HRW: Yerevana getmiş azyaşlılar hazırda evlərinə qayıda bilmir

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

İnsan hüquqları təşkilatı Dağlıq Qarabağı Ermənistanla birləşdirən tək yolun bağlanmasından narahatdır

Dekabrın 21-də insan hüquqları təşkilatı “Human Rights Watch” (HRW) Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolun bağlanması ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, yol 2022-ci il dekabrın 12-dən bağlanıb və bu, orada yaşayan on minlərlə etnik erməninin zəruri mal və xidmətlərə çıxışını məhdudlaşdırıb:

“Bağlanan yol həm də Dağlıq Qarabağ sakinlərinin bölgəni tərk etməsinə mane olur. Mindən çox adamın bir tərəfdə qapalı qaldığı və evlərinə gedə bilmədiyi deyilir. Onların arasında Ermənistanın paytaxtı Yerevana getmiş və indi valideynlərinə və evlərinə qayıtmaqdan məhrum olan uşaqlar da var”.

“Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson deyib ki, Dağlıq Qarabağı xarici aləmə bağlayan yeganə yolun uzun müddət bağlanması dəhşətli humanitar nəticələrə səbəb ola bilər:

“Yolu kimin bağlamasından asılı olmayaraq, Azərbaycan hakimiyyəti və orada yerləşdirilən Rusiya sülhməramlı qüvvələri girişin açıq qalmasını təmin eyməlidirlər. Oradakı hərəkət azadlığını bərpa etməli və insanların əsas mal və xidmətlərə çıxışına şərait yaratmalıdırlar. Əhəmiyyətli malların və xidmətlərin kəsilməsi nə qədər uzun olarsa, mülki vətəndaşlar üçün risk bir o qədər artar”.

Dekabrın 12-si səhər saatlarından başlayaraq bir qrup azərbaycanlı Laçın yolunda aksiya keçirir.

Azərbaycanlılar rəsmi olaraq Azərbaycanın ərazisi olan, hazırda etnik ermənilərin məskunlaşdığı, separatçıların idarə etdiyi, tanınmayan Dağlıq Qarabağda mədən sahələrinə daxil olmağı tələb edir.

İddia edirlər ki, faktiki hakimiyyət qızıl və mis molibden yataqlarını qanunsuz istismar edir və həmin faydalı qazıntıları Ermənistana daşımaq üçün Laçın yolundan istifadə edir.

Etirazçılar yol kənarında çadırlar qurub, gecə-gündüz aksiyanı davam etdirirlər.

Son bir həftə ərzində onlar başqa şikayətlərini, o cümlədən Laçın dəhlizi boyunca rəsmi Azərbaycan gömrük-keçid məntəqələrinin yaradılması çağırışlarını ediblər.

Ermənistanla Azərbaycan arasında 2020-ci ildə Dağlıq Qarabağ uğrunda müharibə başa çatıb. Bundan sonra əraziyə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.

Hazırda isə ərazidə toplaşan insanların Dağlıq Qarabağdakı minalara doğru irəliləyəcəyi təqdirdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün sülhməramlılar yolu bağlayıb.

Şuşa-Xankəndi yolu. Foto: Meydan TV

Azərbaycan tərəf yolun bağlanmasına görə məsuliyyət daşıdığını inkar edir.

Regionun de-fakto Ombudsmanı Qeqam Stepanyanın sözlərinə görə, region Ermənistandan gündə təxminən 400 ton zəruri mallar, o cümlədən ərzaq, gigiyena vasitələri, dərmanlar, məişət əşyaları və mülki şəxslərin humanitar ehtiyacları üçün həyati əhəmiyyət kəsb edən digər əşyalar idxal edir.

Yol həm də yanacaq, dizel və benzin idxal etmək üçün istifadə olunur.

Yol geniş ictimaiyyət və yüklərin daşınması üçün bağlı qalsa da, Azərbaycan hökuməti bildirir ki, içərisində humanitar yüklərin olduğu iddia edilən bir neçə Rusiya sülhməramlı yük maşınının keçməsinə icazə verilib. Bu barədə Azərbaycan yerli mediasında video-görüntülər də var.

“Human Rights Watch” təşkilatı bildirir ki, yola və onun ətrafındakı əraziyə nəzarət edənlər, yəni Azərbaycan hakimiyyəti və Rusiya sülhməramlı qüvvələri humanitar yük daşıyan maşınların keçə bilməsini və hərəkət azadlığının bərpasını təmin etməlidir.

HRW bildirir ki, etirazçıların həqiqi ekoloji narahatlıqları və ya digər şikayətləri olub-olmamasından asılı olmayaraq, Azərbaycan etirazçılarla yolun açıq qalmasını və etirazın Dağlıq Qarabağ sakinlərinin əsas xidmətlərdən istifadə hüquqlarını əsirgəməyəcəyi şəkildə qarşılıqlı əlaqədə olmaqla, dinc etiraz hüququnu asanlaşdırmalıdır.

Etirazın ilk günlərində Ermənistandan Azərbaycanın nəzarətində olan ərazilərdən keçən boru kəməri ilə Dağlıq Qarabağa verilən təbii qazın kəsilməsi humanitar vəziyyəti daha da gərginləşdirib.

“Azəriqaz” İstehsalata Birliyi bəyan edib ki, Azərbaycan qazın kəsilməsinə görə məsuliyyət daşımır.

Dekabrın 16-da qazın verilişi bərpa olunub.

Ermənistan mediasının Xankəndidə insanlardan hazırladığı reportajlarda da qeyd edilir ki, qazın verilişi bərpa edilib, lakin əvvəlki kimi deyil, zəifdir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Laçın yolunun bağlanmasının humanitar fəlakət yaradacağı iddiasını rədd edib.

O, bu açıqlamanı dekabrın 13-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə səsləndirib.

Hikmət Hacıyev aksiyaçıların mülki təyinatlı avtomobillərin hərəkətinə qarışmadıqlarını deyib.

Ana səhifəSiyasətHRW: Yerevana getmiş azyaşlılar hazırda evlərinə qayıda bilmir