“Nəzərə almaq lazımdır ki, orada mina və digər təhlükələr mövcuddur”
“İnzibati Xətalar Məcəlləsində icazə verilməyən ərazilərə getməklə bağlı müvafiq maddə yoxdur”.
Bunu Meydan TV-yə hüquqşünas Xalid Ağəliyev işğaldan azad olunan ərazilərə icazəsiz gedən vətəndaşların saxlanılmasına münasibət bildirərkən deyib.
Daxili İşlər Nazirliyinin son məlumatına görə, müharibədən sonra baş verən faciələrin 53 faizi azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində olub.
Fevralın 18-də müğənni Manaf Ağayev və dostu Sənan Hüseynov da Füzuliyə icazəsiz getdiyinə görə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov onun həmin şəxslərin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə həbs olunduğunu deməyib.
Bəs icazə verilməyən ərazilərə necə getmək olar?
Prezident İlham Əliyevin 2020-ci il 29 oktyabr tarixi “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanında qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışa xüsusi rejim tətbiq edilməsi Müdafiə və Daxili İşlər Nazirliyinə tapşırılıb.
İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “www.yolumuzqarabaga.az” portalı yaradılıb.
Qeyd olunur ki, portalın məqsədi vətəndaşların səfərlərinin rahat və təhlükəsiz şəkildə həyata keçirməkdir.
“Hökumətin azad olunmuş ərazilərdə rejim tətbiq etməsi kiminsə xoşuna gəlməyə bilər”
Hüquqşünas Xalid Ağəliyevin təxminlərinə görə, icazəsiz səfər edənlərə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi – Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq maddəsi tətbiq edilib.
Bu maddəyə görə fiziki şəxslərə iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

“Hökumətin işğaldan azad olunmuş ərazilərdə rejim tətbiq etməsi kiminsə xoşuna gələ və ya gəlməyə bilər. Amma faktiki bu rejim qüvvədədir və bütün vətəndaşlara şamil olunur. Nəzərə almaq lazımdır ki, orada mina və digər təhlükələr mövcuddur”, – Xalid Ağəliyev deyib.
“Daxili İşlər Nazirliyi jurnalistə dəqiq və detallı məlumat vermək öhdəliyi daşıyır”
Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli isə Meydan TV-yə bildirib ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti informasiya obyektivliyi baxımından jurnalistə bu kimi məsələlərdə dəqiq və detallı məlumat vermək öhdəliyi daşıyır.
“İnzibati Xətalar Məclləsinin 374-cü maddəsində aydın şəkildə qeyd olunub ki, müraciət olunan qurum jurnalistin sorğusuna cavab verməlidir. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə vəzifəli şəxslər 500 manata qədər də cərimə oluna bilər”, – hüquqşünas bildirib.

“Öz kəndinə getdiyinə görə adamı tutarlar?!”
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev vətəndaşların işğaldan azad olunmuş ərazilərə – doğma yurd-yuvalarına getməsi ilə bağlı cəzanın tətbiq edilməsini doğru hesab etmir:
“Ümumiyyətlə, o torpaqlarda doğulub-böyümüş, ordan məcburi köçkün düşmüş insanları hissə-hissə, təhlükəsizliklərini təmin etməklə öz kəndlərinə buraxmaq, hətta aparmaq olar. Bunun üçün müəyyən prosedurlar düşünüb tapmaq, qurmaq olar. Necə olur ki, o kəndlərin torpaqlarında gecə-gündüz iş gedir, əkin-biçin var, təhlükə olmur, adam öz kəndini, evinin divarlarını, əzizlərinin qəbrini ziyarət etməyə gedəndə təhlükə olur?! Öz kəndinə getdiyinə görə adamı tutarlar?!”

Baş redaktor daha sonra qeyd edib ki, işğaldan azad olunan ərazilərdəki xarabalıqları xarici turistlərə deyil, elə birinci öz sakinlərinə göstərmək, onların hisslərinin ifadəsini çəkib dünyaya göstərmək daha təsirli olar: “Ürək yanmayınca, gözdən yaş çıxmaz. Əzizinin dağılmış qəbrini ziyarət edən insanın yaşantıları Dünya üçün daha inandırıcı olmazdımı?! Əgər o Dünya, doğrudan da, inanmaq istəyirsə. Baxmayın ki, “Moskva göz yaşlarına inanmır”. Bəlkə Qərblə Şərqdə inanacaq kimsə var”.