Qəbələ rayonu

Mənbə: Meydan TV

Başlıq: Qəbələ rayonu

“Şəhərin mərkəzində kənd həyatı yaşayırıq”

Qəbələ sakinləri: “İşıq zəif, su və qaz isə ümumiyyətlə, yoxdur”

“Şəhərin mərkəzində susuz, qazsız yaşayırıq. İndi hansı dövrdür ki, biz odun sobası yandıraq? Üstəlik, qazın olmaması ağac kəsilməsi deməkdir. Bu da ekologiyaya ciddi ziyan vurur”.

Qəbələdəki Zərifə Əliyeva küçəsinin sakini Əmrah Mürşüdov belə deyir.

“İşıq zəif, su isə tamamilə yoxdur”

Əmrah Mürşüdov maşınlardan su satın almaqdan bezdiklərini söyləyir. Deyir, işləmir, iş tapmaq da çətindir. Suyu pulla almaqdan tamam müflis olub:

“Budur, axşam evə 2 oğlum gələcək. İşləyiblər, yorğun olacaqlar. Ancaq əllərini yumağa bir qram su tapmayacaqlar, çünki gəlməyib, yoxdur. Baxın, çənlərimiz bomboşdur. Bu, yaşayış deyil. Küçənin başında kiçik bir transformator var. 500-dən çox evə işıq verir. 220 vatlıq sobanı işlədə bilmirik. İşıq çox zəifdir”.

Əmrah Mürşüdov

Əmrah Mürşüdov

Mənbə: Meydan TV

“Pulu olan qaz çəkdirir, kasıb isə soyuqdan donur”

Əmrah Mürşüdov deyir ki, dərd az deyil. Elə qaz da problemdir. Məhəllələrində bəzi evlərdə qaz var, bəzilərində isə yoxdur:

“Yəni pulu olan qaz çəkdirir, kasıb isə soyuqdan donur. Bu da şəhər həyatı. Odun, soba və his. Baxın, qaz borusu evimizin düz önündən keçir, lakin bizdə qaz gəlmir. Evdə isə uşaq, yaşlı, xəstə - bir sözlə, geniş ailəyik. Qaz olmadan yemək hazırlamaq, evi isitmək çətindir”.

“Qaz çəkmək üçün bizdən pul tələb edirlər”

Sakinlər deyirlər ki, dəfələrlə yığışıb Qəbələ Rayon İcra Hakimiyyətinə gediblər. Hər dəfəsində də “layihə yoxdur, yazılıb, amma təsdiqlənməyib”, - cavabını alıblar. Sakinlər bildirirlər ki, onlardan borcuların alınması üçün tələb edilən pulu versələr, evlərində çoxdan qaz olardı:

"Pulu olan qaz çəkdirir, kasıb isə soyuqdan donur."

"Pulu olan qaz çəkdirir, kasıb isə soyuqdan donur."

Mənbə: Meydan TV

“Necə ki, bu pulu verib, qaz çəkdirənlər var. Bizim isə imkanımız yoxdur. Az pul deyil, hər ailədən 1560 manat istəyirlər. Pulu olmayan, o pulu verə bilməyən qalır qazsız. Hələ bunun ustapulu, çəkiliş xərcləri var. Yəqin onlarla birgə 2 min manata çıxır. Dövlət hər yerə qaz verir, bizdən isə pul tələb edirlər. Əminik ki, bunu məmurlar edirlər, əslində belə bir ödəniş yoxdur”, - sakinlər bildirirlər.

“Bu, inkişaf etmiş, neft-qaz ölkəsinə yaraşmır”

Sakinlər deyirlər ki, hər dəfə görüşə gedəndə onları yola verir, evə göndərirlər. Onlar bundan beziblər:

“Hər dəfə bizi bir yalanla yola salırlar. Budur, qış qapıdadır. Görünür bu il də soyuqdan donacağıq. Uşaqlarımız tez-tez xəstələnəcək”, - sakinlərdən Bəsti Hüseynova belə deyir. Əlavə edir ki, qışı evində kərmə yandırır. Bu, inkişaf etmiş, neft-qaz ölkəsinə yaraşmır:

"Hər dəfə şikayət edirik, deyirlər, “gərək layihə təsdiqlənə".

"Hər dəfə şikayət edirik, deyirlər, “gərək layihə təsdiqlənə".

Mənbə: Meydan TV

“Özü də şəhərin mərkəzində yaşayırıq. 10 ildir salınıb bu məhəllə. Yeni də deyil. Və biz 10 ildir ki, zülmdəyik. Tək çarəmiz qalıb, o da yolu kəsmək”.

