Hüquq-mühafizə orqanları Oqtay Gülalıyevin qəsdən vurulması ehtimalını yalanlayır

Həkim hüquq müdafiəçisinin vəziyyətinin stabil olduğunu deyir

Source:


Həkim hüquq müdafiəçisinin vəziyyətinin stabil olduğunu deyir

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətinin stabil olduğu, süni ventilyasya aparatına qoşulduğu deyilir.

Bu barədə professor Adil Qeybulla öz “Facebook” hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, xəstənin kritik durumdan çıxması üçün bir qədər zaman tələb olunur, lakin reabilitasiya uzun müddət çəkə bilər.

Oqtay Gülalıyev oktyabrın 29-da axşam radələrində 28 May və Puşkin küçələrinin kəsişməsində, piyada keçidirinin üstündə avtomobil tərəfindən vurulub. Ona “Qapalı kəllə-beyin travması. Baş beynin əzilməsi. Sol təpə sümüyündə yerdəyişməyən sınıq. Sol yarımkürədə şoxsaylı qansızmalar” diaqnozu qoyulub və oktyabrın 30-da əməliyyat edilib. Adil Qeybulla deyir ki, əməliyyat fəsadsız keçsə də, alınan travma xarakter etibarı ilə ağır hesab edilir:

“Xəstəni sonrakı ixtisaslaşdırılmış müalicə üçün Respublika Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülməsi istiqamətində danışıqlar gedir”.

Oqtay Gülalıyevin qəzaya düşmə anının video görüntüləri yayılıb. Əksəriyyət onun qəsdən vurulduğunu bildirir. Çünki hadisədən bir neçə saat əvvəl Oqtay Gülalıyev işgəncələrə qarşı kampaniyaya başladıqlarını elan edib və bununla bağlı tədbir keçirib. O, əsasən “Gəncə işi” və Tərtər hadisələri zamanı işgəncə görən şəxslərlə bağlı iş aparırdı. Bu səbəblər ona qarşı sui-qəsd ehtimalını artırıb.

Bakı Şəhər Baş Polis İdarəsi ilə Bakı Şəhər Prokurorluğu isə deyilənləri təkzib edir. Qurumların mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir ki, Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə cinayət işi başlanıb, istintaq aparılır. Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisənin guya qəsdən törədilməsinə dair əsassız informasiyalar yayılmaqdadır:

“Müvafiq cinayət işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə müəyyən edilib ki, 2019-cu ilin iyun ayından “A taksi” şirkətində taksi sürücüsü işləyən Abdullayev Kənan Kamal oğlu əməkdaşlıq etdiyi digər taksi şirkətinin çağrı nömrəsinə hadisədən təxminən 2 saat əvvəl daxil olmuş sifarişi icra etmək üçün həmin şirkətə məxsus “Hyundai Accent” markalı, 90-PZ-543 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzində yerləşən “Nizami” kinoteatrının qarşısından milliyətcə ərəb olan Məhəmməd adlı şəxsi və onun tərcüməçisi

Məmmədov Nail Şamil oğlunu Abşeron rayonu Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparıb. Müəyyən vaxtdan sonra müştəriləri geri qaytararkən saat 17:19:16-da Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönərək hərəkətini davam etdirib, saat 17:21:48-də isə avtomobili 28 May küçəsində yerləşən “İpad usta” adlı iaşə obyektinin qarşısında saxlayıb sərnişinləri düşürüb.

Bundan sonra Kənan Abdullayev cari ilin sentyabr ayından etibarən hər gün saat 17.30-da Nizami küçəsində fəaliyyət göstərən “Kinder Ville” hazırlıq kursundan götürdüyü qonşusu Əsədov Saməddin Fəxrəddin oğlunun övladını evə aparmaq üçün 28 May küçəsi ilə hərəkətini davam etdirərək 15-20 metr getdikdən sonra saat 17:22:35-də işıqforun yaşıl işığında Puşkin küçəsi istiqamətində sola dönərkən həmin küçədəki piyada keçidi ilə yolu keçən Oqtay Gülalıyevi ehtiyatsızlıqdan vurub. O, dərhal ətrafdakı şəxslərin köməkliyi ilə Oqtay Gülalıyevi avtomobilə mindirərək tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə aparıb”.

Məlumatda bildirilir ki, “Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları ilə qeydə alınmış müvafiq görüntülər Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən hadisədən dərhal sonra ictimaiyyətə açıqlanıb. Bu təfərrüatlar, həmçinin sürücü Kənan Abdullayevin, onun qonşusu Saməddin Əsədovun, eləcə də qəzadan qısa müddət əvvəl avtomobildən düşmüş sərnişin Nail Məmmədovun ifadələri ilə təsdiq olunur:

“Sürücü Kənan Abdullayevin taksi fəaliyyəti ilə məşğul olması, onun hərəkət marşrutunun piyada Oqtay Gülalıyevin hərəkət istiqamətindən fərqlənməsi, zərərçəkmiş şəxsi əvvəlcədən tanımaması, hadisədən təxminən iki saat əvvəl peşəsi ilə bağlı olaraq şəhərin mərkəzindən müəyyən məsafədə uzaqlaşması və müştərilərinin tələbi ilə 28 May küçəsinə qayıtması, hadisənin baş verdiyi yerin və vaxtın sürücünün gündəlik taksi xidməti göstərdiyi hərəkət marşrutunun üzərində yerləşməklə eyni vaxta təsadüf etməsi, Kənan Abdullayevin qəzadan sonrakı hərəkətləri hadisənin ehtiyatsızlıqdan baş verməsini təsdiqləməklə Oqtay Gülalıyevin qəsdən vurulması ehtimalını tamamilə istisna edir”.

Qeyd olunur ki, ilkin sübutlarla sürücü Kənan Abdullayevin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 75.1-ci maddəsinin, yəni “Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbinin pozuntusu müəyyən edilib.

Cinayət işinin istintaqı zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilib, sürücü sərxoşluq və narkoloji müayinələrə cəlb olunaraq hər hansı qanunazidd hal aşkar edilməyib:

“Bir daha bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə bir qrup şəxsin kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq məqsədilə istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqla cəmiyyəti çaşdırmaq və ajiotaj yaratmaq cəhdləri yolverilməzdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizaların rəyləri alındıqdan və digər zəruri hərəkətlər həyata keçirildikdən sonra K.Abdullayevin əməlinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir”.

Ana səhifəXəbərlərHüquq-mühafizə orqanları Oqtay Gülalıyevin qəsdən vurulması ehtimalını yalanlayır