“Azərbaycan da 4 dəfə klastr bomba atıb”
“Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb”.
“Human Rights Watch” insan haqları təşkilatının dekabrın 15-də yaydığı
hesabat
da belə deyilir.
Təşkilat hazırladığı hesabatda beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanda “Toçka” və “İsgəndər” ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var.
“Human Rights Watch” vurğulayır ki, bu klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.
“Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildyini sənədləşdirib. Bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil 20 nəfər yaralanıb”, – hesabatda deyilir.
Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson bildirib ki, klastr sursatları beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyatlara biabırçı sayğısızlığı göstərir:
“Həm Ermənistan, həm də Azərbaycan klastr sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır. Klastr bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı mərmilər yayır. Bu mərmilərin bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər”.
Hesabatda oktyabrda Azərbaycanın Bərdə şəhərinə klastr bomba atıldığı, nəticədə 21 dinc sakinin öldürüldüyü, 70 nəfərin yaralandığı qeyd olunub.
Azərbaycana hücumların biri Bərdədə, ikisi Goranboyda, biri Tərtərdə qeydə alınıb. Qurum hücum vaxtı həmin ərazilərdə, yaxud onların yaxınlığında hərbi hissənin, avadanlığın, texnikanın mövcudluğunu müəyyənləşdirə bilməyib.
“Human Rights Watch” bildirir ki, 44 gün davam edən İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan da dörd hücumda klastr sursatlardan istifadə edib. Onlardan üçü Xankəndinə, birinin Hadruta atılıb.
Azərbaycan rəsmiləri isə əməliyyatlar zamanı klastr bombalardan istifadə edilmədiyini, yalnız yalnız hərbi hədəflərin vurulduğunu deyirlər.
“Human Rights Watch” noyabrın 27-də Yerevanda Xarici İşlər Nazirliyinin təmsilçisi ilə görüşüb. XİN rəsmisi ölkəsində klastr sursatlarının olmadığını deyib.