Fuad Ağayev deyir ki, maddələr sosial mediada yazılanlara da şamil oluna bilər
Prezident İlham Əliyevin 30 dekabr 2023-cü ildə imzaladığı, 19 yanvar 2024-cü ildə qüvvəyə minən qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.
Bir sıra cinayətləri əhatə edən həmin maddələr üzrə istintaqın aparılması isə Dövlət Təhlükəsizliyinə həvalə olunub.
Qeyd olunur ki, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib:
“Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.
Məcəllənin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutur:
“Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək”.
Hüquqşünas Fuad Ağayev Meydan TV-yə deyib ki, qanunvericilikdə belə dəyişikliklərə xüsusi zərurət yoxdur.
O hesab edir ki, ortaya çıxan yeni cinayət tərkibləri və əməlləri Cinayət Məcəlləsinin digər maddələri ilə də yetərincə əhatə olunur:
“Hətta birbaşa Dövlət Təhlükəsizlik Xidmətinin istintaq orqanına aidiyyatı olmasa belə, zəruri hallarda Baş Prokurorluğun müvafiq işlərin istintaqını DTX-ya tapşırmaq, icraatına vermək səlahiyyəti var. Yaxud müxtəlif qurumlardan istintaq qrupu yaratmaq səlahiyyəti də vardır”.
Fuad Ağayev dəyişikliklərin sosial şəbəkələrdə də yayılan informasiyaları əhatə edəcəyini güman edir:
“Əgər sosial şəbəkələrdə Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin əleyhinə cinayət tərkibi yaradacaq məlumatlar yayılırsa, müvafiq araşdırma aparıla bilər”.