Hüseyn Abdullayev prezident seçkilərində iştirak etmək istəyir

“Bir çox qüvvələr ciddi şəkildə narahat olacaq”

Source:


“Bir çox qüvvələr ciddi şəkildə narahat olacaq”

Milli Məclisin keçmiş üzvü, hazırda Almaniyada yaşayan Hüseyn Abdullayev Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.

Meydan TV xəbər verir ki, o bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm. Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcə də hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə və digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm”, – H.Abdullayev deyib.

O hesab edir ki, bu qərarı Bakıdakı bir çox qüvvələri ciddi şəkildə narahat edəcək.

“Onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğata start veriləcək. Çünkü onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıdışım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına son qoymaq deməkdir. Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və cib müxalifət funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz”.

O, bildirib ki, prezident olmaq iddiasının tək bir səbəbi Azərbaycanı inkişaf etmiş azad, demokratik və güclü iqtisadiyyata sahib olan bir dövlətlərin sırasında görməkdir.

H.Abdullayev 2005-ci il parlament seçkilərində müstəqil olaraq millət vəkili seçilib.

2007-ci ildə o, parlamentin plenar iclasında Ana Vətən Partiyasından millət vəkili Fəzail Ağamalı ilə mübahisə edərək, əlbəyaxa olub. Bunun ardınca sonuncunun şikayəti əsasında həbs edilib.

H.Abdullayev iki il şərti cəza alaraq məhkəmə salonundan azad edilib.

Həbsdən azad olunduqdan sonra o, Azərbaycanı tərk edib. Hüseyn Abdullayev 2013-cü ildə İnterpolun axtarışına verilib. Azərbaycan hökuməti Abdullayevi külli miqdarda vergidən yayınmada ittiham edir.

Hüseyn Abdullayevin özü mətbuata bu ittihamın absurd olduğunu bildirib.

Ana səhifəXəbərlərHüseyn Abdullayev prezident seçkilərində iştirak etmək istəyir