Keçmiş deputat heç bir istintaq hərəkəti aparılmadığını deyir
Apreldə 6 illik cəza müddəti başa çatsa da, azadlığa buraxılmayaraq, haqqında yenidən cinayət işi başlanan keçmiş deputat Hüseyn Abdullayev prokurorluğu məhkəməyə verib. Səbəb kimi isə prokurorluğun hərəkətsizliyini göstərib. Onun sözlərinə görə, əsassız həbsdə saxlanılır, barəsində iki aydan çoxdur yenidən həbs qətimkan tədbiri seçilsə də, heç bir istintaq hərəkəti aparılmır.
Hüseyn Abdullayev öncə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Lakin onun xüsusi ittiham qaydasında verdiyi şikayətə bu məhkəmədə baxılmayıb. Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğa qarşı şikayəti icraata götürməkdən imtina edib.
Hüseyn Abdullayev həmin qərardan apelyasiya şikayəti verib. Şikayətə mayın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyilə baxılacaq.
Hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputata qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsilə yeni ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Yeni ittihamla əlaqədar martın 5-də Binəqədi rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu işin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Hüseyn Abdullayev ittihamı qəbul etmir. Sabiq deputat özünü “girov” adlandırıb.
“Quska” kimi tanınan Hüseyn Abdullayev 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.
O, 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib.
Həmin hökmlə onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.
Lakin onların heç biri özünü təqsirli bilməyib, ittihamların saxta olduğunu bəyan ediblər.
“Allah şahiddir ki, mən və yaşlı anam bu cür zülmü, 2007-ci ildən davam edən təqibi haqq etməmişik. Siz əmin olun ki, mənim heç bir siyasi ambisiyam yoxdur. Ölkəmizə qarşı düşmən mövqedən çıxış edən heç bir qüvvə və ya qruplarla əlaqəm olmayıb, ola da bilməz. Barəmdə iddia edilən məlumatlar tamamilə ağ yalan və düşünülmüş şər-böhtandır. Bu səbəbdən də sizə müraciət edirəm. İnanıram ki, bütün bu zorakılıqların qarşısını alacaqsınız, zəruri göstərişinizlə Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiq edəcəksiniz”, – Hüseyn Abdullayev bir müddət öncə Prezident İlham Əliyevə məktubunda yazmışdı.