Human Rights Watch-dan QHT-lərlə bağlı növbəti bəyanat

“Azərbaycanın müstəqil qrupları əzməyə yönəlmiş son addımı göstərir ki, bu ölkə insan haqları və beynəlxalq şəffaflıq öhdəliklərinə məhəl qoymur”

Source:


“Azərbaycanın müstəqil qrupları əzməyə yönəlmiş son addımı göstərir ki, bu ölkə insan haqları və beynəlxalq şəffaflıq öhdəliklərinə məhəl qoymur”

“Azərbaycanda müstəqil qruplara maliyyəni məhdudlaşdıran yeni qanunvericilik dəyişiklikləri onların fəaliyyətini mümkünsüz edir”. Bu fikir Human Rights Watch (HRW) hüquq-müdafiə təşkilatının oktyabrın 13-də yaydığı bəyanatda yer alıb.

Təşkilat diqqəti bir məqama yönəldir ki, bu addımın atıldığı bir vaxtda Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü (MSŞT) oktyabrın 14-15-də Birmada keçiriləcək iclasında Azərbaycanın üzvlük məsələsinə baxacaq.

MSŞT təbii sərvətlərlə zəngin ölkələrdə açıq ictimai debatlar vasitəsilə daha yaxşı idarəçilik uğrunda yaradılmış beynəlxalq koalisiyadır. Bu koalisiyanın namizəd və üzv ölkələr üçün qaydaları fundamental azadlıqlara hörmət tələb edir. (EITI rules)

HRW bildirir ki, üzvlük üçün azad və fəal vətəndaş cəmiyyətinin iştirakı ən vacib amillərdən biridir. Ancaq son bir ildə Azərbaycan hökuməti müstəqil qrupların fəaliyyətinə əngəllər törədib, MSŞT üzvü kimi öhdəliklərinə əməl etməyib.

Bəyanatda xatırladılır ki, hökumət təbii sərvətlər üzrə şəffaflıq və digər məsələlərə görə qrantları qeydiyyata almaqdan imtina edib, qeyri-hökumət təşkilatlarının çoxunun bank hesablarını dondurub. MSŞT fəallarının qorxudulmasına yönəlik siyasi motivli təhqiqatlar başlanıb. Hökumətin təzyiqindən qorxaraq Human Rights Watch-a anonim danışan bəzi fəallar narahatdırlar ki, hökumət müstəqil qrupları məhv etmək və milli MSŞT prosesində yalnız hökumətin maliyyələşdirdiyi qruplara şərait yaratmaq istəyir.

Təşkilatın biznes və insan haqları üzrə böyük tədqiqatçısı Lisa Misol belə deyir ki, MSŞT rəhbərliyi Azərbaycanı qurumdan müvəqqəti uzaqlaşdırmalı və üzvlüyün bərpası üçün hansı işlərin görülməli olduğunu aydın şəkildə bildirməlidir. Azərbaycanın müstəqil qrupları əzməyə yönəlmiş son addımı göstərir ki, bu ölkə insan haqları və beynəlxalq şəffaflıq öhdəliklərinə məhəl qoymur (Azadlıq Radiosu).

Ana səhifəXəbərlərHuman Rights Watch-dan QHT-lərlə bağlı növbəti bəyanat