Hüquqşünas: “Qanunvericiliyə edilən dəyişikliklər ifadə azadlığının məhdudlaşdırılmasına yol aça bilər”

İfadə azadlığının məhdudlaşdırılması – İllüstrasiya ChatGpt

İnzibati Xətalar Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər ifadə azadlığının məhdudlaşdırılmasına yol aça bilər.

Bunu Meydan TV-yə hüquqşünas Fariz Namazlı İnzibati Xətalar Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri şərh edərkən deyib. 

Milli Məclis dekabrın 19-da İnzibati Xətalar Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, internet və sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, əxlaqsız ifadə və jestlər paylaşan şəxslər məsuliyyət daşıyacaq. Belə hallara görə 500–1000 manat cərimə və ya 30 günədək inzibati həbs tətbiq ediləcək. Əgər həmin xətanı inzibati cəza almış şəxs bir il ərzində təkrar törədərsə, cəza 1000–2000 manat cərimə və ya 1–2 ay həbs olacaq. Qanunun əsas məqsədi sosial şəbəkələrdə gənclərə və cəmiyyətə mənfi təsir göstərən paylaşımların qarşısını almaq və milli-mənəvi dəyərləri qorumaqdır.

Həmçinin internet saytlarının və sosial şəbəkələrin sahibləri, istifadəçiləri ictimai mənəviyyata hörmətsizlik və əxlaqsız məzmunun yayılmasına yol verməməlidirlər. Bu, həm əxlaqsız ifadələr, qeyri-etik jestlər, həm də insan bədəninin milli-mənəvi dəyərlərə zidd göstərilməsini əhatə edir və kütləvi nümayiş üçün internetdə belə məlumatların yerləşdirilməsinin qarşısını almağı nəzərdə tutur.

Fariz Namazlı
Foto: Fariz Namazlının şəxsi arxivindən

Hüquqşünas Fariz Namazlı Meydan TV-yə bildirir ki, əvvəlki qanunvericilikdə yayılması qadağan olunan informasiyalar siyahısında bu cür hərəkətlər mövcud deyildi və bu, internetdə daha sərbəst fəaliyyət və fikirlərin açıq ifadəsi imkanı verirdi:

“Son vaxtlar bəzi müxalif şəxslərin hökümət nümayəndələri barədə tənqidi, bəzən təhqiramiz fikirlər səsləndirməsi, eyni zamanda sosial şəbəkələrdə, xüsusilə canlı yayımlarda açıq-saçıq davranışların və əxlaq normalarına zidd hərəkətlərin artması höküməti bu sahədə qanunvericiliyi sərtləşdirməyə vadar edib. Çünki mövcud hüquqi mexanizmlər internet məkanında baş verən bu cür hallara effektiv nəzarət etməyə və hüquqi məsuliyyət tədbirləri tətbiq etməyə imkan vermirdi. Məhz bu səbəbdən qanunvericiliyə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin qadağan edilməsi ilə bağlı təkliflər irəli sürülüb”.

Fariz Namazlı deyir ki, “ictimai mənəviyyat”, “milli-mənəvi dəyərlər”, “əxlaqsız ifadələr” kimi anlayışların qanunda dəqiq tərifi yoxdur. Bu, praktikada geniş və subyektiv şərhlərə yol aça, ifadə azadlığının məhdudlaşdırılmasına səbəb ola bilər. Əvvəlki qanunda xırda xuliqanlıq ictimai qaydanın pozulması ilə bağlı idi, yeni layihədə isə bu anlayış “cəmiyyətə açıqca hörmətsizlik” kimi dəyişdirilib, lakin tətbiqi yenə də qeyri-müəyyəndir.

Son zamanlar ölkə xaricində yaşayan və Azərbayacan hakimiyyətini tənqid edən 20-dən çox şəxs haqqında Bakıda cinayət işi başlanıb. Bu işlərdən bir neçəsi artıq məhkəməyə göndərilib və blogerlərdən bəziləri haqqında qiyabi hökm çıxarılıb. Xaricdə yaşayan jurnalist və bloqerlər ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.

Ana səhifəSiyasətHüquqşünas: “Qanunvericiliyə edilən dəyişikliklər ifadə azadlığının məhdudlaşdırılmasına yol aça bilər”