Leyla Yunus “Bəsdirin, əfv fərmanlarına inanmayın” dedi, Novella Cəfəroğlu isə məyusdur
Mayın 26-da prezident İlham Əliyev Əfv fərmanı imzalayıb. 168 nəfəri əhatə edən fərmanda siyasi məhbuslardan yalnız Daşqın Məlikovun, Fərəməz Novruzovun və Bəxtiyar Məmmədovun adları yer alıb.
Hüquq müdafiəçisi Leyla Yunus fərmanın imzalanmasından əvvəl söylədiklərinin reallaşdığını dedi: “Azərbaycanda ildə iki dəfə bu cür yanaşma olur ki, əfv fərmanı olacaq və siyasi məhbuslar azad ediləcək, insanlar da buna inanır. Bu cür düşünənlərə “Bəsdirin!” demək lazımdır. Nə qədər olar insanları aldatmaq?! Bu cür düşünənlər Avropa Şurasının baş katibi cənab Yanqlanda da deyirdilər ki, əfv olacaq və 29 nəfər azad ediləcək. Ardınca da İlham Əliyevə vaxt verməyi xahiş edirdilər, bəs nə oldu? Əvvəllər belə çıxışları mənim həmkarım olan hüquq müdafiəçiləri edirdilər. Təəssüf ki, indi gənc hüquq müdafiəçiləri də ictimaiyyətə belə yalançı ümidlər aşılayırlar. Görünür, Prezident Administrasiyası yaxşı işləyir. Mən o zaman da dedim ki, əfv fərmanlarına inanmayın, çünki hakimiyyət bir qrupu azad edirsə, başqalarını həbs edir. Ona görə mən siyasi məhbuslar siyahısının bu cür tirajlamağın əleyhinəyəm. Yaxud hansı məhkəmə araşdırmalarından danışmaq olar ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur, məhkəmələr Prezident Administrasiyasından asılıdır”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu əfv fərmanından məyus olduqlarını bildirdi: “Monitorinq Qrupu Leyla Yunus, Rəşid Hacılı, Emin Hüseynov, Rəsul Cəfərov və digər hüquq müdafiəçiləri ilə razılaşıb 29 nəfərin əfv olunması haqqında prezidentə müraciət etmişdik. Həmin siyahı baş katib Yanqlanda və başqa avropalı qonaqlara da təqdim olunmuşdu. Onlar da siyahını prezidentə vermişdilər. Düşünürdük ki, 29 nəfər azad olunsa, cəmiyyətdə ictimai-siyasi atmosfer dəyişər, insanlarda hakimiyyətə inam artar. İkinci, AŞ PA-nin iyun sessiyasında fərqli münasibət göstəriləcəkdi və Qarabağda azərbaycanlıların hüquqlarının pozulduğunu açıq şəkildə səsləndirəcəkdi. Yəni nümayəndə heyətinə siyasi məhbsularla bağlı sual verilməsin, buna görə 29 nəfərlik siyahı hazırlamışdıq. Bu mənada AŞ PA-da nə olacağından narahatıq”.
Novella Cəfəroğlu Apellyasiya Məhkəmələrindəhansı qərarıən veriləcəyinə ümid etsə də, “Azərbaycanda ümid etmək çox çətindir” deməyi də unutmadı.