Hüseyn Abdullayev bu dəfə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir

Hüseyn Abdullayev. Foto: Meydan TV

Sabiq deputatın məhkəməsi başlayacaq

6 ildən çoxdur həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev yaxın vaxtlarda yenidən məhkəmə qarşısına çıxarılacaq. Onun cəzasının bitməsinə az qalmış başlanmış yeni cinayət işinin də istintaqı tamamlanıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Abdullayevə bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib. O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.

İddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb. Bu yolla da külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilir.

Lakin sabiq deputat ittihamı qəbul etmir. O, özünü təqsirli bilmədiyini bildirib. Barəsindəki cinayət işinə gəlincə, hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.

Hüseyn Abdullayevə ittiham verilən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsində 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.

Sabiq deputat 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Həmin hökmlə onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.
Lakin onların heç biri özünü təqsirli bilməyib, ittihamların saxta olduğunu bəyan ediblər.

“Allah şahiddir ki, mən və yaşlı anam bu cür zülmü, 2007-ci ildən davam edən təqibi haqq etməmişik. Siz əmin olun ki, mənim heç bir siyasi ambisiyam yoxdur. Ölkəmizə qarşı düşmən mövqedən çıxış edən heç bir qüvvə və ya qruplarla əlaqəm olmayıb, ola da bilməz. Barəmdə iddia edilən məlumatlar tamamilə ağ yalan və düşünülmüş şər-böhtandır. Bu səbəbdən də sizə müraciət edirəm. İnanıram ki, bütün bu zorakılıqların qarşısını alacaqsınız, zəruri göstərişinizlə Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiq edəcəksiniz”, – Hüseyn Abdullayev bir müddət öncə Prezident İlham Əliyevə məktubunda yazmışdı.

Ana səhifəSiyasətHüseyn Abdullayev bu dəfə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir