HRW: Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı cəzalandırıcı cinayət ittihamları irəli sürür

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

“Həbslər köhnə tendensiyanın son nümunəsidir”

Azərbaycan hakimiyyəti korrupsiyanın araşdırılması və ifşası ilə tanınan müstəqil “AbzasMedia”nın rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızını həbs edib. Həmçinin “AbzasMedia” ilə işləyən sosial sahibkar Məhəmməd Kekalovu saxlayıb.

İnsan haqları təşkilatı olan “Human Rights Watch”un yaydığı bəyanatda belə deyilir.

Bildirilir ki, jurnalistlər qaçaqmalçılıq kimi saxta ittihamlarla saxlanıb, həbs edilib. Təqsirli bilinərlərsə, 8 ilədək azadlıqdan məhrum ediləcəklər.

Noyabrın 21-də Xətai rayon Məhkəməsi “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızını 4 ay müddətinə həbs edib.

Təşkilat qeyd edir ki, jurnalistlər qaçaqmalçılıq kimi saxta ittihamlarla üzləşib. Lakin məhkəmə onları uzun müddət həbsdə saxlamaq üçün heç bir konkret fakt təqdim etməyib.

Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür”, – “Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qoqia bildirib.

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun həbsləri köhnə tendensiyanın son nümunəsidir. Onlar dərhal azad edilməlidir”, – o əlavə edib.

Bəyanatda bildirilir ki, maskalı polis əməkdaşları Ülvi Həsənlini noyabrın 20-də Moldovada olan tədbirdə iştirak etmək üçün planlaşdırdığı səfərdən əvvəl saxlayıb. Bir gün sonra Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən, hava limanında saxlanıb.

“Yerli mətbuat xəbər verir ki, polis noyabrın 20-də Kekalovu evində saxlayıb. Noyabrın 22-dək Daxili İşlər Nazirliyi onun saxlanmasını təsdiqləyərək, Həsənli və Vaqifqızı ilə eyni cinayət işi üzrə araşdırıldığını bildirənədək onun harada olduğu bəlli olmayıb. O, barəsində həbs qətimkan tədbiri seçilməsini gözləyir”.

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov. Foto: Meydan TV

Noyabrın 20-də polis Ülvi Həsənlinin evində və “Abzas Media”nın ofisində axtarış aparıb. Ofisdən 40.000 avro nağd pul tapdığını bildirib.

“AbzasMedia”nın yaydığı səs yazısında Ülvi Həsənli həbs zamanı və saxlandıqdan sonra polisin onunla pis rəftar etdiyini iddia edib.

Vəkili Zibeydə Sadıqova “Human Rights Watch”-a Həsənlinin üzündə qançırlar olduğunu təsdiqləyib.

Prokurorluq iddia edib ki, Həsənli, Vaqifqızı və Kekalov qabaqcadan əlbir olub, Azərbaycana külli miqdarda pul keçiriblər.

Jurnalistlər bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə görə hədəf alındıqlarını bildirirlər.

Bu yazıya qədər Kekalovun ailəsinin onun üçün tutduğu vəkilə çıxışı olmayıb.

AbzasMedia”dakı səs yazısında Həsənli bildirib ki, polis ondan niyə Dağlıq Qarabağdan yox, korrupsiyadan xəbər verdiyini soruşub”.

HRW bildirir ki, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının əsassız həbsə qarşı təminatlarını pozub:

Həsənli və Vaqifqızının həbsi mücərrəd və əsassızdır. Müstəntiqlər onların qaçacaqlarını, istintaqa müdaxilə edəcəklərini və ya başqa cinayət törədəcəklərini iddia edərək, barələrində həbs tədbiri seçib. Lakin bu iddiaları təsdiqləyən heç bir sübut təqdim etməyiblər”.

“Human Rights Watch” təşkilatı bildirib ki, məhkəməyəqədər həbs qətimkan tədbiri təqsirləndirilən şəxs üçün aidiyyəti olan konkret faktlar və şəxsi şəraitlə əsaslandırılmış son tədbir olmalıdır.

“AbzasMedia” tez-tez ölkədəki korrupsiya faktları barədə məlumat verən, müstəqil, onlayn xəbər platformasıdır. Həsənli həm də NİDA gənclər hərəkatının keçmiş üzvüdür, İdarə Heyətinin üzvləri 2014-cü ildə saxta cinayət ittihamı ilə təqib olunaraq, həbs edilib. Vaqifqızı Azərbaycanın tanınmış araşdırmaçı jurnalistidir. Əvvəllər o, prezident, onun ailəsi və kabinet üzvləri ilə bağlı iddialar da daxil olmaqla, yüksək səviyyəli korrupsiya faktlarını sənədləşdirib və ifşa edib. Azərbaycan hakimiyyəti onun 2015-2019-cu illər arasında xaricə səyahətinə qadağa qoyub. 2021-ci ildə Vaqifqızı İsrailin “NSO Group” adlı casus proqram şirkəti tərəfindən hazırlanmış və bir neçə xarici ölkə tərəfindən istifadə edilən “Pegasus” proqramının hədəfində olub”.

Giorgi Qoqia. Foto: “hrw.org”

Bəyanatda Məhəmməd Kekalov barəsində də məlumat verilib. Qeyd edilib ki, o, “AbzasMedia” ilə əməkdaşlıq edib, həmçinin əlilliyi olan şəxslərin hüquqlarına və inklüzivliyinə sadiq sosial sahibkardır. O, 2019-cu ildə əlilliyi olan şəxslərin rahat istifadəsi üçün paltar dizayn edən, əlçatan moda brendi yaradıb.

Bütün baş verənlər birbaşa jurnalistika ilə bağlıdır. Biz həbs edilənlərin dərhal azad edilməsini tələb edirik. Həsənli, Vaqifqızı və Kekalovun həbsi tanınmış alim və fəal Qubad İbadoğlunun saxta pul hazırlamaq, əldə etmək və ya satmaq, ekstremizmdə ittiham olunaraq iyulda həbs olunmasından sonra baş verib. İttihamlar fərqli olsa da, məqsəd eynidir: hökumət tənqid edənlərin səsini kəsərək, Azərbaycanda cəsur jurnalistlərə və fəallara soyuq siqnallar göndərir”, – Qoqia deyib.

Ana səhifəSiyasətHRW: Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı cəzalandırıcı cinayət ittihamları irəli sürür