”Hüquq müdafiəçilərini xain deyil, qəhrəman kimi qəbul etmək lazımdır”

Mişel Forst: “Dialoq və tərəfdaşlıq nəticə etibarı ilə Azərbaycan dövlətinin maraqlarına cavab verir”

Source:


Mişel Forst: “Dialoq və tərəfdaşlıq nəticə etibarı ilə Azərbaycan dövlətinin maraqlarına cavab verir”

Sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının müstəqil eksperti Mişel Forst qurumun Bakı nümayəndəliyində Azərbaycana səfəri ilə əlaqədar mətbuat konfransı keçirib.

Mişel Forst bildirib ki, bu, son onilliklər ərzində mühüm dəyişikliklər və xeyli geosiyasi çətinliklər ilə üzləşən Azərbaycana ilk səfəridir: “Bu gün mən əsas məsələlər üzrə ilkin müşahidə və tövsiyələrimi bildirəcəyəm, səfər zamanı topladığım material və sənədləri nəzərdən keçirdikdən sonra isə daha ətraflı hesabat hazırlanacaq. 2017-ci ilin martında yekun hesabatım BMT-nin Cenevrədəki İnsan Hüquqları üzrə Şurasına təqdim ediləcək. Əvvəlcədən qeyd edim ki, mən BMT-nin işçisi hesab edilmirəm və tutduğum vəzifə fəxri vəzifədir. Müstəqil bir ekspert olaraq peşəkar və bitərəf rəy və hesabatımı İnsan Hüquqları üzrə Şuraya və Baş Assembleyaya birbaşa olaraq təqdim edirəm”.

Vətəndaş cəmiyyətinin zəif mövqeyi barədə təəssüratlarım daha da gücləndi

O, səfəri zamanı Prezident Administrasiyasında, Dövlət Təhlükəsizlik Xidmətində, Xarici İşlər Nazirliyində, Daxili İşlər Nazirliyində, Vergilər Nazirliyində, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və Ədliyyə Nazirliyində yüksək rütbəli nümayəndələr ilə görüşlər keçirdiyini bildirdi. Eyni zamanda, Ali Məhkəmə, Baş Prokurorluq, Ombudsman Aparatı və QHT-lərə Dövlət Dəstəyi Şurasında da rəhbərlik ilə görüşlər keçirib. Bundan başqa, BMT-nin Rezident Əlaqələndiricisi və digər BMT agentlikləri, Avropa Şurası və diplomatik korpusların müxtəlif nümayəndələrilə təmasları olub: “Bundan əlavə, insan hüquq müdafiəçiləri, o cümlədən həbsdə olan hüquq müdafiəçiləri ilə geniş müzakirələr keçirdik ki, bu da məndə Azərbaycanda vətəndaş cəmiyyətinin zəif mövqeyi barədə təəssüratlarımı daha da gücləndirdi”.

M.Forst bildirdi ki, Azərbaycan hökumətini insan hüquqları müdafiəçilərinin dinc və qanuni fəaliyyətlərini kriminallaşdırmağı dayandırmağa, bütün həbsdə olan müdafiəçiləri azad etməyə, onlara və ailə üzvlərinə qarşı cinayət və inzibati sanksiyaları ləğv etməyə çağırıb: “Son üç ildə Azərbaycanın vətəndaş cəmiyyəti ölkənin müstəqillik qazandığı vaxtdan bəri ən pis vəziyyətlə qarşılaşıb. Onlarla QHT, onların rəhbərləri, üzvləri və onların ailə üzvləri inzibati və hüquqi təqibə məruz qalıb, habelə əmlakları müsadirə edilib, bank hesabları bağlanıb, xaricə çıxışa qadağa qoyulub, onlara qarşı küllü miqdarda vergi cərimələri tətbiq edilib və hətta həbs olunanlar var. Ən azı 20 jurnalist və bloqqerə qarşı tənqidi fikirlərini bildirdiklərinə görə hər yolla sanksiya irəli sürülüb və müstəqil informasiya agentliklərinin isə lisenziyaları ləğv edilib”.

