Hüquqşünas Günay İsmayılovaya hücum olub (yenilənib)

“Həmin şəxs bir kəlmə belə danışmadı. Orta boylu idi. Məqsədi soyğunçuluq deyildi”

Source:


18.20.

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycan hakimiyyətini dünənki hücumdan sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədr müavini və vəkil Günay İsmayılovanın təhlükəsizliyini təmin etməyə çağırıb.

“Bu hadisə ilə əlaqədar hakimiyyət operativ və hərtərəfli araşdırma aparmalı və İsmayılovanın təhlükəsizliyini təmin etməlidir.

Media vəkilləri KİV-in müdafiəsində və onlara dəstəyin təmin edilməsində, habelə söz azadlığı pozuntularının monitorinqinin aparılmasında böyük rol oynayır”, deyə Miyatoviçin bəyanatında bildirilir.

O, yenidən söz azadlığı sahəsində vəziyyətin pisləşməsi ilə bağlı narahatlığını bildirir və RATİ-nin ofisinin indiyədək möhürlü olduğunu xatırladır.

Miyatoviç təkrarən Azərbaycan hakimiyyətini Xədicə İsmayılovanı, Rəsul Cəfərovu və həbsdə olan bütün jurnalistləri azad etməyə çağırıb.


17.36.

Polis dünən evinin girişində naməlum şəxsin hücumuna məruz qalmış hüquq müdafiəçisi Günay İsmayılovanın yazılı şikayətini qəbul etməkdən imtina edib.

Nizami rayon 24-cü polis bölməsindən ona bildiriblər ki, dünən onunla söhbət edən əməkdaş bu gün işdə yoxdur.


“Həmin şəxs bir kəlmə belə danışmadı. Orta boylu idi. Məqsədi soyğunçuluq deyildi”

Yanvarın 26-da saat 20.30 radələrində hüquqşünas Günay İsmayılovaya hücum olub.

Günay İsmayılova “Turan İA”a  bildirib ki, yaşadığı evin blokuna daxil olan zaman 28-30 yaşlarında bir kişi heç bir söz demədən arxadan boğazından tutaraq ona xəsarət yetirməyə cəhd edib.

“O mənim boğazımdan yapışdı. Sanki ağzımı tutmağa çalışırdı. Bu zaman cəld arxaya döndüm, onun əlində nə isə var idi. Mən çığırmağa başladım və ayaqlarımla qonşunun qapısını döyəclədim. Bu zaman qonşular çıxdı və o qaçdı. Həmin şəxs bir kəlmə belə danışmadı. Orta boylu idi. Məqsədi soyğunçuluq deyildi. Çünki o mənim çiynimdəki əl çantama toxunmadı. Sadəcə əlində nə isə var idi və məni vurmağa cəhd edirdi”, -deyə hüquqşünas İsmayılova qeyd edib.

Günay İsmayılova Daxili İşlər Nazirliyinin “102-Qaynar Xətt” Xidmətinə zəng edib. Polislər hadisə yerinə baxış keçirib.

İsmayılovanın bacısı onun cizgilərini təsvir etdiyi kişini yaşadıqları evin qarşısında son günlər bir neçə dəfə gördüyünü deyib. “O hər dəfə yaşadığımız evin eyvanına baxırdı”, İsmayılovanın bacısı qeyd edib.

Günay İsmayılova hüquq müdafiə təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktor müavini olub. Hazırda bu institutun hüquqlarını müdafiə edir.

RATİ-nin ofisi 2014-cü ildə axtarış aparıldıqdan sonra prokurorluq tərəfindən möhürlənib. İnstitutun çoxsaylı əməkdaşları istintaq orqanında dindirilib.

Hadisə ilə bağlı rəsmi qurumlar hələ münasibət bildirməyib.

Ana səhifəXəbərlərHüquqşünas Günay İsmayılovaya hücum olub (yenilənib)