“Fuad dedi: Suraxanıda elə bir fahişəxana, gecə barı və qumarxana yoxdur ki, hər iki dövlətin bayrağı asılmasın”
Yanvarın 28-də “Neftçilər” metrostansiyası yaxınlığında restoranların birinin qarşısında Türkiyə bayrağını dirəkdən endirən Fuad İsmayılov 25-ci Polis Bölməsində saxlanılır.
Bu barədə yanvarın 31-də Fuad İsmayılovla görüşən İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Cəfərli Meydan TV-yə açıqlama verib.
O bildirib ki, hadisə Nizami rayonu ərasində baş verib.
Hüquq müdafiəçisi: “Fuad İsmayılov polis bölməsində yüngül təzyiqə məruz qalıb”
Fikrət Cəfərli həmçinin deyib ki, Fuad İsmayılov yanvarın 29-da 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və yüngül təzyiqə məruz qalıb.
Hüquq müdafiəçisi bildirib ki, F.İsmayılova qarşı hər hansı ittiham irəli sürülməyib: “Bu gün axşam onun saxlanılmasının 48 saatı tamam olacaq”.
Onun sözlərinə görə, Fuad İsmayılov məlum hərəkətini şüurlu şəkildə etdiyini deyib:
“Bəli, özü dedi ki, bu hərəkəti şüurlu şəkildə edib və səbəbini də göstərdi. Fuad bəy Azərbaycan və Türkiyə bayraqları arasında fərq görmədiyini, hər ikisini doğma saydığını bildirdi. Səbəbini də belə göstərir ki, özü qəsdən cəmiyyətin bir sıra ciddi problemlərə diqqətini çəkmək üçün bu hərəkəti edib. Fuadın sözlərinə görə, Suraxanıda elə bir fahişəxana, gecə barı və qumarxana yoxdur ki, hər iki dövlətin bayrağı asılmasın. Bütün bunlar da uşaqların, qadınların, yaşlı insanların gözü qarşısında baş verir. O, bunlara etiraz etmək üçün uyğun yer seçərək bu addımı atıb ki, cəmiyyət də münasibət bildirsin. Amma təəssüf ki, cəmiyyət əks reaksiya verib. Halbuki mənim iki işim Avropa Məhkəməsindədir və ictimaiyyət bilir ki, bu, ölkədə baş verən ədalətsizliklərə münasibətimin təzahürüdür. Ümumiyyətlə, “ictimai fəal necə olmalıdır?” sualına cəmiyyətimizdə hələ də dolğun cavab yoxdur!”.
DİN rəsmisi: “Ona hər hansı bir təzyiq olunmayıb”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Elşad Hacıyev Fuad İsmayılova yüngül təzyiq barədə deyilənlərin əsassız olduğunu bildirib: “Ona hər hansı bir təzyiq edilməyib, bu iddialar əsassızdır”.
Hüquqşünas: “Bu hərəkət ifadə azadlığının tərkib hissəsidir”
Hüquqşünas Səməd Rəhimli Meydan TV-yə bildirib ki, əsas məsələ Fuad İsmayılovun öz əməlinin necə əsaslandırması deyil: “Fuad bəy siyasi mövqe ifadə edib, yəni o, Türkiyə bayrağını xoşlaya da bilər, xoşlamaya da. Hər bir halda bu hərəkətin zəminində dayanan odur ki, Fuad bəy siyasi mövqe ifadə etmək istəyib və bunu bayrağı dirəkdən endirməklə həyata keçirib. Belə bir siyasi mövqe və hərəkət isə istər-istəməz ifadə azadlığının tərkib hissəsidir. Sual yaranır: bu ifadə azadlığına məhdudiyyət qoyulması düzgündürmü, yaxud əsas varmı?
İfadə azadlığına da məhdudiyyət qoyanda 3 prinsipə riayət olunmalıdır:
- Birincisi, ifadə azadlığına məhdudiyyət qoyulması qanundan irəli gəlirmi?
- İkincisi, qanundan irəli gəlirsə, bu, legitimdirmi?
- Üçüncüsü, bu məhdudiyyət zəruridirmi və tətbiq olunan cəza mütənasibdirmi?
Amma Fuad İsmayılova hələ ittiham elan olunmadığından üçüncü suala cavab verə bilmərik. Hətta şübhəli şəxs kimi vətəndaşı saxlayanda belə ona deyilməlidir ki, filan cinayət və inzibati xətanı törətdiyinizə görə saxlanılmısınız. Bu, özü ciddi problemdir. Əgər Fuad İsmayılova saxlanılmasına səbəb kimi ictimai qaydanı qorumağa çalışdıqlarını göstərəcəklərsə, bu, qeyri-müəyyən iddia olacaq. Nəhayət, buna hansı zərurət vardı, Fuad bəyin bayrağı endirməsi bir neçə saniyədə baş verir, arxadan gələn isə bayrağı yerdən götürür, yəni bayrağa ziyan dəymir. Başqa ölkələrin təcrübələrində bayrağa hörmətsizliklə bağlı nümunələr var, amma bizdə olmadığından bu müdaxilənin nə dərəcədə zəruri olması da sual altındadır. Bundan əlavə, ona verilən cəzanın nə dərəcədə mütənasibliyi də hələ sual altındadır”.
Hüquqşünas sadaladıqlarının fonunda Azərbaycanda xarici dövlətlərin bayraqlarının qorunmasına dair qadağanedici normanın olmamasına diqqət çəkib:
“”Xarici dövlətlərin bayrağına hörmətsizlik edirsənsə, buna görə məsuliyyət daşıyırsan”, – deyə birbaşa nə inzibati, nə də cinayət xətası ilə bağlı norma var. Çox güman ki, Fuad İsmayılovun əməlini indiki şəraitdə xuliqanlıq kimi şərh edəcəklər. Xuliqanlıq isə qeyri-müəyyən maddədir və əslində, dekriminallaşdırılmalıdır. Çünki sovet dövründən qalıb. Adətən, sovet dövründə digər qanunlarla açıq yazılan qadağaları tətbiq edə bilməyəndə xuliqanlıqdan istifadə olunub. Çox güman ki, İsmayılova da bu tipdə ittiham veriləcək: ya cinayət, ya da inzibati xəta kimi xuliqanlıq. Bu isə hər bir halda qeyri-müəyyən norma əsasında insan hüquq və azadlıqlarının məhdudlaşırılmasıdır”.