“Hüquq, ədalət adı altında baş verən rəzalət sistemlə bağlıdır”(VİDEO)

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquqşünas İntiqam Əliyevin məhkəmə prosesi keçirilib. Proses İntiqam Əliyevin “son söz”ü ilə başlayıb. Hüquqşünas son sözündə həbsinin siyasi sifariş olduğunu deyib. O, dostlarına təşəkkür edib.

 İntiqam Əliyevin son sözündən sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra İntiqam Əliyevə 3 hakim- Rasim Sadıqov, Əfqan Hacıyev, Fikrət Qəribov hökm oxuyublar. Hökmə əsasən, hüquqşünas 7 il, 7 ay müddətinə azadlıqdan məhrum olunub. O, həmçinin, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

Hökmdə İntiqam Əliyevin aldığı qrant layihələri ilə Qarabağ müharibəsi zamanı qaçqın və məcburi köçkün düşmüş vətəndaşların hüquqlarını müdafiə etməməsi, Qarabağ problemini Avropa Məhkəməsi qarşısında qaldırmaması, cəbhə bölgəsində yaşayan insanlar üçün təlimlər keçirməməsi bildirilib və bunlar ağırlaşdırıcı hal kimi dəyərləndirilib.

Hüquqşünasın xanımı Nurlana Əliyeva çıxışında İntiqam Əliyevin əslində, xoşbəxt insan olduğunu deyib.

İntiqam Əliyevin övladları hökmün gözlənilən olduğunu vurğulayıblar.

20 ildən artıqdır hüqüqşünas kimi fəaliyyət göstərən İntiqam Əliyev insan haqları sahəsində göstərdiyi fədakarlığa görə 2013-cü ildə Praqada People in Need təşkilatı tərəfindən mükafata layiq görülüb. Bir il sonra, avqustun 8-də isə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma kimi ittihamlarla həbs olunub. Həbsindən sonra “Amenisty İnternational” təşkilatı onu “Vicdan məhbusu” elan edib.

Ana səhifəVideo“Hüquq, ədalət adı altında baş verən rəzalət sistemlə bağlıdır”(VİDEO)