurnallarının həndəvərində fırlanan adamlar tanıyırdı. Bu, hakimiyyətimizin rəyinə görə, haqsızlıq idi. Əkrəm Əylisli kimi böyük yazıçı mütləq gərək geniş tanınaydı. Necə? Yenə sınaqdan keçmiş texnologiyalar işə salındı, onu istibdada qarşı cəsarətlə mübarizə aparan qorxmaz bir vücud kimi tanıtdırmağa başladılar.

Əvvəlcə onu Şura hökuməti tərəfindən verilmiş fəxri adlardam məhrum etdilər. Gördülər ki, bu tədbir Qərbin vecinə deyil. Onda qərara aldılar ki, onun mənzilinə vətənşivən gənclərin hücumunu təşkil etsinlər. Etdilər, gördülər ki, bu da Qərbi yerindən tərpətmədi. Onda Əkrəm Əylislini hava limanında saxladılar, İtaliyaya səfərinə mane oldular və ona qarşı cinayət işi açdılar.

Deyəsən, son fənd kara gəldi, dünyanın bir çox intellektual mərkəzi etiraz səsini qaldırdı. Beləliklə də Əkrəm Əylislinin Nobel üfüqləri yavaş-yavaş qızarmağa başladı.

İndi də hakimiyyətimiz İlqar Məmmədovun şənini yüksətməklə məşğuldur. İlqar Məmmədovun məsələsində mexanizm çox sadədir. İlqar Məmmədovun şəni ucaldıqca, Azərbaycan dövlətinin hörməti bir o qədər ayaqlar altına salınır. Azərbaycan hakimiyyəti bunu gözəl anlayır və İlqar Məmmədovu dünya miqyasına çıxarmaq üçün Azərbaycanın hörmətindən gücü çatınca xərcləyir.

************************************

1950-ci illərin sonu – 1960-cı illərin əvvəli bizim ailə mərhum Şıxəli Qurbanovun ailəsi ilə yaxın dost idi. Şıxəli müəllim hər həftə ailəsi ilə bizim qonaq idi. Onun hər gəlişi bizim üçün toy-bayram olurdu, zira Şıxəli Qurbanov istedadlı alim və yazıçı olmaqla yanaşı, həm də həyatın məzəli cəhətlərini görən, duyan və danışmağı bacaran adam idi. O, ilk dəfə qatarda unitaz ilə rastlaşan kolxozçu qadının iztirablı sərgüzəştlərini təsvir edəndə biz gülüşdən qəşş edib döşəməyə yıxılardıq və aramsız göz yaşı axıdardıq.

Onun gülməli hekayətlərindən biri də huşsuz dekan haqqında idi. Bizim hakimiyyətin yuxarıda ərz etdiyim qəziyyələrdəki mövqeyini təhlil etdikcə mənim yadıma rəhmətlik Şıxəli Qurbanovun həmin hekayəti düşür:

“Universitetin filologiya fakultəsinin dekanı heç cür tələbələrin sifətini yadında saxlaya bilmirmiş. Azı yüz dəfə gördüyü tələbədən belə “sən kimsən?” soruşarmış. Tələbələr də bilirmiş ki, onların dekanı sifət sarıdan huşsuzdur.

Bir dəfə dekan kabinetindən çıxır və görür ki, tənəffüs vaxtı dəhlizdə yığışıb söhbət edən tələbələrdən biri siqaret çəkir. Dekan hirslənir və başlayır tələbəyə acıqlanmağa. Tələbə dinmədən bu tənbehi qəbul edir və dinləyir, dərsə zəng çalınanada bircə onu deyir ki: “Qara yerə soxum səni!”

Deyir və tələbələrin arasında itir. Dekan gözləmədiyi bu təhqirdən sarsılır, lakin nə edə bilər ki? Dərs başlanıb, tələbələr siniflərdə, dəhliz boşdur.

Huşsuz dekan başlayır sinif otaqlarına girməyə. Bəli, sinfə dekan daxil olur, bütün tələbələr ayağa qalxır, dekan diqqətlə onlara baxır, lakin bayaq onu təhqir etmiş tələbəni heç cür yadına sala bilmir. Onda da hirslə soruşur ki, “Bayaq dəhlizdə mənə qara yerə soxum deyən kim idi?”

Təbii ki, heç kim boynuna almır. Dekan bütün siniflərə girib eyni sualı verir, fəqət axtardığı tələbəni tapammır. Əvəzində bütün fakultə bilir ki, hansısa tələbə dekana “qara yerə soxum səni” deyib. “

İndi də bizim hakimiyyət nəinki bəd əməllər görür, həm də bu bəd əməllərini dünyaya çatdıqmaq üçün min bir əziyyətə qatlaşır, dünyanın bütün beynəlxalq təşkilatlarının qapısını döyüb başını içəri soxur və soruşur: “Bayaq mənə kim dedi “qara yerə soxum səni?”


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəHuşsuz dekan