Human Rights Watch: “Hakimiyyət dərhal Cəfərovu azad etməlidir”

“Cəfərov Azərbaycanda siyasi motivli təqiblərin ən nüfuzlu və açıq tənqidçisi idi, indi isə özü bu təqibin qurbanına çevrildi”

Source:


“Cəfərov Azərbaycanda siyasi motivli təqiblərin ən nüfuzlu və açıq tənqidçisi idi, indi isə özü bu təqibin qurbanına çevrildi”

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı ictimai fəal Rəsul Cəfərovun 6 il yarım həbs cəzası almasını pisləyən bəyanat yayıb.

Aprelin 16-da məhkəmə Rəsul Cəfərovu qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə və saxtakarlıqda təqsirli bilərək barəsində hökm çıxarıb.

Human Rights Watch bildirir ki, bu hökm hökumətin müstəqil səslərə amansız təzyiqinin göstəricisidir. “Hakimiyyət dərhal Cəfərovu azad etməli və ona qarşı siyasi motivli hökmü ləğv etməlidir. Hakimiyyət həmçinin ölkədə insan haqları icmasının təqibini dayandırmalı və insan haqları qruplarının azad hərəkətinə imkan verməlidir”.

“Rəsul Cəfərova qarşı məhkəmə hökmü dəhşətli ədalətsizlik hərəkətidir,” Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib. “Cəfərov Azərbaycanda siyasi motivli təqiblərin ən nüfuzlu və açıq tənqidçisi idi, indi isə özü bu təqibin qurbanına çevrildi. Şübhə yoxdur ki, Cəfərova qarşı hökm hökumətin ölkədə tənqidi səslərin kökünü kəsmək cəhdlərinin bir hissəsidir”.

Beynəlxalq hüquq-müdafiə təşkilatı “Amnesty International” Rəsul Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də Rəsul Cəfərov barəsindəki hökmü pisləyib. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
“Rəsul Cəfərov barəsində verilən ədalətsiz hökm Azərbaycan həbsxanalarında əsassız saxlanılan jurnalistlərin və hüquq müdafiəçilərinin sayını artırır”, – deyə Miyatoviçin bəyanatında bildirilir.
ATƏT təmsilçisi vurğulayıb ki, Azərbaycanda fundamental insan haqları və tənqidi səslər sistemli və geniş şəkildə pozulur: “Yaxın gələcəkdə mən bizi narahat edən bu məsələlərin həlli məqsədilə Bakıya səfər etmək niyyətindəyəm. Təəssüf ki, dövlət orqanları onlarla görüşlər zamanı etdiyim çoxsaylı müraciətlərə məhəl qoymayıblar. Buna baxmayaraq, Azərbaycanla konstruktiv dialoq axtarışını davam etdirməliyəm”.

ATƏT Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin sədri, Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Izabel Santos Rəsul Cəfərovun uzunmüddətli həbs cəzasına məhkum edilməsinə dair hökmü pisləyib. O, eyni zamanda, Rəsul Cəfərovun “vicdan məhbusu” kimi tanınması üçün beynəlxalq ictimaiyyətə çağırış edib.
“Azərbaycanda ötən il hakimiyyətin tanınmış hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına qarşı ardıcıl hücumlarıyla yadda qaldı. Rəsul Cəfərov uzun müddətdir hakimiyyətin hədəfində idi və bugünkü hökm də saxta ittihamlar, maliyyə təzyiqləri, ölkədən çıxışa qoyulan məhdudiyyətlərlə müşayiət olunan təqiblərin nəticəsi idi.
O, açıq-aşkar vicdan məhbusudur və bunu etiraf etməyin zamanıdır”, – deyə Izabel Santos bildirib.

Ana səhifəXəbərlərHuman Rights Watch: “Hakimiyyət dərhal Cəfərovu azad etməlidir”