“Donuruq, deyirlər, “layihə yoxdur””

Sakinlərdən Fəxrəddin Musayev ailəsi ilə birgə 7 ildir köçüb Zərifə Əliyeva küçəsinə. Deyir, elə o vaxtdan da işıq zəif, su zəif, qaz isə yoxdur:

“Bezmişik. İstəyirik bizə də qaz versinlər. Həyətimdə odun var, alıram. O da çox bahadır, çatdırmaq olmur. Hər dəfə şikayət edirik, deyirlər, “gərək layihə təsdiqlənə. Təsdiqlənsə, Zaqataladan gəlib çəkəcəklər. Bizlik deyil”. Necə olur ki, bu layihə bir ev üçün təsdiqlənir, digəri üçün yox. Burada, bizim küçənin bəzi evlərində qaz var. Deməli, istəsələr, bizə də çəkə bilərlər. Odun sobası yandırırıq. Yoxsa elektrik xətləri daha da yüklənər. İşıq lap zəif olar. Eyni zamanda, xərcimiz çox çıxır. 18 yaşına çatan kimi balalarımızı alıb aparırlar əsgərliyə. Amma onların hansı çətinliklə, nə məhrumiyyətlərlə, necə şəraitsizlikdə böyütdüyümüzlə kimsə maraqlanmır. Donuruq, deyirlər, “layihə yoxdur”. Buna biz nə edək?”

Fəxrəddin Musayev

Fəxrəddin Musayev

Mənbə: Meydan TV

“Türmədə su da var, işıq da, qaz da, amma bizdə yoxdur”

Sakinlərdən Telman Abdullayev isə artıq məhəllələrinə mavi yanacaq çəkiləcəyinə inanmır. Deyir, indiyə qədər çox şikayətlər ediblər, baxan olmayıb. Odur ki, elə bilir heç vaxt evlərində qaz olmayacaq:

“Deyirlər, bizə qaz çəkməyə pulları yoxdur. Kim köçürməlidir o pulu? Bəs necə olur ki, bəzi evlərdə qaz var, bəzilərində yoxdur? Türmədə su da var, işıq da, qaz da, amma bizdə yoxdur. Elə hamımızı tutub içəri bassalar bundan yaxşı yaşayarıq”.

Telman Abdullayev

Telman Abdullayev

Mənbə: Meydan TV

“İmkanlı Azərbaycan vətəndaşı olur, kasıb olmur?”

Sakinlərdən Nərgiz Hüseynova sual edir. Deyir, imkanlı Azərbaycan vətəndaşı olur, kasıb olmur? Niyə imkanlılara qaz çəkilir, kasıblara yox:

“Bunların işindən belə çıxır. Suyumuz, işığımız var, pulunu vaxtında veririk. Qazı da ki, pulu olan çəkdirir, biz qalmışıq pis durumda. Qaz hamıya lazımdır. Hətta kəndlərdə var, bizdə yoxdur. Hər yerdə şərait var, biz də istəyirik. Vallah çətindir, qışı dolanmaq olmur”.

Sakinlər şikayətlənirlər ki, problemləri ilə bağlı dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyətində olublar. Qurum onların şikayətlərinə baxmayıb:

Nərgiz Hüseynova

Nərgiz Hüseynova

Mənbə: Meydan TV

“Çəkmirlər. Elə su da ondan betərdir. Pandemiyadır, xəstəlik yayılıb. Deyirlər, təmizlik lazımdır, lakin biz əlimizi yuya bilmirik”.

Müharibədən sonra həll ediləcək?

Qəbələ Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, vətəndaşların şikayətləri ilə maraqlanacaqlar:

“Dəqiq maraqlanaq görək nədir problem. Çalışacağıq kömək edək”.

Küçənin sakinləri isə Meydan TV-yə deyiblər ki, şikayətdən sonra icra hakimiyyəti onların problemləri ilə maraqlanıb. Sakinlərdən müharibə bitənəcən vaxt istəyib. Problemlərinin müharibədən sonra həll ediləcəyini deyib.

Bəsti Hüseynova

Bəsti Hüseynova

Mənbə: Meydan TV

Dövlət Neft Şirkətinin rəsmi məlumatında bildirilir ki, ölkə üzrə qazlaşdırma 90 faizi ötüb. Reallıqda isə rayonlardakı onlarla kəndə, məhəllədə qaz yoxdur. Onların içində Qəbələnin Zərifə Əliyeva küçəsi də var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k88b6i

Ən çox baxılan