Hüquq müdafiəçisi qardaşının ölümü haqda: Heç olmasa, nəticə çıxarsınlar…

Mərkəzin keçmiş direktoru T.Məmmədhəsənov və müavini M.Abdullayev Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma), A.Məmmədova isə 311-ci (rüşvət alma) maddəsilə ittiham olunur.

Source: meydan.tv


''Dövlətimizin sarsılmağını istəmiriksə, günahsız, ahıl bir adam törətmədiyi cinayətə görə cəzalandırılmamalıdır''

Respublika Narokoloji Mərkəzində 25 nəfərin öldüyü yanğınla bağlı 8 aydan çox davam edən məhkəmə araşdırmaları yekunlaşdı. Artıq çıxışlar mərhələsidir. Prokuror bu hadisəyə görə təqsirləndirilən 4 nəfərdən birinə – olay zamanı orada spirtli işki aludəçiliyindən müalicə olunan 65 yaşlı Məhəmməd Məmmədova ömürlük həbs, onu rüşvət müqabilində illərlə orada saxlamaqda günahlandırılan həkimi Afət Məmmədovaya şərti cəza, Mərkəzin direktoru Telman Məmmədhəsənova 4 il, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayevə isə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Prokurordan sonra zərərçəkənlər çıxış edib, şikayət və tələblərini dilə gətirirlər. Hüquq müdafiəçisi Hacımurad Sadəddinov da zərərçəkənlər arasındadır. Yanğın nəticəsində ölənlərdən biri – ixtisasca həkim olan Azər Sadəddinov onun qardaşıdır.

Aprelin 12-də məhkəmədə çıxış edən Hacımurad Sadəddinov deyib ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur: “Ölənləri geri qaytara bilməyəcəyik. Səhiyyə sistemi və başqa orqanlar heç olmasa, bu cür halardan nəticə çıxarsınlar”.

Hadisə vaxtı xəsarət almış zərərçəkən Araz Məmmədov da şikayətçi olmadığını söyləyib.

Daha sonra vəkillərin çıxışları başlayıb.

Təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili müdafiə çıxışında müvəkkilinin mərkəzi yandırması barədə ittihamı absurd, prokurorun ona günahı sübuta yetirilmədiyi halda, ömürlük həbs cəzası istəməsini isə ədalətsizlik adlandırıb. Vəkil deyir ki, məhkəmədə ifadə verən şahidlər yanğının Məhəmmədin saxlandığı 14-cü palatadan yox, 15-ci palatadan başladığını bildirdilər.

Prokurorun çıxışında Məhəmmədin həbs olunduqdan sonra ilkin ifadəsinə istinad etdiyini deyən vəkilin sözlərinə görə, bu, qərəzli yanaşmadır. Çünki M.Məmmədov dəfələrlə məhkəmədə həmin ifadəyə fiziki və psixoloji təzyiqlər altında imza atdığını söyləyib: “Onu martın 2-də polis idarəsinə gətiriblər. Fiziki və psixoloji təzyiqlərdən sonra martın 3-də həmin ifadəyə imza atdırıblar. İddia olunur ki, guya yanğın barədə Məhəmmədin palata yoldaşı Nurlan Quliyev məlumat verib. Ölmüş adamın adından danışmaq doğru deyil. Necə olur ki, yanğın haqda məlumat verir, amma qaçıb çıxa bilmir?”

Vəkil M.Məmmədovun təqsirsiz olduğunu bildirərək, onun haqqındakı cinayət işinə xitam verilməsini xahiş edib: “Ulu öndər Heydər Əliyev deyirdi ki, dövlət iki halda sarsıla bilər: günahsız cəzalandırılanda və günahkar cəzasız qalanda. Dövlətimizin sarsılmağını istəmiriksə, günahsız, ahıl bir adam törətmədiyi cinayətə görə cəzalandırılmamalıdır”.

Təqsirləndirilən Mahir Abdullayevin vəkili də hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib. Deyib ki, həqiqiliyi şübhə doğuran bir sənəd (vəzifə təlimatları) əsasında ona ittiham verilib. Halbuki, qanun şübhəli məqamlar varsa, onların ittiham olunan şəxsin xeyrinə şərh olunmasını nəzərdə tutub: “Bu hadisə cəmiyyətdə kifayət qədər rezonans doğurub. Ona görə də gözdən pərdə asmaq üçün Mahir Abdullayev qurban seçilib. İttiham söz yığınından başqa bir şey deyil. İnanırıq ki, məhkəmə bu ədalətsizliyə son qoyacaq”.

Məhkəmə prosesi aprelin 16-da davam edəcək.

Cinayət işində iddia olunur ki, M.Məmmədov spirtli içki aludəçisi olub. Oğlu onun evini ələ keçirmək məqsədilə illərlə Narkoloji Mərkəzdə saxlatdırıb. Bu məqsədlə həkim Afət Məmmədovaya rüşvət verilib. Martın 1-də onun Narkoloji Mərkəzdə növbəti müalicə kursunun müddəti başa çatıb. Ona müddətin artırıldığını deyəndə narazılıq edib. Gecə özünü öldürmək məqsədilə yorğanı yandırıb, amma az sonra fikrindən daşınıb. Yorğanı üstündən yerə atıb və nəticədə otaq alovlanıb, digər palataları da alov bürüyüb.

Lakin M.Məmmədov ittihamı rədd edir. Cinayətin onun üzərinə atıldığını, ilkin ifadəyə də işgəncə altında imza atdığını bildirir.

Mərkəzin keçmiş direktoru T.Məmmədhəsənov və müavini M.Abdullayev Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma), A.Məmmədova isə 311-ci (rüşvət alma) maddəsilə ittiham olunur. Onlar da özlərini təqsirli bilmirlər.

Ana səhifəXəbərlərHüquq müdafiəçisi qardaşının ölümü haqda: Heç olmasa, nəticə çıxarsınlar…