Hüquq müdafiəçisi Zəfər Əhmədov və oğlu Fuad Əhmədli iyulun 17-də səhər saatlarında Baş Prokurorluğa aparılıb.
Bu barədə məlumatı Zəfər Əhmədov özünün “Facebook” səhifəsində ictimailəşdirib.
Onun sözlərinə görə, səhər saat 7 radələrində yaşadıqları evə Baş Prokurorluğun müstəntiqi, altı nəfər əməliyyatçı və iki hal şahidi gəlib. Daha sonra həmin evdə axtarış aparılıb. Bütün texniki cihazlar götürülüb, hüquq müdafiəçisi və oğlu Baş prokurorluğa aparılıblar.
“İllər öncə açılmış və artıq bitmiş saydığımız, bizə dolayısı ilə də dəxli olmayan “cinayət işi” ilə bağlı şahid qismində dindirmədən sonra 18:00-a kimi saxlayıb buraxdılar”.
Zəfər Əhmədov hazırda təsisçilərindən biri (Rüfət Səfərov- red.) həbsdə olan, 2019-ci ildə yaradılmış “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisidir.
Onun oğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından olmuş Fuad Əhmədli 2016-cı ilin avqustunda həbs edilərək, dörd il həbs cəzası alıb.
Öncə o, Fətullah Gülənin tərəfdarı kimi qələmə verilsə də, sonradan Fuada operator işlədiyi “Azefon” şirkətində (Nar Mobile) müştərilərə aid məlumatları yaymaq ittihamı irəli sürülüb.
Fuad Əhmədli 2020-ci il avqustun 18-də həbs müddətini bitirərək azadlığa çıxıb.
Hüquq müdafiəçisi bildirir ki, şahidin evində axtarış aparılması düzgün deyil. O eyni zamanda qeyd edib ki, baş verənlərə görə oğlunu da işdən çıxarıblar.
Yazılanlara aidiyyatı qurumlar hələlik münasibət bildirməyib.