Hüquqşünas: Tələbə kreditləri gəncləri dövlətdən asılı hala salacaq

“Hazırda ali təhsil müəssisələrinin qəbul plan yerinin 50 faizi ödənişli, 50-si isə ödənişsizdir. 2005-2010-cu illərdə beş mindən çox şəxs təhsilhaqqını ödəyə bilmədiyinə görə təhsilini yarımçlq qoyub”.

Source: Meydan Tv


“Amerikada təhsil kreditinə daha çox özəl sahədə yatırım olunur”

“Pulların hansı tələbələrə ayrılması məsəsləsində ədalətsizlik var. Tələbə krediti yaxşı oxuyana yox, ehtiyacı olana verilməlidir”.

ReAl Partiyasının üzvü Zaur Qurbanlı hesab edir ki, bir müddət öncə Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun fəaliyyət kriteriyalarında təzadlı nüanslar var.

O, Meydan TV-yə açıqlamasında deyir ki, tələbə krediti dünyada yayılmış təcrübədir və yaxşı, eyni zamanda pis tərəfləri də var: “Əsas faydası budur ki, getdikcə bahalaşan universitet xərclərini ödəmədiyinə görə təhsildən kənarda qalmaq təhlükəsi olan milyonlarla insan təmin olunur. Dünya təcrübəsində kreditləri daha çox özəl şirkətlər verir. Həmçinin ödənişi vaxtında qaytaran tələbələrin kredit tarixçəsi müsbət yazılır. Orada kredit tarixçəsi çox önəmli göstəricidir. Bununla yanaşı, tələbə kreditlərinin mənfi tərəfləri də var. Xüsusən də, Amerikada tələbələr bundan nəinki faydalanmaq, əskinə, kreditləri qaytarmaqda çox əziyyət çəkirlər. Universitetlərin ödənişi, tələbənin gəliri ilə müqayisədə fantastik dərəcədə baha olur. Kredit həm də tələbənin təhsili ilə yanaşı, digər xərclərini də əhatə edir. Amerikada təhsil kreditləri borclarının həcmi 1,5 trilyon dolları keçib. Tələbələr ağır borcla yüklənirlər, təhsil kreditinin qaytarılması üçün işləməli olurlar. Normal həyata ağır borcla başlayırlar. Yəni ikili münasibətlər var, tələbə tam iflas vəziyyətində olsa da, tələbə krediti bağışlanmır, dövlət buna görə heç nə etmir. Tələbələr çox əziyyət çəkirlər. Azərbaycanda yaradılan Təhsil Tələbə Krediti Fonduna gəlincə, insanlar dövlətdən asılı vəziyyətə düşəcəklər. Mən insanların, xüsusilə də gənclərin bizim dövlətdən asılı vəziyyətə düşməsini heç arzulamıram. Amerikada təhsil kreditinə daha çox özəl sahədə yatırım olunur”.

Zaur Qurbanlının fikrincə, tələbələrə yüksək bal göstəricilərinə görə kreditlərin verilməsi yanlışdır: “Hər insan 650-700 bal toplamalı deyil. Kimsə 400 bal yığırsa, təhsil hüququndan məhrum olmamalıdır. Bunun üçün ölkədə şəffaf dövriyyə olmalıdır. Bilinməlidir ki, hər ailənin, hər kəsin nə qədər pulu, gəliri var. Kölgə iqtisadiyyatı olmamalıdır. Şəffaf olsa, dövlət biləcək ki, kimə pul vermək lazımdır. Məsəl üçün, biri tələbədir, amma gənc yaşda bizneslə məşğuldur. Tutaq ki, milyonlarla pulu var, həm də yaxşı oxuyur. Düzdür, belələri azdır, amma istənilən halda, belə insanların dövlət hesabına təmin olunması çox məntiqsizdir. Azərbaycanda cəmi 50 bal aşağı toplayan, amma kifayət qədər biliyi olan insanlara pul verilməyib. Ödənişli əsaslara yönəldilib. Bu, böyük ədalətsizlikdir və 30 ildir ki, davam edir. Ona görə də hesab edirəm ki, bu işi dövlətin görməsi çox mənfi haldır. Düzdür, Fond qeyri-kommersiya hüquqi şəxsi kimi yaradılıb. Amma idarəçilik tamamilə dövlətdədir. Prezident nizamnaməni təsdiqləməlidir, Təhsil Nazirliyi və Nazirlər Kabineti məsələləri həll etməlidir. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyəti yox dərəcəsindədir. Dövlət onu məhv edib. Fond güclü vətəndaş cəmiyyətinə həvalə edilsəydi, xeyli faydalı olardı. Ümumiyyətlə, Dövlətin hər hansı belə bir təşkilatlanmış işlərdə faydalı iş gördüyünü görməmişəm. Bundan sonra da müsbət nəsə olacağına inanmıram. Əksinə, sui-istifadələr, yeyintilər gözləyirəm”.

Заур Гурбанлы/ Баку Азербайджан, 2018/ Мейдан ТВ
Zaur Qurbanlı

Praqada Karlov Universitetinin doktorantı, təhlilçi Nəcmin Kamilsoy fondun yaradılmasını gecikmiş addım hesab edir.