O, eyni zamanda toplaşma azadlığına qoyulan məhdudiyyətə də toxunub: “Azərbaycanın dövlət orqanları toplaşma imkanını geniş anlamda tənzimləməklə bu hüququ məhdudlaşdırıb və insan hüquqları müdafiəçilərinin ictimai yığıncaqlar üçün etdikləri müraciəti rədd edib”.

Azadlıq Radiosu və Meydan TV-nin yayımı dayandırılıb

Fikirlərini konkretləşdirmək üçün faktları sadalayan Mişel Forst deyib ki, milli və beynəlxalq qanunvericilikdə ifadə azadlığı hüququnun təmin edilməsinə baxmayaraq, Azərbaycan media və jurnalistlər üçün lazımi mühitin yaradılmasındakı çətinliklər hələ də qalır: “Müstəqil media orqanları tez-tez hədəf kimi seçilir, tənqidi fikir söylədiklərinə görə onların lisenziyaları əllərindən alınır. Məsələn, 2014-cü ilin dekabrında hökumət vətəndaş cəmiyyətinə qarşı geniş cinayət təqibi kontekstində Azadlıq Radiosunun fəaliyyətini dayandırıb, elə həmin ayda Meydan TV öz yayımını dayandırmağa məcbur edilib. Onun həm redaktoru, həm də direktoru xaricə qaçmağa məcbur olub və onların jurnalistlərinin əksəriyyətinin ölkədən çıxış qadağası hələ davam edir, bank hesabları isə dondurulub. İyulun 15-də Türkiyədə çevrilişə cəhdlə bağlı vəziyyəti yayımladığına görə istintaqa cəlb edilmiş ANS TV/Radionun yayımı da dayandırılıb. Müstəqil qəzetlərə, nümunə üçün ikisinin adını çəkirəm, fəaliyyətini dayandırmış “Zerkalo”ya və “Xural”a qarşı sərt təzyiqlərin edilməsi barədə məlumatlar əldə etmişəm”.

Ən azı 20 jurnalist və bloqqerin ölkədən çıxışına qadağa qoyulub

BMT eksperti 2014-cü ilin avqustunda saxta xuliqanlıq ittihamı ilə 5 il azadlıqdan məhrum edilən “Azadlıq” qəzetinin jurnalisti və “Azərbaycan Saatı”nın aparıcısı Seymur Həzilə görüşdüyünü dedi: “Bir ay əvvəl isə həmin qəzetin maliyyə direktoru Faiq Əmirov Fətulla Gülən barədə kitab və elektron materialları saxlaması və yayması və həmçinin “Hizmət imamları” adlı qrupla əlaqələrinin olması ittihamıyla həbs olunub. Onun həbsi qəzetin maliyyə hesablarının dondurulmasına səbəb olub.

“2015-ci ilin sentyabrında tanınmış təhqiqatçı jurnalist Xədicə İsmayıl mənimsəmə və vergidən yayınma ittihamları ilə 7.5 il müddətinə azadlıqdan məhrum edilib. Düzdür, o, bu ilin mayında şərti həbs cəzası verilməklə azadlığa buraxılsa da, 5 il müddətinə ölkədən çıxışına qadağa qoyulub. Bu və ya digər səbəblərdən ölkədən çıxmasına qadağa qoyulan ən azı 20 jurnalist və bloqqer barədə mənə məlumat verilib. Həmçinin, tənqidçi, müstəqil qəzet və media orqanlarında reklam verən özəl şirkətlərə təzyiq edilir ki, bu da həmin media orqanlarının maliyyə durumunu pisləşdirib və fəaliyyətlərini məhdudlaşdırıb”,-deyə Forst bildirib.

