Hüquqşünas ”Bank Standard”la bağlı Elman Rüstəmovu hədəfə aldı

”Necə olur ki, kiçik borcunu ödəyə bilməyən vətəndaşın başına oyun açırlar, amma bu boyda bankı çökdürənlərə qarşı heç bir tədbir görülmür?!”

Source:


”Necə olur ki, kiçik borcunu ödəyə bilməyən vətəndaşın başına oyun açırlar, amma bu boyda bankı çökdürənlərə qarşı heç bir tədbir görülmür?!”

Mayın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası “Bank Standard” QSC-yə müvəqqəti inzibatçılıq təyin etməsi barədə xəbər birmənalı qarşılanmadı.

Hüquqşünas Əkrəm Həsənov öz Facebook səhifəsində 2 gün öncə bankların etibarlılıq reytinqini dərc etdiyini və təsnifatın 1-ci (yəni ən etibarsız banklar) qrupuna daxil olan “Bank Standard”ın çökdüyünü xatırladıb.

Əkrəm Həsənov Direktorlar Şurasının rəhbəri Rüfət Aslanlının bugün keçirdiyi mətbuat konfransı barədə qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri həmin bankın sağlamlaşdırılması barədə qərarın olması və qərar uyğun banka müvəqqəti inzibatçı təyin edilməsi haqda məlumat verib: “Bu nə deməkdir? “Banklar haqqında” Qanunun 57-ci maddəsinə əsasən sağlamlaşdırma tədbirləri çökmüş və əslində bağlanmalı olan banka dair həyata keçirilir. Bəs niyə bağlanmır? Ona görə ki, “sistem əhəmiyyətlidir”, yəni o qədər iridir ki, onun bağlanması, qanunun dili ilə desək, maliyyə sabitliyinin pozulmasına, ödəmələrdə sistem xarakterli böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola bilər. Buna görə də bank dövlət vəsaiti hesabına xilas edilir. Yəni Azərbaycan xalqının pulu hesabına. Əlbəttə, bütövlükdə maliyyə sistemini xilas etmək üçün belə bir addım atılmalıdırsa, başqa yol onsuz da yoxdur. Çünki əks halda fəsadları daha ağır olacaq. Lakin bankın bu vəziyyətə düşməsinin günahkarları da cəzasız qalmamalıdır. Həmin bankın sahibləri və rəhbərləri ən pis halda bankı talamış, ən yaxşı halda isə bərbad şəkildə idarə etmiş, Mərkəzi Bankın rəhbərliyi isə ən pis halda onlarla əlbir olmuş, ən yaxşı halda isə bankı düzgün yoxlamamış və belə pis bankın iriləşməsinə şərait yaratmışdır. Onların əməllərinə görə isə indi bütün xalq xərcə düşür! Günahkarlar cəzalandırılmalıdır! Necə olur ki, kiçik borcunu ödəyə bilməyən vətəndaşın başına oyun açırlar, amma bu boyda bankı çökdürənlərə qarşı heç bir tədbir görülmür?! Nəticədə hökumət əhalinin borcları üzrə güzəşt üçün pul vermir, amma batmış bankı xilas etmək üçün vəsait ayırır”.

Hüquqşünas xatırladıb ki, “Banklar haqqında” Qanunun 57.3-cü maddəsinə əsasən bankın sağlamlaşdırılması haqda qərarı (tədbirlər planı ilə birgə) Nazirlər Kabineti təsdiq etməlidir: “Hanı həmin qərar? Hanı tədbirlər planı? Niyə dərc olunmayıb? Bütün məsələlər ilk növbədə hüquqi müstəvidə həll olunmalıdır. Bir daha deyirəm, iqtisadi cəhətdən bu bankın sağlamlaşdırılması zəruridirsə, olsun! Lakin hər şeydən əvvəl hüquqi çərçivəni gözləmək lazımdır! Hüquqi nəticələr də olmalıdır. Özü də şəffaf! Bu nəticələrin sırasında “Bank Standard”ı bu günə qoymuş şəxslərin məsuliyyətə cəlb edilməsi birinci yerdə olmalıdır ki, başqalarına da dərs olsun! Çünki bu bank hələ ilk qaranquşdur”.

Ana səhifəXəbərlərHüquqşünas ”Bank Standard”la bağlı Elman Rüstəmovu hədəfə aldı