Hüseyn Abdullayev: “Vəziyyətim pisdir, dayana bilmirəm”

Hüseyn Abdullayev. Foto: Meydan TV

Keçmiş deputatın anası onun məhkəməsində ifadə verməkdən imtina etdi: “Oğlumun əleyhinə nə deyə bilərəm?!”

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin 6 illik cəzasının başa çatmasına 40 gün qalmış onun barəsində başlanmış yeni cinayət işi üzrə məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Təqsirləndirilən Hüseyn Abdullayev səhhətindəki problemlərlə əlaqədar məhkəməyə gətirilmir. O, saxlandığı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə məhkəməyə qatılır.

Oktyabrın 3-də keçirilən məhkəmə prosesində şahid İlqar Mustafayevin istintaqdakı ifadəsi elan olunub. O, ötən məhkəmə iclasında ifadə verəndə bildirmişdi ki, Hüseyn Abdullayevin ailə üzvlərinin mülkiyyətini, təsərrüfat işlərini idarə edib. Suallara cavabında isə Hüseyn Abdullayevin xaricə pul köçürməsindən xəbəri olmadığını demişdi.

İlqar Mustafayevin istintaqdakı ifadəsində isə fərqli yazılıb. Orada bildirir ki, Hüseyn Abdullayevin xaricə pullar köçürməsindən məlumatı var:

“Amma müdirim olduğu üçün pulun mənbəyini soruşa bilmirdim. Həm də onun maliyyə işlərinə mühasib Azadə Cəfərova baxırdı. Bu məsələlərə də o, məsul idi. Mən 2015-ci ilin sonlarında Hüseyn Abdullayevlə yollarımı ayırdım”.

Məhkəmədə məlum olub ki, sabiq deputatın anası Zeynəb Abdullayeva da oğlunun işi üzrə şahid qismində tanınıb. Ona məhkəmədə ifadə vermək təklif olunsa da, Zeynəb Abdullayeva ifadə vermək istəməyib.

Hakim də ona qanunda yaxın qohumların bir-birinin əleyhinə ifadə verməmək hüququnun nəzərdə tutulduğunu xatırladıb. Deyib ki, istəsə ifadə verə bilər, istəməsə, yox.

Hüseyn Abdullayev və Zeynəb Abdullayeva
Foto: arxiv

“Oğlumun əleyhinə nə deyə bilərəm?!”, – Zeynəb Abdullayeva bildirib və ifadə verməkdən imtina edib. O, oğlunun işinə ədalətli baxılmasını istəyib.

Hüseyn Abdullayev hakimə müraciət edərək, məhkəmə prosesinin tezləşdirilməsini və yekun hökmün verilməsini istəyib:

“Hamısı şər-böhtandı, bir dənə dəlil-sübut yoxdur. Vəziyyətim pisdir, dayana bilmirəm. Bitirin bu işi getsin, nə hökm verirsiniz verin”.

Məhkəmədə şahid Ağasəfər Ələkbərov göndərdiyi teleqram elan olunub. O göstərib ki, Yasamal rayonunda yaşadığı evdən köçməsi üçün pul təklif olunmuşdu. Lakin imtina etmişdilər:

Evin yaxınlığındakı su borusunu qəsdən deşmişdilər, evimizi su basmışdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olmuşduq”.

Buna baxmayaraq, Ağasəfər Ələkbərov Hüseyn Abdullayevdən şikayətçi olmadığını da əlavə edib.

Məhkəmə prosesi oktyabrın 17-də digər şahidlərin ifadələrilə davam edəcək.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Cəzasının başa çatmasına ay yarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib. O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.

İddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb. Bu yolla da külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilir.

Lakin sabiq deputat ittihamı qəbul etmir. O, özünü təqsirli bilmədiyini bildirib. Barəsindəki cinayət işinə gəlincə, hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.

Hüseyn Abdullayevə ittiham verilən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsində 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.

Ana səhifəSiyasətHüseyn Abdullayev: “Vəziyyətim pisdir, dayana bilmirəm”