Hüseyn Abdullayevin anası: O pasport səhvən məndə qalmışdı

“Mən heç kimə rüşvət verməmişəm”

Source:


“Mən heç kimə rüşvət verməmişəm”

Keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva özünün ölkədən çıxışına qadağa olduğuna görə bacısının pasportuyla Azərbaycandan gedib-qayıtması barədə ittihamlara aprelin 11-də məhkəmədə münasibət bildirib. O, oğlu və daha yeddi nəfərlə birlikdə hakim qarşısına çıxarılıb. Onların işinə Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyilə baxılır.

Zeynəb Abdullayevaya qarşı Cinayət Məcəlləsinin 326.1 (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə) maddələrilə ittiham irəli sürülüb. Z.Abdullayeva isə ittihamları qəbul etmədiyini, sərhədi öz pasportu ilə keçdiyini bildirib. Onun sözlərinə görə, sonuncu dəfə sərhəddə saxlanılarkən çantasından bacısının pasportunun tapılması təsadüf olub: “Səhvən məndə qalmışdı”.

İttihama əsasən, sərhədçilər rüşvət müqabilində bir neçə dəfə Z.Abdullayevanı bacısının pasportu ilə buraxıblar. Lakin Z.Abdullayeva buna görə cinayət məsuliyyətinə cəlb olunmuş üç sərhədçinin günahsız olduğunu ifadəsində vurğulayıb.

“Burda saxlanılan sərhədçilərin də heç bir günahı yoxdur. Mən heç kimə rüşvət verməmişəm”, – Z.Abdullayeva onunla birlikdə məhkəmə qarşısına çıxarılmış sərhədçilər haqqında deyib.

O, təqsirləndirilən taksi sürücüsü Nazim Əliyevin də günahı olmadığını söyləyib: “Nazim Əliyev taksi sürücüsü olub, məni tanımır, sərnişin kimi aparıb”.

İttihamda yazılıb ki, N.Əliyev sabiq deputatın anasını Balakənə – sərhəd-buraxılış məntəqəsinə aparıb.

Təqsirləndirilən sərhədçilərə qarşı Cinayət Məcəlləsinin 342.2 (qulluğa səhlənkar yanaşma) 341.2.3 (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələrilə ittihamlar irəli sürülüb. Onlar da məhkəmədə ifadə veriblər. Amma ifadələrində ziddiyyət yaranıb.

Pərviz Kazımov deyib ki, Z.Abdullayevanın pasportuna baxanda oradakı fotoşəkildəki adamla qarşısında dayanan adamın eyni olmadığı nəticəsinə gəlib: “Şübhələndim və Həbib İbrahimova məruzə elədim”.

Həbib İbrahimov isə məhkəmədə bildirib ki, xeyr, P.Kazımov ona heç nə deməyib: “Əgər deyilsəydi, əlbəttə ki, lazımi addım atardım. Mən bilməmişəm”.

Hüseyn Abdullayev özü isə ümumiyyətlə, ifadə verməkdən imtina edib.

Təqsirləndirilən şəxslərdən Z.Abdullayeva və sərhədçilər ev dustaqlığında, digər 5 nəfər isə həbsdədir. Keçmiş sərhədçilər məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıb.

Azərbaycanda siyasi motivlərlə təqib olunduğunu bildirən və Almaniyada oturum alan H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, həbsinin siyasi sifariş olduğunu bildirir.

Ana səhifəXəbərlərHüseyn Abdullayevin anası: O pasport səhvən məndə qalmışdı