O, ifadə azadlığının müdafiə edilməsi istiqamətində fəaliyyət göstərən bəzi QHT-lərin istintaqa cəlb olunduğunu xatırladaraq, Media Hüquqları və Reportyorların Azadlığı və Təhlükəsizliyi institutlarının adlarını çəkib: “Həmin təşkilatların rəhbərləri ilə yanaşı keçmiş əməkdaşları da istintaqa cəlb edilib və artıq bir neçə ildir ki, onların bank hesabları dondurulub. Bu, QHT-lərin fəaliyyətlərinin dayandırılması ifadə azadlığı, jurnalist kimi fəaliyyət göstərən insan hüquq müdafiəçilərinin hüquqlarının qorunması sahəsində boşluq yaradıb. İlkin müşahidələrim onu göstərir ki, Azərbaycanda məlumata əlçatımlılıqla bağlı mövcud qanunvericiliyə baxmayaraq, vətəndaş cəmiyyətlərinin məlumata əlçatımlılığı məhdudlaşdırılıb. Hökumət orqanlarına məlumat almaq üçün müraciət edəndə adətən rədd cavabı verilir. Buna görə də, insan hüquq müdafiəçiləri hökumətdən tam olaraq müstəqil olduğu hesab edilməyən məhkəmələr vasitəsilə məlumat almağa məcbur olur”.

O, 2013-cü ilin iyununda qanunvericiliyə edilən dəyişiklikləri xatırladaraq bildirib ki, bunun nəticəsində şirkətlərin və yayım şirkətlərinin sahibləri haqqında məlumat əldə etmək mümkün deyil, çünki həmin məlumatlar indi kommersiya sirri hesab olunur.

“Bu nəinki anti-korrupsiya sahəsində çalışan QHT-lərə və həmçinin şəffaflığın təmin edilməsi və korrupsiya ilə mübarizə aparan hökumətin səylərinə də əngəl törədir. Bu cür dəyişiklik edilməsinin səbəbi isə əvvəllər sərbəst məlumatdan sui-istifadə edilərək fərdi şəxslərin “şantaj” edilməsi kimi göstərilmişdir ki, bu da inandırıcı deyil. Belə ki, fərdi şəxslərin mümkün şantaj hallarından qorunması üçün Azərbaycanda müvafiq qanunverici və siyasət alətləri mövcuddur. Hal-hazırda məlumat əldə etmək üçün göndərilən sorğu rədd edildikdə məhkəməyə şikayət verilə bilər, məhkəmələrin isə hakimiyyətin tərəfində durduğu bəllidir, və yaxud Ombudsman Aparatına müraciət edilə bilər ki, onların da mandatı bu sahə üzrə səmərəli deyil”,- Forst belə deyib.

Forst
Forst

Həbs olunanların siyahısı hökumətə təqdim olunub və məsələyə aydınlıq gətirilməsini səbirsizliklə gözləyirəm

İnternetə geniş imkanlar yaradıldığını söyləyən ekspert həmçinin internetdə tənqidi fikir bildirdiyinə görə cəzalandırılan, o cümlədən cinayət məsuliyyətinə cəlb edilən şəxslər barədə də məlumatların artdığını dilə gətirib: “Məsələn, tanınmış insan hüquqları üzrə bloqqer Mehman Hüseynovu nümunə kimi göstərmək olar. Mehman Hüseynov 2012-ci ilin iyununda qısa müddətə saxlanılıb və sonradan azad edilsə də, istintaq işi yekunlaşmayıb, onun ölkədən çıxışı qadağan edilib və şəxsiyyət vəsiqəsi müsadirə olunub. Yaxud keçmiş vicdan məhbusu Fuad Qəhrəmanlı “Facebook”-da insanları öz hüquqlarını qorumağa çağırış etdiyinə görə, 2015-ci ilin dekabrında həbs edilib və ona qarşı “dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə və milli, dini nifrət aşılayan çağırışlar etmə” ittihamı ilə cinayət işi açılıb”.

