“Azərbaycan hakimiyyəti uzun illərdir davam edən siyasi motivli təqiblər və təzyiqlər fonunda müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı repressiyaları gücləndirib. Son aylarda hakimiyyət orqanları partiyanın rəhbərliyini getdikcə daha çox hədəf alır”.
Bunu “Human Rights Watch” insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Giorqi Qoqiya yazır.
Dekabrın 19-da məhkəmə partiyanın yüksək vəzifəli funksioneri Murad Sultanı 30 sutka müddətinə inzibati qaydada həbs edib. Bu qərar dekabrın 1-də partiya sədri Əli Kərimlinin guya hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə barəsində seçilmiş həbs qətimkan tədbirindən sonra verilib. Hakimiyyət orqanları həmçinin onun bir neçə mühafizəçisini və sürücüsünü də saxlayıblar. Əli Kərimli 2005-ci ildən bəri ölkədən çıxış qadağası ilə üzləşir.
Giorqi Qoqiya Azərbaycan hakimiyyətinin 2025-ci ildə AXCP-yə qarşı təzyiqi gücləndirdiyini, ölkə üzrə onlarla partiya üzvünü qanunsuz saxladığını, əsassız inzibati və cinayət ittihamları ilə həbs etdiyini yazır.
Dekabrın 12-də isə partiya üzvü, 22 yaşlı Elbəyi Kərimlinin həbsdə həyatına qəsd etdiyi bildirilir. O, keçmiş prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazandan sonra həbs olunub, satış məqsədilə külli miqdarda narkotik saxlamaqda təqsirli bilinib.
Giorgi Qoqiya bu il müxtəlif ittihamlarla həbs edilən digər AXCP fəallarından da söz açır:
“Azərbaycan hakimiyyəti dinc siyasi fəaliyyətə görə saxlanılan bütün şəxsləri dərhal azad etməli, siyasi müxalifətə qoyulan məhdudiyyətləri, o cümlədən Əli Kərimliyə qarşı 20 ildir qüvvədə olan ölkədən çıxış qadağasını ləğv etməli, həmçinin saxlanma zamanı baş vermiş zorakılıq halları və həbsdəki ölümlərlə bağlı müstəqil və qərəzsiz araşdırmalar aparılmasını təmin etməlidir”.
Hazırda AXCP-nin 20-dən çox üzvü müxtəlif ittihamlarla həbsdədir. Dekabrın 1-də isə “Ramiz Mehdiyev işi” çərçivəsində Partiya sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib.
Partiya üzvləri bu ittihamları qəbul etmir, siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərə məruz qaldıqlaını deyirlər.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Onun barəsində oktyabrın 14-də 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.