Bəşir Süleymanlı daxili işlər nazirinə müraciət etdi
Martın 30-da hüquq müdafiəçisi Bəşir Süleymanlının atası 66 yaşlı Süleyman Süleymanov Yevlax şəhər Polis İdarəsinə çağrılıb. Bu barədə hüquq müdafiəçisinin özü Meydan TV-yə məlumat verib.
Onun sözlərinə görə, əməliyyatçı atasının yaşadığı mənzilə gələrək polis rəisinin idarəyə çağırdığını deyib.
Polis rəisi hüquq müdafiəçisinin atasına ailə tərkibi, nə işlə məşğul olmaları, partiya üzvlüyü, ümumilikdə əməliyyat xarakterli suallar ünvanlayıb.
B.Süleymanlı bildirib ki, polis rəisi atasından onun telefonunun, maşınının nömrəsini və kimin adına olması barədə məlumatlar istəyib.
“Eyni zamanda, mənim Yevlaxda sonuncu dəfə nə vaxt olmağım, kimlərlə görüşməyim, həmin adamların koordinatları istənilib. Bəli, Yevlaxda olanda dostlarımla görüşmüşəm. Çox qəribədir ki, şəhər polisinin əməkdaşları görüşdüyüm adamlarla, hansı maşınlara minməyimlə maraqlanıblar”, Bəşir Süleymanlı belə deyib.
O, bu olayı vətəndaş cəmiyyətinə olan təzyiqin tərkib hissəsi hesab edir:
“Anlaya bilmirəm, mən terrorçuyam, yoxsa dövlət cinayətində təqsirləndirilirəm? Bayram günlərində rayona səfər etmişəm və bununla bağlı qadağa yoxdur. Buna görə valideynlərimə təzyiq heç cür qəbul oluna bilməz. Anam yaxın həftələrdə ağır əməliyyatdan çıxıb, ona əsəbləşmək olmaz, amma hüquq-mühafizə orqanlarının bu münasibəti ona ağır stress yaşadıb. Onların həyatında dəyişiklik olsa, hakimiyyət birbaşa məsuliyyət daşıyır. Bundan əvvəl də atamın yaşadığı mənzilə zəng edib narahat ediblər. Halbuki, mənim telefonumun nəmrəsi yerli polisə bəllidir, istədikləri zaman əlaqə saxlaya bilərlər. Amma valideynlərimə qarşı təzyiqləri anlamıram və bunu məqsədli sayıram. Güman ki, bununla mənə təzyiq yolu seçiblərsə, doğru hesab etmirəm. Ümumiyyətlə, 37 yaşlı şəxsin valideyninin polisə çağırılması absurddur”.
O, qarşılaşdığı durumla bağlı vəkillərlə məsləhətləşdiyini və daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini dedi:
“Bilmək istəyirəm ki, keçirilən əməliyyat nə ilə bağlıdır, bəlkə cinayət işi açılıb, cavab verilməsini istəyirəm. Nə etmişəm, mənimlə bağlı əməliyyat aparırlar? Bu sualın cavabın istəyirəm və qanun bunu tələb edir”.
DİN Süleyman Süleymanovun polis idarəsinə çağrılmasının səbəbini açıqlamayıb.
Seçkilərin Monitorinq və Demokratiya Mərkəzinin direktoru Bəşir Süleymanlı 2014-cü ilin may ayında 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrum olunub.
O, 2015-ci ilin 19 martında əfv edilib.