Onun fikrincə, digər vacib məqam belə bir əhəmiyyətli qərarın heç bir ciddi ictimai müzakirə keçirilmədən qəbul olunmasıdır: “Prosesdə xüsusilə aktiv tələbələrin iştirakı təmin edilməli idi. Bu baxımdan yaradılan fondun fəaliyyətinin parametrləri ilə bağlı şübhələr və ya müəyyən suallar yaradır. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda tələbə kreditini təkcə dövlət deyil, müxtəlif banklar, özəl fondlar, şirkətlər verməlidir. Düzdür, bunu müəyyən qədər edən bank və fondlar var. Lakin onların ya faizləri həddindən artıq yüksəkdir, ya da kredit borcunun ödənilməsi üçün verilən vaxt çox azdır. Azərbaycanda təhsilin keyfiyyətsizliyini nəzərə alsaq, düşünürəm ki, dövlət universitetlərində öz dilimizdə təhsil pulsuz olmalıdır.Tələbə kreditləri ya dövlət universitetlərində xarici dildə olan proqramların ödənişlərini, ya da özəl universitetlərin illik ödənişlərini əhatə etməlidir. Həmçinin bu fond xaricdə təhsil alan Azərbaycan vətəndaşlarını da əhatə etməlidir”.

“Kreditlər yüksək balı olan tələbələrə şamil olunması doğru sayıla bilməz. Yüksək göstəricilərlə təhsil alan tələbələrə dövlət dəstəyi birmənalı olmalıdır”, – təhlilçi əlavə edir: “Dövlət belə tələbələrə kredit deyil, təqaüd və qrant formasında dəstək verə bilər ki, təhsillərini davam etdirsinlər. Tələbə kreditləri isə daha çox sosial statusu aşağı insanları əhatə etməlidir. Azərbaycanda fond və dövlət qurumlarında vətəndaşların sosial durumlarının öyrənilməsi olduqca problemlidir. İnsanlara bürokratik əngəllər yaradılır. Ümid edirəm ki, tələbələr yaradılan yeni fondda bürokratik, yorucu prosesdən keçmək məcburiyyətində qalmayacaqlar”.

Nəcmin Kamilsoy
Nəcmin Kamilsoy

“Kredit 2 faizlə veriləcəksə, normaldır. Dövlətin tələbənin oxumasına olan maliyyə yardımı, həqiqətən, alqışlamaq lazımdır. Amma hesab edirəm ki, bu işlə tək dövlət məşğul olmalı deyil. Dövlət imkan verməlidir ki, biznes adamları, qurumlar, fondlar tələbələrin maliyyə xərclərini ödəsinlər və gələcəkdə biliyindən, qabiliyyətindən kadr kimi yararlansınlar”, – Təhsil eksperti Nabatəli Qulamoğlu belə deyir.

Nabatəli Qulamov
Nabatəli Qulamoğlu

Təhsil eksperti Kamran Əsədov bildirir ki, fondun yaradılmasını təhsilin inkişafı istiqamətində müsbət addım olacaq:

“Azərbaycanda 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. Onların 110 mini ödənişli əsaslarla oxuyur. Hazırda ali təhsil müəssisələrinin qəbul plan yerinin 50 faizi ödənişli, 50-si isə ödənişsizdir. 2005-2010-cu illərdə beş mindən çox şəxs təhsilhaqqını ödəyə bilmədiyinə görə təhsilini yarımçlq qoyub. Bu da Azərbaycanda ali təhslin əlçatanlığına mənfi təsir göstərir. Hazırda ölkə əhalisinin yalnız 17 faizi ali təhsillidir. Bizə əmək bazarında davamlı, iqtisadiyyatın formalaşması üçün mütləq şəkildə ali təhsilli insanlar lazımdır. Yaradılan fond ailəsinin gəlirlərinə görə təhsil almaqdan məhrum olan şəxslərə təhsilin əlçatanlığını təmin edəcək. Kreditlərin yüksək bal toplayanlara verilməsi, əmək bazarında ali təhsilli insanların sayını çoxaltmaqla yanaşı, tələbələr arasında daha yaxşı rəqabət mühiti yaradacaq”.

Kamran Əsədov
Kamran Əsədov

İyunun 17-də Prezident İlham Əliyev fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.

Əsas məqsəd ali təhsildə əlçatanlığın təmin edilməsi, təhsildə bərabər imkanların

yaradılmasıdır

.

Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Təhsil Tələbə Krediti Fondu növbəti tədris ilindən tələbənin maliyyələşməsini həyata keçirəcək.

Kreditlər 2 faiz olacaq. Yüksək bal toplayan tələblərin kreditləri təhsil alacaqları universitetlərə köçürüləcək.

Kreditlər yalnız ölkə daxilindəki ali və orta ixtisas müəssisələrinin tələbələrinə şamil ediləcək.

Ana səhifəSosialHüquqşünas: Tələbə kreditləri gəncləri dövlətdən asılı hala salacaq