Hüquqşünaslar mitinqin vaxtını açıqladılar (yenilənib)

Onlar nümayəndəlik institutunun ləğvinə etiraz edəcəklər

Source:
Xalid Bağırov
Xalid Bağırov


***


“Praktik Hüquqşünaslar Qrupu” noyabrın 18-də “Məhsul” stadionunda mitinq keçirəcək.


Məlumatı Meydan TV-yə İşçi Qrupun üzvü Xalid Bağırov verib.


X.Bağırov deyib ki, “Praktik Hüquqşünaslar Qrupu” noyabrın 6-da mitinqin razılaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.


***


Onlar nümayəndəlik institutunun ləğvinə etiraz edəcəklər

Məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edən hüquqşünaslar Milli Məclisin oktyabrın 31-də qanunvericiliyə etdiyi dəyişikliklə əlaqədar etiraz aksiyalarına başlamaq qərarı verib. Onların ilk addımı Bakıda mitinq keçirmək olacaq.

Qərarı Praktik Hüquqşünaslar Qrupu noyabrın 3-də verib.

Parlament “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti

məhdudlaşdırılıb

. Bundan sonra Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Praktik Hüquqşünasların İşçi Qrupunun üzvü Xalid Bağırov deyir ki, qanunun təsir etdiyi hüquqşünaslarla yanaşı, faktiki müdafiəsiz vəziyyətdə qoyulan bəzi vətəndaşlar da bundan narazı qalıb.

Dəyişiklik layihələri Milli Məclisə Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən daxil olub. Layihə oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərmişdi.

Təklif cəmiyyətdə əsasən narazılıqla qarşılanıb və bildirilib ki, nümayəndəlik institutunun ləğv edilməsi vətəndaşların hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərə yol açacaq. Qeyd edilib ki, ölkədə vəkillərin sayı 1000 nəfərə çatmadığından, nümayəndəlik institutu olmadan vətəndaşların məhkəmələrdəki işlərində böyük çatışmazlıqlar yaranacaq.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Azərbaycanda Vəkillər Kollegiyasının təqribən 900-dən bir qədər çox üzvü var.

Ana səhifəXəbərlərHüquqşünaslar mitinqin vaxtını açıqladılar (yenilənib)