Mişel Forst deyib ki, bir çox halda Azərbaycan hakimiyyəti insanların toplaşmasını tənzimləməklə dinc etiraz hüququnu məhdudlaşdırır. Kütləvi toplaşmalar üçün müraciətlər, xüsusilə də, bu cür müraciətlər tənqidçi vətəndaş cəmiyyəti tərəfindən və ya regionlardan gəldikdə əksər hallarda rədd cavabı verilib, gecikdirilmiş və ya kütləvi yığıncaqlar üçün yararsız və ya ucqar yerlərdə keçirilməsinə icazə verilir: “Hətta dinc aksiyalara cavab olaraq kəskin cavab tədbirlərinin görülməsi və dinc etirazçıların həbsi barədə mənə məlumat verilib. Özəl şirkətlər, o cümlədən, otellər hökumətin mənfi reaksiyası ilə qarşılaşmamaq üçün müxalifət fəallarına xidmət göstərməkdən imtina edib. Mənə həmçinin məlum olub ki, hökumət dinc etirazlara qarşı “qabaqlayıcı tədbirlər” görərək, kütləvi etiraz aksiyalarının təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib və ya aksiyadan əvvəl onları müvvəqqəti olaraq həbs edib. Bununla belə, mən Konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutan qarşıdakı referendumla bağlı 17 sentyabrda keçirilən dinc aksiyada xəbərdarlıq edilən, həbsə alınan və saxlanılan 45 nəfər şəxs və insan hüquq müdafiəçilərinin siyahısını hazırlamışam. Bu siyahı hökumətə təqdim olunub və məsələyə aydınlıq gətirilməsini səbirsizliklə gözləyirəm”.

O, 2013-2015-ci illərdə qanunvericiliyə edilən dəyişikləri xatırladaraq bildirib ki, QHT-lər üçün onsuz da çətin iş mühitində böhran yaranıb: “Hətta qanunvericilik dövlət qeydiyyatından keçməyən QHT-lərin fəaliyyətlərini qadağan etmədikdə belə, QHT-lərin fəaliyyətinin qarşısı effektiv şəkildə alınır, çünki onlar bank hesabı aça, hüquqi status və ya xarici maliyyələşmə əldə edə bilmirlər. Bundan əlavə, QHT-lər təsis sənədlərinə və ya faktiki ilkin şərtlərə edilən hər bir dəyişikliyin (məsələn, ünvanın və telefonun dəyişməsi) qeydiyyatını aparmalı və öz işlərini davam etdirmək üçün qeydiyyat şəhadətnaməsinin çıxarışını əldə etməlidir. Bu çətin tələbə hər hansı riayət etməmə inzibati öhdəlik vasitəsilə sanksiyalaşdırılır. Xarici QHT-lərin dövlət qeydiyyatından keçməyən yerli filialların fəaliyyəti üzrə risk öhdəliyi var. Onlar hökumətlə məhdud müddətə razılaşma imzalamalı və özlərinin “Azərbaycan xalqının milli və mənəvi dəyərlərinə hörmət” kimi bu cür qeyri-dəqiq meyara uyğunluğunu təsdiq etdirməlidirlər. Bu tələbə hər hansı riayət etməmə ağır maliyyə cərimələri ilə nəticələnir. Yeni qaydalar hökumətə geniş səlahiyyətlər verib və bu da qeydiyyatı qəbul edilməyən və ya heç bir qeydiyyat olmadan fəaliyyət göstərən və nəticədə mümkün cinayət təqibi ilə üzləşən təşkilatların sayının artması ilə nəticələnib. Maliyyələşmənin əldə edilməsi son qanunverici düzəlişlər nəticəsində ciddi şəkildə azaldılır. Hal-hazırda həm donor təşkilatlar, həm də donor resipiyentləri maliyyələşmiş fəaliyyətin həyata keçirilməsindən əvvəl dövlət orqanlarından təsdiq almalıdır. Faktiki olaraq qrantın verilməsi üçün 3 mərhələli mürəkkəb prosedur mövcuddur:

1) donor təşkilat qrantları təqdim etmək üçün icazə əldə etməlidir;

2) QHT-lər qrant müqavilələrini qeydiyyatdan keçirməlidir;

3) QHT-lər hər hansı xarici təşkilat, şirkət və ya fiziki şəxs ilə imzalanmış hər bir xidmət müqaviləsini icra edilməzdən əvvəl qeydiyyatdan keçirməlidir.

