Oqtay Gülalıyev: “Məhkəmənin qərarından kassasiya şikayəti verilib”
İyunun 24-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyev yenidən məhkəmə önünə çıxacaq. Buna səbəb Bakı Apelliyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətidir. Bu barədə Meydan TV-yə məlumatı Oqtay Gülalıyevin özü verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Ali Məhkəmədə kasasiya şikayətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə kollegiya baxacaq.
Təqsirləndirilən şəxs Əlgüşad Gülalıyev Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Məhkəmə hökmündən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi kollegiya baxıb.
Müdafiə tərəfinin məhkəmə baxışının məhkəmə istintaqı keçirilməklə aparılmasına dair verdiyi vəsatəti Apellyasiya Məhkəməsi qəbul etməyib. 17 fevral 2015- ci il tarixdə apellyasiya şikayətinə ilkin baxılması zamanı məhkəmə istintaqı aparılmadan apellyasiya şikayətinə məhkəmə baxışının keçirilməsinə dair qərar qəbul edilib.
Həmin qərardan Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti verilib. Müdafiə tərəfi fikrini onunla əsaslandırıb ki, Xətai rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib, eyni zamanda məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməyib.
Oqtay Gülalıyev deyir ki, Xətai rayon Məhkəməsi məhkəmə iclas protokollarını saxtalaşdırıb və şahidlərin, zərərçəkənin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin məhkəmə iclas zalında verdiyi ifadələri olduğu kimi iclas protokoluna qeyd etməyib. Bununla bağlı Xətai rayon Məhkəməsinə protokola qeydlər verlməsi üçün ərizə verilsə də, məhkəmə tərəfindən ərizə təmin edilməyib. Hətta protokola qeydlərin nəzərə alınması üçün müdafiə tərəfinin vəsatəti əsasında Apelliyasiya Məhkəməsi iş materiallarını 09 yanvar 2015- ci tarixli qərarla Xətai rayon Məhkəməsinə qaytarsa da, birinci instansiya məhkəməsi bunu nəzərə almayıb.
“Bu baxımdan apellyasiya baxışında qismən istintaq aparılmasına, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsinə, digər dəlil və subutların araşdırılmasına ehtiyac var. Çünki irəli sürülmüş ittihamlara aydınlıq gətirmək üçün şahidlər mütləq dindirilməli, bəzi məsələlərə aydınlıq gətirilməlidir” – deyə hüquq müdafiəçisi qeyd edib.
Əlgüşad Gülalıyev özü 2013- cü ilin sentybarında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. Hadisəni törədənlər məhkəmə önünə çıxarılmayıb, əvəzində Ə. Gülalıyevin özünə cinayət işi qaldırılıb və onun haqqında təqsirləndirilən şəxs qismində qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsi aparıb. Əlgüşad Gülalıyev Mill Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladıdır. Atası, keçmiş siyasi məhbus O. Gülalıyev Sabirabad rayon Məhkəməsinin 13 iyun 2012- ci il tarixli hökmü ilə polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib. Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışı yasaqdır.