“Aclıq aksiyası onun sağlamlığını daha da korladı”
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin vəkili BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun onun haqqında çıxardığı qərarın icra olunmadığını deyir. Vəkil Cavad Cavadovun sözlərinə görə, 2007-ci ildə sabiq deputatın Milli Məclisdə Fəzail Ağamalı ilə davasına görə çıxarılmış hökmlə əlaqədar Avropa Məhkəməsinin qərarı da icra olunmamış qalıb.
Hüseyn Abdullayev bu ilin aprelində saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində apreldə BMT-nin onunla bağlı qərarının icra olunmamasına etiraz olaraq, aclıq aksiyası keçirmişdi. Quru aclıq nəticəsində durumu kəskin pisləşən sabiq deputat Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü və hazırda da orada saxlanılır. Vəkilinin dediyinə görə, onun həyatı təhlükə altındadır:
“Hüseyn Abdullayev 2018-ci ilin aprel ayında həbs olunandan cəzaçəkmə müəssisəsinə köçürülənə qədər – 18 ay Bakı İstintaq Təcridxanasında təkadamlıq kamerada saxlanılıb. Ailəsi ilə görüş, telefon zəngi və yazışmadan məhrum edilib. Bu səbəbdən onsuz da onun səhhətində ciddi fəsadlar yaranmışdı. Aclıq aksiyası onun sağlamlığını daha da korladı. Müalicə Müəssisəsində ona üçüncü dərəcəli hipertoniya, asteno-nevrotik vəziyyət, babasil, prostat vəzin adenoması diaqnozu qoyulub. Bu xəstəliklərin əksəriyyətinin qapalı şəraitdə müalicəsi mümkün deyil. Onun həyatını itirmə riski çox böyükdür”.
Vəkil Azərbaycan hökumətini Hüseyn Abdullayevi həbsdən buraxmağa, BMT-nin və Avropa Məhkəməsinin onunla bağlı qərarlarını icra etməyə çağırıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Meydan TV-yə bildirilib ki, bu qurumun tabeliyindəki müəssisələrdə saxlanılan bütün məhkumların hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunur: “Məhkumların sağlam olması Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır”.
2014-cü ildə Almaniyada siyasi mühacir kimi sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Həmin hökmlə onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.
Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir.
“Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”, – Hüseyn Abdullayev bildirib.
2013-cü ildə o, Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.