Keçmiş deputat qanunsuz iş görmədiyini deyir
Keçmiş deputat, 2018-ci ilin aprelindən həbsdə olan Hüseyn Abdullayevin işi üzrə məhkəmə istintaqı təzələnib.
Onun 6 illik əvvəlki cəzasının başa çatmasına 40 gün qalmış – ötən ilin martında 5.5 milyonluq “çirkli pulyuma” ittihamı ilə başlanmış yeni cinayət işi üzrə prokuror hələ dekabrda Hüseyn Abdullayevə daha 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.
Onun vəkillərinin çıxışı və özünün son söz deməsi qalmışdı.
İki aya yaxın idi ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Hüseyn Abdullayevin işi üzrə keçirilməli olan məhkəmə iclasları təxirə salınırdı.
Yanvarın 30-da keçirilən məhkəməyə də Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə qoşulub.
Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev bildirib ki, Hüseyn Abdullayev Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətin surəti məhkəməyə də daxil olub. Hakim müraciətdə yazılanları məhkəmə prosesinin iştirakçılarına elan edib.
Hüseyn Abdullayev yazır:
“Əminəm ki, mənim bir neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə, həyatımın ən ağrılı-acılı illəri olub.
Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və altı il dörd divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən biri olub.
Ötən müddətdə anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib.
Mən həyatımı şüurlu şəkildə, ulu öndər Heydər Əliyevə xidmətə həsr etmişəm. Ondan sonrakı dönəmlərdə də, mən sizi xalq arasında nüfuzdan salan, fəaliyyətinizə kölgə salan şəxslərə qarşı mübarizə aparmaqla hesab edirdim ki, sizə xidmət etmiş oluram. Lakin bu cür insanların fitnəkarlığı nəticəsində sizin nəzərinizdə düşmən obrazım yaradıldı və bu acı tale ilə yaşamağa məcbur oldum. Sizə müraciətimdə məqsədim səhhətimdə qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları nəzərə alaraq, anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm.
Bir daha bəyan etmək istəyirəm ki, mən azadlıqda olarkən heç zaman sizə qarşı hansısa xoşagəlməz davranışım olmayacaq. Bu, əvvəl də belə olub, bundan sonra da belə olaraq qalacaq. Buna əmin ola bilərsiniz!“
Daha sonra hakim Hüseyn Abdullayevə ifadə verməyi təklif edib.
O, cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması haqda verilmiş ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.
Günahsız olduğunu söyləyən sabiq deputat iftira nəticəsində həbsdə olduğunu deyib:
“Hamısı yalandır, iftiradır. Mən qanunsuz iş görməmişəm. Dövlətimə də hər zaman sadiq olmuşam”.
Prokuror keçmiş deputata əlavə suallar versə də, o, sualları yersiz hesab edib.
Deyib ki, ittihamları qəbul etmir və sualları da cavablandırmaq istəmir.
Daha sonra prokuror çıxış edib.
Dövlət ittihamçısı Hüseyn Abdullayevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi fevralın 13-də davam edəcək. Növbəti məhkəmə iclasında Hüseyn Abdullayevin vəkilləri müdafiə nitqi ilə çıxış edəcək.
Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.
Cəzasının başa çatmasına ay yarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb.
Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsilə ittiham verilib.
O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.
Lakin sabiq deputat hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.
Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı.