Mənbə: Meydan Tv

‘’’’Hürriyyət’’ə abunə olmuşdu ki, Rəsul Quliyev prezident seçilsə, ayaq yeri qoysun’’

Sayt rəhbəri məhkəmədə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri haqqında belə deyib

"Reallıq.info" saytının təsisçisi və baş redaktoru İkram Rəhimovun məhkəməsində onunla Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov arasında mübahisə düşüb. Tərəflər bir-birini ittiham ediblər. Bu, Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Z.Hüseynov həbsdə olan baş redaktorun işi üzrə zərərçəkən qismində tanınıb. Məhkəmədə ifadə verərkən deyib ki, əvvəllər məktəb direktoru işləyib, sonra isə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri olub. İndi də həmin vəzifədədir.

İ.Rəhimovu məktəb direktoru olduğu vaxtdan tanıdığını deyən zərərçəkən iddia edib ki, sayt rəhbəri jurnalist kimi gəlirdi: "2000-ci ilin əvvəllərində "Hürriyyət" haqqımda yazı yazmışdı, tanışlığımız ondan yaranmışdı. Mən Gəncədə məktəb direktoru idim. Həmin ərəfədə məktəbdə görülən abadlıq işləri ilə bağlı şantaj xarakterli yazı yazdı. O zamandan mən İkramı tanıdım. O zaman yazdığı yazıya görə 20 manat verdim ki, davam etdirməsin. 2014-cü ildə bir dəfə zəng elədi ki, maşını qırılıb, yolda qalıb. Mən də pul verdim. Sonra da mütəmadi olaraq pul istədi. Barəmdə yazı yazacağını bildirdi".

İ.Rəhimov isə bildirib ki, Z.Hüseynov o dövrdə "Hürriyyət" qəzetinə abunə olub, pulu da buna görə verib: "Həmin ərəfədə- 2003-cü ildə prezident seçkiləri ili idi. "Hürriyyət" qəzeti də Rəsul Quliyevin idi. Bu adam da qəzetin Rəsul Quliyevin olduğunu bilirdi. Ona görə də abunə olmuşdu ki, birdən Rəsul Quliyev prezident seçilsə, ayaq yeri qoysun. Bu məqsədlə qəzetə pul verib. Mən özüm bu adama dəfələrlə kömək eləmişəm. Seçki kampaniyalarında dəstəyim olub".

Z.Hüseynov isə deyib ki, xeyr, ömrü boyu bu hakimiyyətə sadiq olub: "Mən daim Heydər Əliyevin siyasətini dəstəkləmişəm. Gəncədə YAP-ın qurucularından biri olmuşam. Cənab prezidentə sədaqətlə xidmət eləmişəm. Bu gün də bu xidmətimi davam etdirirəm. "Hürriyyət" qəzetinə abunə olmamışam. Bunu xatırlamıram".

İ.Rəhimov isə deyib ki, arxivdən Zakir Hüseynovun qəzetə abunə olmasını sübut edən sənədi almaq mümkündür.

Baş redaktorun vəkili zərərçəkəndən soruşub ki, onu 2000-ci illərin əvvəlindən şantaj edirdisə, niyə 17-18 ildə yox, indi şikayət elədi?

"Əvvəl nüfuzumu fikirləşirdim, axırda bezdim", - Z.Babayev cavab verib.

Vəkil məhkəmənin nəzərinə çatdırıb ki, zərərçəkmişlərin hamısının DTX-ya şikayət ərizələrində eyni tarix göstərilib. Yəni hamısı eyni gündə şikayət edib.

Amma dindirmənin sonunda Z.Babayev şikayət və tələbinin olmadığını deyib.

Ekologiya və Təbii Sərvətlər Nairliyinin Şabran rayonu üzrə 5 saylı ərazi şöbəsinin direktoru olmuş Rafiq Əbilov da şikayətçi olmayıb: "Bir dəfə Nabranda yanğın baş vermişdi. Dəqiq tarixini xatırlamıram. O zaman bu şəxsin saytında yazı getmişdi. Təxminən başlıq belə idi ki, yanğın baş verən zaman Rafiq Əbilov harda olub? Mənə nazirlikdən dedilər ki, bu nə yazıdır? Heç bir əsası olmayan yazı idi. Sonra bir iş yoldaşıma dedim. O, İkramı tanıdığını bildirdi və məsələni həll elədi. 200 manat, ya da 300 manat verdi ki, yazı çıxarılsın".

İ.Rəhimov ötən il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb. O,,Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur. Amma İ.Rəhimov ittihamları qəbul etmir və özünü təqsirli bilmir. O, prezidentin köməkçisi Əli Həsənovun sifarişilə həbs olunduğunu deyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hypajj

Ən çox baxılan