Hüquqşünas: Saxlanılan şəxslərdən müxalifətçilikdən imtina tələbi Avropa Konvensiyasına ziddir

Keçmiş SSRİ-də yaranmış dövlətlər sırasında Türkmənistan və Özbəkistanda bu cür hallar yayılmışdı.

Source: meydan tv


Pənah Hüseyn: “Belə bir hal 2003-cü ildə də var idi”

Son zamanlar polis tərəfindən saxlanılan müxalifət nümayəndələrindən siyasi mübarizənin dayandırılmasının tələb edildiyi barədə məlumatlar yayılır. Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının mitinqi ilə əlaqədar saxlanılanlar da bu barədə məlumat veriblər. İnformasiyaya görə, belə bir tələb nəinki sıravi müxalifətçilər, hətta liderlər qarşısında da qoyulur. Belə ki,

AXCP sədri Əli Kərimli

polislər tərəfindən saxlanıldıqdan sonra, avtobusda döyülərək, ondan kamera qarşısında müxalifətçilikdən əl çəkməsi ilə bağlı bəyanat tələb edildiyini deyib.

Müsavat Partiyası və Milli Şuranın üzvü

Tofiq Yaqublu

da inzibati həbs zamanı onunla görüşən qızı Nigar Həziyə eyni sözləri deyib. Ondan da müxalifətçilikdən geri çəkilməsi tələb olunub.

Oktyabrın 31-də polis tərəfindən saxlanılan jurnalist

Şəmistan Həziyev

də eyni şeyləri deyib. Jurnalistdən tələb edilib ki, AXCP-ni dəstəkləməsin.

Müşahidəçilər bu tendensiyanı yeni daxili işlər naziri Vilayət Eyvazovla bağlayırlar. Bildirilir ki, məhz onun nazir təyin edilməsindən sonra saxlanılan müxalifətçilərdən belə bəyanatlar tələb edilir.

Bununla bağlı Meydan TV-yə danışan hüquqşünas Samirə Ağayeva hesab edir ki, həbs olunanlara qarşı bu cür praktikanın tətbiqi fikir və söz azadlığının məhdudlaşdırılmasıdır.

“Əgər hansısa müxalifətçini öz fikrindən daşındırmaq məqsədi güdülürsə, bu, Azərbaycanın qoşulduğu Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusudur. Söhbət söz və ifadə azadlığından gedir”, – hüquqşünas deyib.

Самира Агаева
Samira Ağayeva

Samirə Ağayeva bildirib ki, burada məqsəd imtinaya məcbur edib, cəmiyyətə nümayiş etdirməkdir.

Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn belə bir halla 2003-cü ildə həbs olunan zaman qarşılaşdığını bildirib:

“O zaman indiki daxili işlər naziri Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi idi. Oktyabrın 16-da həbs olunmuş şəxslərə qarşı bu cür təzyiqlər təşkil edilirdi. Onlardan tələb edilirdi ki, televiziya ekranlarına çıxıb peşman olduqlarını bildirsinlər və Müsavat Partiyasının rəhbərlərinə qarşı ittihamlar səsləndirsinlər. Bəzi hallarda həbs olunanları ailələri, yaxud yaxın qohumları ilə şantaj edərək buna vadar edə bilmişdilər”.

Pənah Hüseyn SSRİ dönəmində belə bir praktikanın həyata keçirildiyini xatırladıb.

Pənah Hüseyn
Pənah Hüseyn

“Hələ 1988-ci il hadisələrində, konkret olaraq 4 dekabr gecəsində saxlanılanlara qarşı oxşar təzyiq vasitəsi həyata keçirilib. O zaman həbs olunanları televiziyaya çıxararaq peşman olduqlarını nümayiş etdirirdilər. Ümumiyyətlə, SSRİ dövründə həbs olunan disidentlərə müxtəlif işgəncələr vasitəsilə və ya ruhi xəstəliklər dispanserlərinə salaraq onlardan peşmançılıq bəyanatları almağa çalışırdılar. Bir az da əvvələ getsək, Stalin repressiyası dönəmində o zamankı Kommunist Partiyasının rəhbər şəxsləri terror aktları hazırladıqlarından peşman olduqlarını işgəncə altında bildirirdilər. Keçmiş SSRİ-də yaranmış dövlətlər sırasında Türkmənistan və Özbəkistanda bu cür hallar yayılmışdı. Bütün hallarda Əli Kərimli və Tofiq Yaqubludan belə bəyanatlarla bağlı tələblər normal sayıla bilməz”.

Ana səhifəSiyasətHüquqşünas: Saxlanılan şəxslərdən müxalifətçilikdən imtina tələbi Avropa Konvensiyasına ziddir