Hüseyn Abdullayev 9 il azadlıqdan məhrum ediib

Hüseyn Abdullayev. Foto: Meydan TV

Sabiq deputat ittihamların saxta və əsassız olduğunu deyib

Keçmiş deputat, 2018-ci ilin aprelindən həbsdə olan Hüseyn Abdullayev 9 il azadlıqdan məhrum ediib.

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə onun haqqında hökm çıxarılıb.

Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, sabiq deputat özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb.

İttihama münasibət bildirən sabiq deputat onun saxta və əsassız olduğunu deyib, özünü təqsirli bilmədiyini vurğulayıb.

“Qətiyyən özümü təqsirli bilmirəm. Hamısı şər-böhtandır”, – Hüseyn Abdullayev bildirib.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Cəzasının başa çatmasına ay yarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsilə ittiham verilib.

Lakin sabiq deputat hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı.

Ana səhifəSiyasətHüseyn Abdullayev 9 il azadlıqdan məhrum ediib