”AB sözünün üstündə dayanmalı, Əliyevin müxaliffikirli qüvvələrə basqısını gözardı etməməlidir”
Fevralın 6-da İlham Əliyevin Brüsseldə Avropa Birliyi rəsmiləri ilə görüşü gözlənilir. Dövlət başçısı Azərbaycanla AB arasında razılaşma ilə bağlı danışıqların açılışına gedib. Onun Avropa Komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk və digər rəsmi şəxslərlə görüşü olmalıdır.
Görüş ərəfəsi 76 insan haqları təşkilatı AB rəsmilərinə məktub göndərib. Onlar qurumu bu görüşlərdən yararlanmağa, İlham Əliyevin qarşısına konkret öhdəliklər qoymağa çağırıblar.
”Avropa Birliyi cəsarətli hüquq müdafiəçilərini həmişə tərifləyib”
“Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı görüşöncəsi bəyanat yayıb. Təşkilat AB rəsmilərini İlham Əliyevə təzyiq göstərməyə çağırır:
“Avropa Birliyi (AB) rəsmiləri prezident İlham Əliyevə təzyiq göstərməlidirlər. Onu siyasi fəalları, jurnalistləri və hökuməti tənqid edənləri həbsdən buraxmağa, müstəqil qruplara basqını dayandırmağa, onların fəaliyyətinə imkan verməyə çağırmalıdırlar”.
Azadlıq Radiosunun məlumatına görə, bəyanatda xatırlanır ki, Avropa Birliyi cəsarətli hüquq müdafiəçilərini həmişə tərifləyib, onlara arxa duracağına söz verib.
HRW-nun direktoru Lotte Leicht bildirib ki, AB ilə Azərbaycanın yeni əməkdaşlıq dönəminə qədəm qoyduğunu nəzərə alsaq, qurumun həmin vədlərinə əməl etməsinin zamanıdır:
“AB sözünün üstündə dayanmalı, Əliyevin müxaliffikirli qüvvələrə basqısını, insan haqları məsələsini gözardı etməməlidir”.
“Əməkdaşlığı konkret irəliləyiş olmadan dərinləşdirmək başqa təsəvvür yarada bilər”
L.Leicht bildirib ki, AB-nin Azərbaycanla işbirliyi Lissabon razılaşmasının 21-ci maddəsinə uyğun aparılmalı, demokratik prinsiplər, qanunun aliliyi, insan haqları və fundamental azadlıqlarla bağlı prinsiplərə əməl edilməlidir.
Azərbaycanla danışıqlarda AB-nin gözləntiləri – insan haqları ilə bağlı durumun inkişafı, o cümlədən siyasi fəalların və jurnalistlərin təcili və şərtsiz azadlığa buraxılması baxımından gözləntiləri vurğulanmalıdır.
“Əməkdaşlığı konkret irəliləyiş olmadan dərinləşdirmək Azərbaycanda ədalətsizlik nəticəsində həbsə atılmış, ya da hökumətin bütün basqılarına rəğmən fəaliyyət göstərən insanlarda AB-nin onlardan imtina etməsi, onları başlı-başına buraxması kimi təsəvvür yarada bilər”, – o, sözlərinə əlavə edib.
“Siyasi fəallar həbslə cəzalandırılır”
HRW 2016-cı ildə Azərbaycan hökumətinin məhz beynəlxalq təzyiqlərəgörə 17 nəfəri –siyasi motivlərlə həbs olunmuş hüquq müdafiəçiləri və jurnalistləri, siyasi məhbusları azadlığa buraxdığını xatırladır. Ancaq 2016 və 2017-ci illərdə hökumətin basqısının daha da gücləndiyini, onlarla siyasi fəalın, bloqqerlərin müxtəlif ittihamlarla, çox vaxt da narkotiklə bağlı cinayətlərdə, ya da qanunsuz silah saxlamaqda, vergidən yayınmaqda, xuliqanlıqda, təxribatda, bəzənsə dövlət xəyanətdə günahlandırılaraq içəri salındığını, uzunmüddətli həbslə cəzalandırıldığını qeyd edir.
Bəyanatda bildirilib ki, 2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazan iki gənc – Bayram Məmmədov və Qiyas İbrahimov tutulub. Onları narkotiklə bağlı cinayətlərdə günahlandırıblar, hərəsinə 10 illik həbs cəzası verilib. Gənclərin NİDA Vətəndaş Hərəkatının digər üzvü Elgiz Qəhrəman da oxşar cinayətdə günahlandırılıb, 5 il yarım həbs cəzası alıb.
Təşkilat son illər Azərbaycan hökumətinin müstəqil qrupların, tənqidi jurnalistikanın fəaliyyətini məhdudlaşdırmaq cəhdlərini artırdığını, bundan ötrü təqib və həbslərə əl atmaqla yanaşı, sərt qanun və qaydaların da müstəqil təşkilatların fəaliyyətinə imkan vermədiyini vurğulayır. 2013-2015-ci illərdə siyasi motivlərlə həbs edilmiş onlarla şəxsin, o cümlədən REAL Hərəkatının lideri İlqar Məmmədovun hələ də həbsdə olduğunu qeyd edir. Halbuki Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətinə müraciət etmiş, onun azadlığa buraxılmasını istəyib. Avropa İnsan Haqları Məhkəməsi isə İlqar Məmmədovun həbsinin siyasi xarakterli olması barədə hələ 2014-cü ildəqərar çıxarıb.
“Human Rights Watch” azadlığa çıxan siyasi fəalların sonrakı təqiblərdən qurtarmaq niyyətilə ölkəni tərk etdiyini, bəzilərinin – araşdırmaçı jurnalist Xədicə İsmayılın, vəkil İntiqam Əliyevin ölkədən çıxışının yasaqlandığını, bəzilərininsə fəaliyyətini, sadəcə, dayandırdığını bildirir.
“Vətəndaş cəmiyyətinə basqıları artırdığına görə Azərbaycan hökuməti Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) qurumunun tələblərilə üz-üzədir. 2015-ci ildə Azərbaycanın qurumdakı statusu tam üzvlükdən namizədliyə qədər azaldılıb. 2016-cı ildə də EITI Azərbaycanın statusunu dəyişməkdən imtina edib və ölkədə insan haqlarıyla bağlı durumu inkişaf etdirmək, QHT-lərin fəaliyyətinə şərait yaratmaq məqsədilə islahatlar aparılmasını istəyib. Hökumət bu tələblərə cavab olaraq bəzi qaydaları dəyişib, ancaq bu səthi dəyişikliklər duruma təsir etməyib”,-deyə bəyanatda qeyd olunub.