Hüseyn Abdullayev alman hökumətindən kömək istəyir

Səfirliyin əməkdaşları məhkəmə iclaslarında iştirak edir.

Source:


“Diktator məni öldürəcək”

Almaniyada sığınacaq alsa da, Türkiyədə saxlanılıb Azərbaycana təhvil verilən keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və daha 7 nəfərin işi üzrə apelyasiya məhkəməsi davam edir.

Yanvarın 7-də Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımov çıxış etmək üçün Zeynəb Abdullayevaya söz verib. Lakin o, səhhətində problem olduğunu, ona görə də çıxış edə bilməyəcəyini söyləyib. O, məhkəmədən vaxt istəyib. Hakimlər onun istəyini nəzərə alıb, prosesi yanvarın 14-nə qədər təxirə salıb.

H.Abdullayevin məhkəməsini Almaniyanın Bakıdakı səfirliyi diqqətdə saxlayır. Səfirliyin əməkdaşları məhkəmə iclaslarında iştirak edir.

H.Abdullayev məhkəmə zalında olan səfirlik əməkdaşlarına üz tutaraq, Almaniya hökumətindən yardım istəyib. O bildirib ki, hüquqları pozulur, həyatı təhlükə altındadır: “Xahiş edirəm, alman hökuməti mənim işimə biganə qalmasın. Mənə kömək edin. Həyatıma təhlükə var. Diktator məni öldürəcək…”

Keçmiş deputat bunları deyərkən göz yaşlarını saxlaya bilməyib.

Daha sonra Zeynəb Abdullayeva da Bakı Apelyasiya Məhkəməsinin həyətində qışqıra-qışqıra oğluna azadlıq tələb edib.

H.Abdullayev ötən ilin aprelində İstanbulda saxlanılıb. O, Bakı Hərbi Məhkəməsinin hökmüylə hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılması, dələduzluq, vergidən yayınma ittihamlarıyla təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.

H.Abdullayev ittihamları rədd edir, tənqidi fikirlərinə görə ondan qisas almaq, əmlaklarını mənimsəmək məqsədilə həbs olunduğunu bildirir.

Oğlu ilə birlikdə mühakimə olunan Z.Abdullayevaya isə 4 min manat cərimə cəzası kəsilib. O, ölkədən çıxışına qadağa qoyulduğu üçün bacısının pasportu ilə xaricə gedib-gəldiyinə görə sərhədi qanunsuz keçməkdə təqsirli bilinib. Lakin Z.Abdullayeva həm sərhədi qanunsuz keçmə, həm də digər ittihamları rədd edir.

H.Abdullayev 2012-ci ildə ölkəni tərk edərək, Almaniyada sığınacaq alıb. Bundan sonra onun anasının ölkədən çıxışına qadağa qoyulub, özünün barəsində cinayət işi başlanıb.

H.Abdullayev xüsusən “Susma” marşına görə təzyiqlərə məruz qaldığını açıqlamışdı.

Ana səhifəSiyasətHüseyn Abdullayev alman hökumətindən kömək istəyir