Təşkilat hesab edir ki, Olland Leyla Yunusla görüşə təkid etməlidir
“Azərbaycan hakimiyyəti tanınmış hüquq müdafiəçisi Leyla Yunusa və onun həyat yoldaşı Arif Yunusa qarşı repressiyalara son qoymalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları, əsasən Avropa Şurası üzrə tərəfdaşlar açıq bildirməlidir ki, hüquq müdafiəçilərinə qarşı təqiblərin davam etməsi onların Azərbaycan hökuməti ilə münasibətlərinə təsir göstərir”.
“Human Rights Watch” təşkilatının bəyanatında belə deyilir.
Bəyanatda bildirilir ki, hakimiyyət dərhal Leyla və Arif Yunusların pasportlarını qaytarmalı, onların hərəkət azadlığının pozulmasına son qoymalıdır. Fransa prezidenti Fransua Ollandın mayın 11-12-də Azərbaycana səfəri planlaşdırılır. Leyla Yunusun Bakıda onunla görüşəcəyi gözlənilir: “2013-cü ildə Leyla Yunus insan hüquqları uğrunda mübarizəyə görə Fransanın ali ordeni – fəxri legion ordeni ilə təltif edilib. Odur ki, Olland Leyla Yunusla görüşə təkid etməlidir və bildirməlidir ki, onların, həmçinin R.Mirqədirovun azadlığı Fransa-Azərbaycan münasibətləri üçün böyük əhəmiyyət daşıyır”.