"Jurnalistlərə zor tətbiq edən polislər cinayət məsuliyyəti daşıyır"
"Ombudsman bu məsələyə etiraz etməli, Daxili İşlər Nazirliyindən izahat tələb etməlidir"
Son zamanlar Azərbaycanda keçirilən aksiya və nümayişləri işıqlandıran müstəqil jurnalistlərə polis təzyiqləri olur. Məsələn, polis ötən il fevralın 11-də Bakıda seçkisonrası etiraz aksiyasını işıqlandırmağa gələn jurnalistləri saxlamışdı.
Saxlanılma zamanı azı 8 jurnalistə təzyiq olmuşdu və onlar mindirildikləri avtobusdan ucqar bir ərazidə endirilmişdilər.
Hətta hadisəni ATƏT-in Media Azadlığı üzrə təmsilçisi Harlem Desir də
pisləmişdi
.
“Hüquq-mühafizə əməkdaşlarının ictimai etirazı işıqlandıran jurnalistlərlə pis rəftarından çox narahatam. Jurnalistlər ictimai maraq doğuran, son parlament seçkiləri ilə əlaqədar baş verənləri işıqlandırdığı zaman bu rəftar özəlliklə qəbuledilməzdir”, – Desir bildirirdi.
Təzyiq görənlər Azərbaycanda fəaliyyət göstərən beynəlxalq media qurumlarının (“Amerikanın səsi”, “AzadlıqRadiosu” və Meydan TV) əməkdaşları idi.
Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında keçirdiyi etiraz aksiyasını lentə alan jurnalistlər də saxlanmışdı.
Onlar polis maşınına zorla mindirildiklərini və Xəzər rayonunun 3-cü Polis Bölməsinə aparıldıqlarını bildiriblər.
Saxlanılan jurnalist Zərifə Novruz onu maşına sürüyərək mindirdiklərini deyib: “Jurnalist olduğuma məhəl qoymadılar. Telefonumu alıb yerə çırpdılar”.
Digər jurnalist Aysel Umudovanın dediyinə görə, onu da maşına sürüyərək aparıblar və bu zaman eynəyi qırılıb: “Qolumu zədələdilər, üzü üstə polis maşınının içinə atdılar. Onlara iş başında olduğumu bildirsəm də, məhəl qoymadılar. Telefonumu əlimdən aldılar və içinə girməklə hədələdilər. Yenə də sağ olsunlar, bölmədən meyitim də çıxa bilərdi, amma özüm çıxdım”.
Beynəlxalq və yerli qanunlara görə, medianın ictimai tədbirləri işıqlandırmaq hüququ var. Eyni zamanda, hüquq-mühafizə orqanları əməkdaşları jurnalistlərin azad və təhlükəsiz xəbərləmə hüququna sayğı duymalıdır.
"Prokurorluq təzyiq faktı üzrə cinayət işi başlama öhdəliyi daşıyır"
Media sahəsi üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli də deyir ki, Konstitusiyanın 50-ci və KİV haqqında Qanunun 8-ci maddəsinin verdiyi hüququ icra edən xanım jurnalistlərə qarşı qanunsuz hərəkət edən, onların ictimai açıq məkanda informasiya toplamasına qəsdən, zor tətbiq edərək mane olan polis əməkdaşları cinayət məsuliyyəti daşıyır: “Cinayət Məcəlləsinin 163-cü maddəsini bu polis nəfərlərinə əzbərlətmək lazımdır ki, qulaqlarına sırğa olsun”.
Hüquqşünas bildirir ki, prokurorluq orqanları iş başında olan jurnalistlərə təzyiq faktı üzrə cinayət işi başlama öhdəliyi daşıyır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcələsinin 46.2-ci maddəsinin tələbi bunu zəruri edir: “Ombudsman bu məsələyə etiraz etməli və Daxili İşlər Nazirliyindən izahat tələb etməlidir. "İnsan Hüquqları üzrə Konstitusiya" Qanunu bunu tələb edir. Mətbuat Şurası bu məsələni qınamalı və DİN-dən zəruri tədbir görməsini tələb etməlidir. Mətbuat Şurasının yaranma missiyası, Nizamnaməsi bunu tələb edir. İnformasiya toplayan jurnalisti əşya kimi avtobusa atıb, gözlüyünü qırmaq, vasitələrini əlindən almaq, asfalta çırpmaq, həbs etmək hərəkətə keçmək üçün yetərli deyilsə, özlərini ləğv edib, getməlidirlər”.
Ələsgər Məmmədli düşünür ki, heç kim, o cümlədən polislər də ölkə konstitusiyasını, qanunları poza bilməz. Polis olmaq, qanunlardan üstün olmaq, Konstitusiyanın 50-ci maddəsinə tüpürmək haqqı vermir: “Bu gün polis bu maddəyə tüpürərsə, yox sayarsa, sabah fərqli şəxslər fərqli maddələri eyni qaydada görmə haqqı əldə edər. Bu birbaşa dövlətə, qanunlara, hüquqa qarşı çıxmaq, gözdən salmaqdır. Düşünün, nə etmək istəyirsiniz?”
Xalid Ağəliyev: "Polis etdiyi hərəkətlərə görə jurnalistlərdən üzr istəməlidir"
Hüquqşünas Xalid Ağəliyev də qeyd edir ki, informasiya toplayıb-yayan jurnalistlərə zorakılıq, peşə fəaliyyətlərinə əngəl törətmək yolverilməzdir: “Polis etdiyi hərəkətlərə görə jurnalistlərdən üzr istəməlidir. Həmçinin baş vermiş hadisə ilə bağlı prokurorluq araşdırma aparmalı, öz qərarı ilə olaya hüquqi qiymət verməlidir. Qanuni peşə fəaliyyətini yerinə yetirən jurnalistin əngəllənməsi, məhz inormasiya toplayıb-yaymasına görə saxlanılması, cinayətdir”.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 163.1. maddəsində bildirilir ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə – beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
163.2. maddədə isə deyilir ki, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, kütləvi aksiyalarda jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq qaydada fərqləndirici jurnalist geyimlərindən, gödəkçələrindən geyinməsi tövsiyə olunur:
"Bu, tək Azərbaycanda yox, bütün dünyada qəbul olunmuş qaydadır".Jurnalistlərə təzyiq göstərən polislərlə bağlı hər hansı tədbir görülməsinə gəlincə, Elşad Hacıyev deyib ki, bu barədə onlara daxil olan müraciətlər əsasında araşdırmalar aparılır.