İngiltərə və Uels Hüquq Cəmiyyətinin (The Law Society of England and Wales) prezidenti Mark Evans Prezident İlham Əliyevə hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun azadlığa buraxılması üçün çağırış edib.
Hüquq Cəmiyyətinin Prezidenti Mark Evans vəkil Qəhramanovun barəsində seçilmiş həbs qətimkan tədbirindən narahatlığını bildirib.
“Hüquq Cəmiyyəti vəkil Zabil Qəhramanov istintaq dövründə həbsdə saxlanılmasından narahatdır. O, tanınmış müdafiəçidir və polis zorakılığına məruz qaldığı iddia edilən bir çox şəxsi müdafiə edib”, – deyə Evans məktubunda yazıb.
Mark Evans həmçinin qeyd edib ki, Zabil Qəhrəmanov fəaliyyəti dövründə Azərbaycandakı polis zorakılığındanda bəhs edib.
Müraciətdə bildirilir ki, Qəhrəmanovun həbsi onun vəkillik fəaliyyətinin 6 ay müddətinə dayandırılmasından qısa müddət sonra baş verib. Mark Evans yazır ki, Vəkillər Kollegiyası bu qərarı 2025-ci il oktyabrın 8-də, Daxili İşlər Nazirliyinin şikayəti əsasında qəbul edib. İntizam tədbirinin əsasları ictimaiyyətə açıqlanmayıb və intizam prosesində şəffaflığın olmaması problem kimi göstərilir. Evans həmçinin vurğulayır ki, vəkillərə qarşı intizam icraatlarının başlanması üçün əsaslar həddən artıq geniş və qeyri-dəqiqdir; bu da özbaşına tətbiq riskini artırır və hüquqi müəyyənliyi zəiflədir.
Mark Evans məktubunun ən sərt hissəsində vurğulayır ki, Zabil Qəhrəmanova qarşı irəli sürülən ittihamlar və onun vəkillik lisenziyasının dayandırılması peşə fəaliyyəti və insan hüquqlarının müdafiəsi ilə birbaşa əlaqəli görünür. Evansın fikrincə, bu addımlar Qəhrəmanovun hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həyata keçirilən qisas xarakterli tədbirlər təsiri bağışlayır.
Məktubda həmçinin qeyd olunur ki, Qəhrəmanovun hədəfə alınması təkcə fərdi hadisə kimi qiymətləndirilmir. Evans bunu Azərbaycanda vəkillərə qarşı müşahidə olunan daha geniş və narahatedici tendensiyanın tərkib hissəsi hesab edir. Onun sözlərinə görə, hüququn aliliyini və fundamental hüquqları müdafiə edən vəkillərin sistemli şəkildə təzyiq və təqiblə üzləşməsi ölkədə müstəqil hüquqi fəaliyyət üçün ciddi risklər yaradır.
Evans bu cür halların hüquq sisteminə olan etimadı zəiflətdiyini və vəkillərin peşə borclarını sərbəst şəkildə yerinə yetirməsinə mane olduğunu da xüsusi olaraq vurğulayır.
Müraciətdə qeyd olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda vəkillərə qarşı “özbaşına fəaliyyətin dayandırılması”, kollegiyadan xaric etmə, ölkədən çıxış qadağaları və bank hesablarının dondurulması kimi tədbirlərlə bağlı dəfələrlə pozuntu müəyyən edib. Mark Evans AİHM-in 7 oktyabr 2025-ci il tarixli “İmanov Azərbaycana qarşı” qərarına istinad edərək, vəkilin kollegiyadan xaric edilməsinin proporsional və əsaslandırılmış sayılmadığını, bunun ifadə azadlığı və şəxsi həyata hörmət hüquqlarını pozduğunu xatırladır.
Məktubda BMT-nin “Vəkillərin rolu haqqında əsas prinsipləri”nə əsasən vurğulanır ki, vəkillər qorxu və təzyiq olmadan peşə funksiyalarını icra etməli, peşə fəaliyyətlərinə görə sanksiyalarla üzləşməməli və müştərilərinin mövqeyi ilə eyniləşdirilməməlidir. Eyni zamanda, onların ifadə və birləşmək azadlığı, hüquq və insan hüquqları ilə bağlı ictimai müzakirələrdə iştirak etmək hüququ olduğu qeyd edilir.
Sənədin sonunda Hüquq Cəmiyyəti Azərbaycan hakimiyyətini Zabil Qəhrəmanova qarşı təqibi dayandırmağa, ona qarşı irəli sürülən ittihamları ləğv etməyə, vəkillik lisenziyasını bərpa etməyə və vəkillərin BMT prinsiplərinə uyğun olaraq maneəsiz fəaliyyətini təmin etməyə çağırır. Evans bildirir ki, təşkilat Qəhrəmanovun və Azərbaycandakı digər vəkillərin vəziyyətini izləməyə davam edəcək. Müraciətdə həmçinin Hüquq Cəmiyyətinin İngiltərə və Uelsdə 200 mindən çox vəkili təmsil etdiyi və 2014-cü ildən BMT-nin İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna malik olduğu vurğulanır.
Zabil Qəhrəmanov oktyabrın 25-də Gəncə şəhər Məhkəməsinin qərarı ilə həbs edilib. Onun oktyabrın 23-də Göygöldə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.
Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunmuşdu.
Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.