"Yerli əhalinin davranış qaydalarını Kreml diqtə etməli deyil"
“Sülhməramlıları”nın nəzarətində olan ərazini Rusiyanın ümidinə buraxmaq olmaz. Milli Məclis ən qısa müddətdə “Dağlıq Qarabağ və Laçın rayonunun bir hissəsinin müvəqqəti nizamlama qaydaları haqqında” Qanun qəbul etməlidir.
Bu barədə hüquqşünas Fuad Ağayev “Facebook” səhifəsində yazıb.
Fuad Ağayev bildirib: “Kəlbəcər, Ağdam və Laçın Azərbaycana qaytarılandan sonra hələ tam nəzarətimizdə olmayan ərazilərimizdə həm “sülhməramlıların”, eləcə də yerli əhalinin davranış qaydalarını Kreml diqtə etməli deyil, biz müəyyənləşdirməliyik”.
Hüquqşünasın sözlərinə görə, təklif etdiyi qanunun əsas müddəalarına ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonuna olan sərhəd məntəqəsində Azərbaycan sərhədçilərinin həyata keçirməsi daxil edilməlidir:
“Eynilə orada gömrük məntəqəmiz yaradılmalı, gələn yüklərə və əmlaka nəzarəti həyata keçirməlidir. Həmçinin Azərbaycan polisi və DTX-nin normal işləməsi üçün şərait yaradılmalıdır. Əks təqdirdə, həmin əraziyə külli miqdarda silah-sursat, hərbi texnika da göndəriləcək, terrorçular da. Bundan başqa, qanunda ərazinin silahsızlaşdırılması da nəzərdə tutulmalı, yaxın beş ildə bütün odlu silahların (daha ciddi silah növləri ilə bərabər) olması qadağan edilməlidir. Ərazidə qalmaqda olan silahlı dəstələr, onların üzvləri ilə bağlı vəziyyət də tam nizamlanmalıdır”.
Fuad Ağayev layihənin hazırlanmasında özü də kömək edə biləcəyini vurğulayıb: “Layihənin hazırlanması ilə bağlı hər cür kömək edə bilərəm, lap təkbaşına hazırlayaram, təki siyasi iradə olsun”.