Avropa Məhkəməsi ilə İş Liqası (AMİL) təsis edildi
Avropa İnsan Hüquqları Məhkəməsinə (“AİHM”) fərdi şikayətlər göndərmək üzrə ixtisaslaşmış hüquqşünaslar Xalid Bağırov və Səməd Rəhimli Avropa Məhkəməsi ilə İş Liqası (AMİL) təsis ediblər.
Bu barədə Meydan TV-yə Xalid Bağırov məlumat verib.
AMİL-in yaydığı açıqlamada bildirilir ki, qurumun məqsədi AİHM-ə strateji fərdi şikayətlərin göndərilməsi fəaliyyətinin optimallaşdırılmasıdır: "Məqsəd həmçinin aztəminatlı əhalinin qarşılaşdıqları hüquqi problemlərin beynəlxalq hüquqi instansiya qismində AİHM qarşısında qaldırılması perspektivlərinin nəzərdən keçirilməsidir".
Qeyd olunur ki, qurum mahiyyətcə sosial sahibkarlıq işi ilə məşğul olacaq və müxtəlif şəxslərdən onların hüquqi işlərinin AİHM-ə göndərilməsi məsələləri üzrə müraciətləri qəbul edəcək: "Bu məqsədlə qurum müvafiq əməkdaşı vasitəsilə müraciətçiyə bu istiqamətdə hüquqi məsləhətlər verəcək. Əgər müraciətçinin işinin AİHM-ə göndərilməsi perspektivi olarsa, qurumun müvafiq əməkdaşı tərəfindən həmin işin hazırlanması istiqamətində addımlar atılacaq. Fərdlərin müraciətlərinin öyrənilməsi və hazırlanması üçün araşdırmalar aparmaq AMİL-in əsas istiqamətlərindən birini təşkil edəcək".
Bundan əlavə, AMİL AİHM qərarlarının icrası edilməsi məsələsində Avropa Şurası Nazirlər Komitəsi (“AŞ NK”) qarşısında başlanılan icra prosesində də ictimai təşkilat (üçüncü tərəf) qismində təqdimatlar verməyi planlaşdırır: "AMİL tərəfindən AŞ NK-nə verilən təqdimatlar dövri və tematik xarakter daşıyacaq. AMİL qarşısına qoyduğu məqsədlərə çatmaq məqsədilə müvafiq zəminlərdə fərqli hüquqşünaslarla əməkdaşlıq etmək niyyətindədir".
Bildirilir ki, AMİL-in cari fəaliyyəti barədə məlumatlar ictimaiyyətə təqdim ediləcək.
AMİL-lə əlaqə saxlanılması məqsədilə məsul şəxs hazırda hüquqşünas Xalid Bağırovdur.
AMİL hüquqi şəxs statusu əldə etmədən informal təşkilat kimi fəaliyyət göstərəcək.