Hüquqşünas: Cinayət Məcəlləsinə dəyişikliklər edilsə də, sui-istifadə halları qalmaqdadır

“Ya konkret pozuntu halları olmasına görə intizam məsuliyyətinə cəlb edilmə, yaxud bu məsuliyyəti aradan qaldıran məsələ olmalıdır”.

Source: Prezident.az


"Deputat cinayət, yaxud inzibati xəta törədibsə, onun toxunulmazlığı götürülür, məsuliyyətə cəlb edilir"

“Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə məsuliyyətə cəlb olunmaya bilər”.

Bu haqda Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsində qeyd edilib.

Layihə sentyabrın 17-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclasında müzakirəyə çıxarılacaq.

Sənəddə etik davranış qaydalarını ilk dəfə pozan deputatın yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmayacağı qeyd edilib.

Layihəyə görə, komissiyaya daxil olan müraciətdə (məlumatda) inzibati və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə İntizam Komissiyası bu barədə dərhal Milli Məclisin sədrinə məlumat verir.

Milli Məclisin sədri tərəfindən həmin müraciət (məlumat) Baş Prokurora araşdırılması və araşdırmanın nəticəsi barədə Milli Məclisə məlumat verilməsi üçün göndərilir.

Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Baş Prokurorun təqdimatına ən geci 3 iş günü müddətində baxılacaq. Həmçinin Milli Məclis sədrinin göndərişi əsasında Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə 2 həftə müddətində baxılacaq.

Bundan əlavə, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə deputata töhmət verilməsi barədə Milli Məclisin, yaxud onun komitə və komissiyasının iclasına sədrlik edənin təqdimatına 2 həftə ərzində baxılacaq.


"Yayğın normanın qoyulması bir məqsəd daşıyır: istədikləri adamı məsuliyyətdən kənarda saxlamaq”

Layihəni şərh edən hüquqşünas Ənnağı Hacıbəyli Meydan.Tv-yə deyib ki, qanunvericilikdə məsuliyyətin differansiyası prinsipi var, yəni ağır əməl Cinayət Məcəlləsiylə müəyyən olunur: "İnzibati xəta isə daha yüngül hesab edilir. Hər bir halda həmin norma normal sayıla bilər ki, deputatın əməli yüngül xarakterli olsun. Hər bir əmələ görə onu tətbiq edib deputatı məsuliyyətdən azad etmək qanunun ümumi prinsiplərinə uyğun deyil".

“Əgər deputat cinayət, yaxud inzibati xəta törədibsə, onun toxunulmazlığı götürülür, məsuliyyətə cəlb edilir. Mülki məsuliyyət isə hamıya aiddir. Ona görə yayğın normanın qoyulması bir məqsəd daşıyır: istədikləri adamı məsuliyyətdən kənarda saxlamaq”, – hüquqşünas bildirib.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəylinin sözlərinə görə, Milli Məclisdə xalqın səsiylə mandat alan deputat yoxdur: "Çox güman ki, əsasnaməyə yeni salınan müddəa deputatları məsuliyyətdən kənarda qoymaq üçün düşünülmüş və hüququn ümumi prinsiplərinə uyğun olmayan normadır".


"Norma elə qoyulmalıdır ki, hamıya bərabər şamil olunsun"

Hüquqşünas Hafiz Həsənov bildirib ki, müvafiq qanunvericilikdə intizam, cinayət, inzibati və mülki məsuliyyət var:

"Hazırda Milli Məclisin deputatlar üçün tətbiq etdiyi intizam məsuliyyətidir. Ancaq deputatın intizam məsuliyyətinə cəlb olunması əsası çox kövrək və həssasdır. Yəni hər məsələyə görə deputatın məsuliyyətə cəlb olunması düzgün olmazdı. Parlamentin həm daxili nizamnaməsində, həm “Deputat statusu haqqında” qanunda, həm də digər qanunlarda bu məsələ tənzimlənir. Əslində, deputat iclaslarda müzakirələrin axarına əsasən hər cür fikirlər söyləyər, özündən asılı olmayaraq emosional hərəkətlər edər. Qanunvericilikdə deputatın buna görə məsuliyyətə cəlb olunması qoyulmayıb".

Hafiz-Hasanov.jpg
Hafiz Həsənov

Hafiz Həsənov hesab edir ki, “Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə məsuliyyətə cəlb olunmaya bilər” ifadəsi də hüquqa uyğun norma deyil:

"Çünki norma imperativ olmalıdır. Ya konkret pozuntu halları olmasına görə intizam məsuliyyətinə cəlb edilmə, yaxud bu məsuliyyəti aradan qaldıran məsələ olmalıdır. Bilirsiniz, qanun konkret müəyyən olunmalıdır: hansı halda deputat intizam məsuliyyətinə cəlb edilməlidir, hansı halda bu onun nəzərinə çatdırılmalıdır. Ümumilikdə intizam məsuliyyətinə cəlb etmənin dairəsi genişdir, bu da deputatların sui-istifadə hallarına imkan yaradır. İkincisi, qanunvericlikdə konkret müəyyən olunmalı, norma elə qoyulmalıdır ki, hamıya bərabər şamil olunsun. Tətbiq edilən cəza da işin hallarına, deputatın şəxsiyyətinə uyğun olaraq eyni qaydada tətbiq edilməlidir. Xuliqanlığa gəldikdə, bu, artıq cinayət məsuliyyətidir. Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilsə də, sui-istifadə halları qalmaqdadır və bunlar siyasi opponentlərə qarşı tətbiq olunmaq üçün bəhanədir. Əgər qanunvericilik sistemli təhlil edilsə, əməlin nə dərəcədə kriminallığı, cəmiyyət üçün təhlükəliliyi qiymətləndirilsə, xeyli maddələr çıxarılmalıdır".

Ana səhifəSiyasətHüquqşünas: Cinayət Məcəlləsinə dəyişikliklər edilsə də, sui-istifadə halları qalmaqdadır