Hüquqşünas: Görünür, Daxili İşlər Nazirliyi hələ də hərbi rejim vəziyyətində qalıb

Onun fikrincə, qanunvericilikdə qeyd olunan məsələ ilə bağlı heç bir məhdudiyyət yoxdur

Source: https://www.azerbaijan-news.az/


Mətbuat Şurasının sədri: "Jurnalist baş verən olaylarla bağlı material toplaya, araşdıra və yaya bilər"

"Azərbaycan Konstitusiyasının 50-ci maddəsinin birinci bəndində deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Baxın, qanun hətta jurnalist də demir. Deyir ki, hər kəsin hüququ var".

Bunu media hüququ üzrə ekspert Ələsgər Məmmədli Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidovun jurnalistlərin sorğu keçirməsi ilə bağlı açıqlamasını Meydan TV-yə şərh edərkən deyib.

DİN sözüçüsü oktyabrın 7-də "anews.az"a deyib ki, sorğu keçirən jurnalistin səlahiyyəti olmalı, müvafiq qurumlardan icazə almalıdır.

"Hər yerindən duran əlinə bir mikrafon alıb camaatı sorğu-sual edə bilməz. Bütün hallarda sorğu keçirən jurnalist öz niyyətini bildirməlidir", – deyə Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, jurnalist Mətbuat Şurası və eləcə digər aiddiyatı qurumlara bu barədə müraciət etməlidir. Həmin qurumlar da DİN-ə bu barədə məlumat verməlidir.

ehsan-zahidov.jpg
Ehsan Zahidov


Ələsgər Məmmədli: "Məhdudiyyət yalnız müharibə şəraitində və fövqəlada hallarda ola bilər"

Ələsgər Məmmədli bu tələbin qanunsuz olduğunu deyir: "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 8-ci maddəsində isə qeyd olunur ki, jurnalist cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, həmçinin dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumat almaq hüququna malikdir. Bu hüquq qanunvericilikdə göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Azərbaycan otuz ildir ki, müstəqildir. Nə belə bir praktika, nə də ki norma mövcuddur. Ona görə də rəsmi qurumun təmsilçiləri gərək əvvəl qanunları oxusunlar, sonra açıqlama versələr, yaxşı olar”.

Jurnalistin fəaliyyətinin hansı hallarda məhdudlaşdırmasına gəlincə, ekspert deyir ki, bu, müharibə şəraitində və fövqəladə hallar zamanı baş verə bilər: “44 günlük müharibə dönəmində Azərbaycanda hərbi vəziyyət elan olundu. Həmin vaxt komendant saatı tətbiq edildiyindən medianın da fəaliyyəti bəlli tənzimləmə ilə mümkün idi. Müharibədən sonra hərbi vəziyyət ləğv olundu və artıq adi yaşayış vəziyyətinə qayıtmışıq. Görünür ki, Daxili İşlər Nazirliyi hələ də hərbi rejim vəziyyətində qalıb, çünki elə düşünür”.

Ekspert əlavə edib ki, qanunvericiliyə görə, jurnalisitin informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq inzibati məsuliyyət yaradır: “Əgər jurnalistə “Çəkmə, kameranı yığışdır, get”, – deyilibsə o, Ombudsmana müraciət etməlidir. İnzibati hüquq pozuntusuna görə protokol tərtib edilməli və jurnalistə hansı məmur, polis məhdudiyyət yaradıbsa, inzibati qaydada cərimələnməlidir. Jurnalistə zor tətbiq etməyə gəlincə, Cinayət Məcəlləsinin 163-cü maddəsində qeyd edilir ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq cinayət məsuliyyəti yaradır”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli


Əflatun Amaşov: "Qanunun 10-cu maddəsində sui-istifadənin yolverilməzliyi göstərilir"

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, qanunvericilikdə media nümayəndəsinin reportaj, yaxud material hazırlayan zaman hansısa qurumdan icazə alması nəzərdə tutulmayıb: “Qanuna görə, jurnalist baş verən olaylarla bağlı material toplaya, araşdıra, hazırlaya və yaya bilər. Bu, birmənalı qaydada jurnalistikanın ana qanununda əksini tapıb. Bu, hər bir sivil, demokratik dövlətdə belədir. Məhdudiyyətlər müharibə şəraitində, fövqəladə hallar zamanı, dövlət sirrinin yayıla biləcəyi ilə bağlı materialların verilməsində ola bilər. Həmçinin müəyyən qapalı yerlər ola bilər ki, orada məhdudiyyətlər olsun".

""Kütləvi informasiya vasitələri haqqında" Qanunun 10-cu maddəsində sui-istifadənin yolverilməzliyi göstərilir. Belə ki, qanunvericiliklə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyaları yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək qadağan edilir. Eyni zamanda, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə yolverilməz sayılır”, – Mətbuat Şurasının sədri belə deyib.

Əflatun Amaşov
Əflatun Amaşov


Arif Əliyev: "Bu sahədə heç bir məhdudiyyət yoxdur"

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev də Ehsan Zahidovun dediklərini əsassız sayır.

Arif Əliyev foto Meydan TV
Arif Əliyev

Onun fikrincə, qanunvericilikdə qeyd olunan məsələ ilə bağlı heç bir məhdudiyyət yoxdur: "Məhdudiyyət ancaq vicdanla bağlıdır. Jurnalist sorğu keçirərkən, peşə qaydalarına əməl etməli, elmi əsaslara söykənən müəyyən seçim prinsipləri əsasında davranmalıdır. Bu sahədə heç bir məhdudiyyət yoxdur və onu təsəvvür etmək də çətindir”.

Ana səhifəSiyasətHüquqşünas: Görünür, Daxili İşlər Nazirliyi hələ də hərbi rejim vəziyyətində qalıb