Bundan əlavə, QHT-lər barədə yeni qanunlarda inzibati cərimələrin sayı artırılıb və bu qanunlar qaydalara riayət edilməməsinə görə QHT-lərin fəaliyyətlərinin bir il müddətinə dayandırılmasına imkan verir. Müşahidələrimə görə, 2014-cü ildən bəri Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərin böyük miqyaslı izlənilməsinə tuşlanıb. Onlarla bu cür QHT-lər təşkilatın və onun rəhbərlərinin bank hesablarının müsadirə olunmasına; QHT əməkdaşlarının təkrarlanan istintaqına; QHT-nin maliyyə fəaliyyətləri üzrə vergi yoxlamalarına və nəticədə ağır cərimələrin tətbiqinə; QHT heyətinin sərhəd keçid məntəqələrində alçaldıcı və ayrı-seçkilik yaradan fiziki yoxlamalarına; və həmin QHT-lərin bağlanmasına məruz qalıb. Təsirə məruz qalmış QHT-lərin bir sıra işçilərin xaricə səfəri qadağan edilib və onların bank hesabları dondurulub. Tanınmış QHT liderləri həbs edilib, məhkum olunub və ya xaricə sürgün edilib. Məndə QHT-lərin və bu yolla hədəflənən insan hüquqları müdafiəçilərinin siyahısı var və bu cür cəzalandırıcı fəaliyyətlərin motivlərinə dair hökumətdən əlavə izahatlar almaq istəyirəm. Mən hökuməti QHT-lərə qarşı bu cür müdafiə və cəzalandırıcı münasibətdən uzaq durmağa və əvəzində hətta həmin təşkilatlar kritik və ya hökumətə zidd olduqda belə vətəndaş cəmiyyətinə qarşı daha dəstəkləyici yanaşmanı qəbul etməyə səsləyirəm”.

Vəkillər Assosiasiyası mühüm institusional boşluqlardan əziyyət çəkir

M.Forst vəkillik institunun durumu barədə deyib ki, insan hüquqları müvəkkillərinin cinayət təqibi, axtarış və onların əmlaklarının dondurulması vasitəsilə vəkil statuslarının ləğv edilməsi ölkədə insan hüquqları müdafiəçilərinin üzləşdikləri təcavüzün bir hissəsidir. İntiqam Əliyev, Aslan İsmayılov və Alayif Həsənov vəkillərin məlum məhkəmə işləri müstəqil hüquqşünasların saxlanma və məhkəmə prosesləri vasitəsilə hədə-qorxu ilə üzləşdiklərini əks etdirir. Hüquqşünasların həssas işlərdən kənarlaşdırılması və onların eyni iş üzrə şahid qismində saxlanılması halı ilə Yalçın İmanov da üzləşib, buna misal olaraq onun 2014-cü ilin dekabr ayında Azadlıq Radiosunun əməkdaşlarını müdafiə edərkən üzləşdiyi vəziyyəti göstərmək olar: “Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar üçün inzibati icraat prosesləri onların insan hüquqları və ya peşəkar fəaliyyətləri ilə bağlı əsas cəza tədbirlərindən biri idi. Mən Vəkillər Kollegiyasından ədalətsiz olaraq fəaliyyətlərinə xitam verilmiş Xalid Bağırovun, Müzəffər Baxşın, Alayif Həsənovun və Aslan İsmayılovun işini nəzərdən keçirmişəm. Praktiki olaraq Vəkillər Kollegiyası mühüm institusional boşluqlardan əziyyət çəkir, bu isə öz növbəsində onun legitimliyini sual altına qoyur və peşələrinin effektiv şəkildə tənzimlənməsi qabiliyyətinə şübhə doğurur”.

Dövlət rəsmiləri insan hüquq müdafiəçilərini Qərb dövlətlərinin beşinci kolonu adlandırır

Ekspert Bakıya gələrkən Azərbaycanla bağlı son Ümümdünya Dövri İcmalları üzrə müxtəlif BMT insan hüquqları mexanizmləri, tövsiyələrini əks etdirən sənədlər və hesabatlarla tanış olduğunu deyib. O bildirib ki, diqqətçəkən məqam bütün sənədlərin Azərbaycanda insan hüquqları müdafiəçilərinin vəziyyətlərinin pisləşməsi barədə eyni qiymətləndirməyə malik olmalarıdır. Bununla bağlı hökumətə bir sıra tövsiyələr ünvanlanıb.

O, Avropa İnsan Hüquqları Məhkəməsinin REAL sədri İlqar Məmmədov barədə qərardadlarının hökumət tərəfindən yerinə yetirilmədiyini də söyləyib:

“Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətə düşüb. Dövlət rəsmiləri insan hüquq müdafiəçilərini Qərb dövlətlərinin beşinci kolonu, xarici dövlətlərə cəsusluqda ittiham edir və bunun nəticəsində vətəndaş cəmiyyəti fəallarının oynadığı rola dair əhali arasında yalnış təsəvvürlər formalaşdırır. Fundamental azadlıqları təşviq və qanun pozuntularını tənqid edən şəxslər cəmiyyətin və mədəniyyətin dəyərlərinə zidd olan siyasi opponent damğası ilə üzləşiblər. Onlar siyasi və yaxud maddi maraqlar güdən şəxs olmaqda təqsirləndiriliblər. Onlar hücüm, hədə-qorxularla üzləşib, habelə onlara qarşı “xuliqanlıq”, “çirkli pulların yuyulması”, “təxribat”, “narkotik qaçaqmalçılığı” və ya dövlətin quruluşunu zorla dəyişdirməyə cəhd kimi ittihamlar irəli sürülüb və məhkum olunublar. Gördükləri işi gözdən salmaq məqsədilə müdafiəçilər onların şəxsiyyətini ləkələyən kampaniyalarla üzləşib, onları siyasi müxalifətlə eyniləşdirmək və yaxud satqınlıqda ittiham etmək cəhdləri baş verib. Hüquq müdafiəçilərinin düşmən obrazında təqdim edilməsi prosesi vətəndaş cəmiyyətinin özünü müdafiə etmək üçün üz tuta biləcəyi mexanizmlər, habelə gördükləri işin leqitimliyinin artırılması və müdafiə alətlərinə dair kifayət qədər məlumatlı olmaları nəticəsində daha də dərinləşib”.

“Bu gün çatdırmaq istədiyim ismarıc ondan ibarətdir ki, Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan insanları xain deyil, qəhraman kimi qəbul etmək lazımdır. Onlar dəyişikliyi, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması naminə dəyişiklikləri təşviq edən insanlardır, mən onlarla söhbət etdim, onların təsiredici hekayələrini eşitdim. Onları rədd etmək deyil, qəbul etmək lazımdır. Məhz bu səbəbdən, mən höküməti vətəndaş cəmiyyəti təşkilatları ilə körpülər qurmağa, geniş və inklüziv iştirakı təmin etməklə insan hüquq müdafiəçiləri ilə müntəzəm və məzmunlu dialoq qurmağa çağırıram. İnarıram ki, belə bir dialoq və tərəfdaşlıq nəticə etibarı ilə Azərbaycan dövlətinin maraqlarına cavab verir”- Forst belə deyib.

Tədbirin sualların verilməsi hissəsində bir sıra jurnalistlərin “sizin çıxışınız əvvəlcədən hazırlanmayıbmı” sualını təxribatçı hesabat edən Forst bildirdi ki, idarəetməni beynəlxalq standartlara uyğunlaşdırılması işində hökümətin istənilən səylərini dəstəkləməyə də hazırdır.

Sonda o, hökumətə tövsiyələrini çatdırdı.

Ana səhifəXəbərlər”Hüquq müdafiəçilərini xain deyil, qəhrəman kimi qəbul etmək lazımdır”